RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ATƏT-İN HAZIRKI SƏDRİ SOLOMON PASSİ İLƏ TƏKBƏTƏK GÖRÜŞÜ
Hörmətli qonağı səmimiyyətlə salamlayan və onun Azərbaycana səfərindən məmnun qaldığını bildirən Prezident İlham Əliyev ölkəmizdə bütün sahələrdə həyata keçirilən islahatların müsbət nəticələri barədə məlumat vermiş, Azərbaycanda demokratik proseslərin getdiyini və əsas xəttin Avropaya inteqrasiyadan ibarət olduğunu və bu siyasətin gələcəkdə də davam etdiriləcəyini söyləmiş, həyata keçirilən mühüm irimiqyaslı beynəlxalq layihələrdə respublikamızın iştirakının əhəmiyyətindən danışmışdır.
Cənab Solomon Passi respublikamızda görülən işləri və Avropaya inteqrasiya prosesini yüksək qiymətləndirmiş, ATƏT-ə üzv ölkələrlə daha sıx inteqrasiya üçün Azərbaycana hər cür yardım göstəriləcəyini söyləmişdir.
Söhbət zamanı ölkəmizin ən ağrılı və ciddi problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunulmuş, münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in və Minsk qrupu həmsədrlərinin səylərinin gücləndirilməsinin vacib olduğu vurğulanmışdır. Belə bir əminlik ifadə edilmişdir ki, Cənubi Qafqaz bölgəsi üçün böyük təhlükə yaradan bu problem tezliklə beynəlxalq hüquq normaları əsasında ədalətli həllini tapacaqdır. Eyni zamanda xüsusi vurğulanmışdır ki, münaqişənin həlli Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, qaçqınların və məcburi köçkünlərin öz doğma yurd-yuvalarına qayıtması şərtilə mümkündür.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır.