RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BƏYANATI
Azərbaycanda biz ikitərəfli münasibətlərin inkişafına böyük əhəmiyyət veririk və ümidvaram ki, Yaponiyaya rəsmi səfərim ölkələrimiz arasında əlaqələrin inkişaf etdirilməsi üçün yeni imkanlar açacaqdır.
Bizim siyasi münasibətlərimiz çox yüksək səviyyədədir və beynəlxalq təşkilatlar çərçivəsində bir-birimizi dəstəkləyirik. Baş nazirin qeyd etdiyi kimi, biz keçirdiyimiz görüş zamanı regional sabitlik və təhlükəsizlik, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi məsələlərini müzakirə etdik.
Mənim Yaponiyaya səfərim zamanı yapon və azərbaycanlı iş adamlarının iştirakı ilə Azərbaycan-Yaponiya biznes forumu keçirilmiş və vacib iqtisadi məsələlər müzakirə olunmuşdur. Əminəm ki, bu təmaslardan sonra görüşlərin praktik nəticələri olacaqdır. Mənim Yaponiya şirkətlərinin rəhbərləri, bank və digər maliyyə təsisatlarının nümayəndələri ilə görüşlərim zamanı iqtisadi əməkdaşlığımıza və Azərbaycanın sənaye inkişafına dair müxtəlif məsələləri nəzərdən keçirdik.
Ölkələrimizin iqtisadi inkişafı ilə bağlı bizim çox böyük planlarımız var. Onların həyata keçirilməsi üçün bizim maliyyə resurslarımız mövcuddur. Bizə yaxşı tərəfdaşlar, müasir texnologiyalara, bilik və bacarığa malik şirkətlər lazımdır və siz bilirsiniz ki, Yaponiya bu sahədə dünyada aparıcı ölkədir.
Göstərdiyi qonaqpərvərliyə və nümayəndə heyətimizi səmimiliklə qəbul etdiyinə görə mən bir daha Yaponiya hökumətinə və xalqına dərin minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, bütün sahələrdə apardığımız əməkdaşlıq gələcəkdə daha da möhkəmlənəcəkdir.