RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN BELÇİKA KRALLIĞINA İŞGÜZAR SƏFƏRİ
Dövlətimizin başçısını Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov yola saldılar.
X X X
Azərbaycan Prezidenti İlham Əliyev həmin gün Brüsselə gəldi. Dövlətimizin başçısını hava limanında Avropa Komissiyasının protokol xidmətinin rəhbəri Jak de Baynts, Avropa Komissiyasının Azərbaycandakı xüsusi elçisi Antonius de Vriz, ölkəmizin Belçika Krallığındakı səfiri Mirhəmzə Əfəndiyev, Azərbaycan Respublikasının Avropa Birliyi yanındakı nümayəndəliyinin başçısı Arif Məmmədov hörmət və ehtiramla qarşıladılar.
Prezident İlham Əliyev maşın karvanının müşayiəti ilə onun üçün ayrılmış “Conrad” mehmanxanasına gəldi.