RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİNCƏNUB BÖLGƏSİNƏ SƏFƏRİ
LERİK RAYONUNA TƏBİİ QAZIN VERİLMƏSİ MÜNASİBƏTİLƏ TƏNTƏNƏLİ MƏRASİM KEÇİRİLMİŞDİR
Dövlətimizin başçısını Lerik qəsəbəsinin girəciyində rayon ağsaqqalı, fermer Xanış Şahıyev və ailə üzvləri hərarətlə qarşıladılar. Prezident İlham Əliyev dedi ki, keçən il Lerikə yolun açılışına gəlmişdim, bu il isə qaz xəttinin açılışına gəlmişəm. İnşallah, bundan sonra daha da çox gələcəyəm.
Xanış Şahıyev əziz qonağa ürəkdən təşəkkür edərək dedi ki, Allah qoysa, torpaqlarımız da azad olunacaqdır. Sən leriklilərə söz verdin ki, yoldan sonra qaz xətti çəkdirəcəksən, rayona bundan sonra tez-tez gələcəksən. Bu gün rayonun hər yerində deyirlər ki, İlham Əliyev yeganə insandır ki, dediyi sözə əməl edir. Ona görə Allah da onunladır. Dünyada ən böyük gözəllik budur. Bu gün sənin rayona gəlişin əziz Ramazan bayramı gününə təsadüf edir. Bu, elə-belə, adi təsadüf deyildir.
X X X
Rayonun mərkəzi meydanına toplaşan minlərlə sakin dövlətimizin başçısını böyük hörmət və ehtiramla qarşıladı. Onların əllərində Prezidenti salamlayan şüarlar, ulu öndərin və Prezident İlhan Əliyevin portretləri və Azərbaycanın dövlət bayraqları var idi.
Prezident İlham Əliyev əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoydu, sonra Lerik rayonuna ilk dəfə olaraq təbii qazın verilməsini bildirən məşəli alovlandırdı.
Lerik və Yardımlı rayonlarının qazlaşdırılması üçün hələ ötən əsrin 80-ci illərində layihə-smeta sənədləri hazırlanmış, 90-cı illərdə müəyyən işlər görülmüşdü. Lakin bu layihə yarımçıq qalmış, o vaxt çəkilmiş borular da yararsız hala düşmüşdü. Prezident İlham Əliyev 2005-ci ilin payızında bu bölgəyə səfəri zamanı həmin rayonların qazlaşdırılması barədə tapşırıq vermişdir. Qısa müddətdə “Azəriqaz” Qapalı Səhmdar Cəmiyyəti Lerik və Yardımlı rayonlarının qazlaşdırılması üçün layihə-smeta sənədləri və texniki-iqtisadi hesabat hazırlayaraq işə başlamışdır. Smeta dəyəri 11,5 milyon manat olan layihə başa çatdırılmışdır.
Təbii qazın verilməsi münasibətilə keçirilən mərasimi rayon icra hakimiyyətinin başçısı Füzuli Hacıyev açdı.