RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÇIXIŞI
-Hörmətli cənab Prezident!
Hörmətli qonaqlar!
Əziz dostlar!
Bu gün Rumıniya-Azərbaycan münasibətlərinin tarixində çox əlamətdar bir gündür. Rumıniya mədəniyyətinin ən görkəmli simalarından biri olan Corce Eneskunun abidəsi ucaldılıb və bu gün biz bu abidənin açılışında bərabər iştirak edirik. Mən bu münasibətlə hamınızı ürəkdən təbrik edirəm.
Corce Enesku həm dahi bəstəkar, həm dirijor, həm də mahir musiqiçi olubdur. Onun əsərləri - opera, simfoniya və sonataları müasir rumın musiqisinin əsasını qoymuşdur. Corce Enesku dünya mədəniyyət xəzinəsinə çox böyük töhfəsini vermişdir. Bununla bərabər, Corce Eneskunun ictimai fəaliyyəti də çox geniş olmuşdur. O, Rumıniya Bəstəkarlar Cəmiyyətinin təsisçisi və prezidenti olmuşdur, antifaşist hərəkatında da çox fəal iştirak etmişdir.
Mən çox şadam ki, bu gün Rumıniya Prezidenti cənab Beseskunun iştirakı ilə biz bu abidənin açılışında iştirak edirik. Bu bir daha onu göstərir ki, bizim aramızda olan münasibətlər dostluq, qardaşlıq əsasında qurulmuşdur. Prezident Beseskunun Azərbaycana səfəri bu münasibətlərin inkişafında çox böyük rol oynayır.
Ölkələr arasında münasibətlərin inkişafında insanlar arasında münasibətlər də mühüm rol oynayır. Xalqların görkəmli xadimlərinin xatirəsinin hörmətlə yad edilməsi də, şübhəsiz, bizim münasibətlərimizin inkişafında çox böyük rol oynayacaqdır.
İki il bundan əvvəl Rumıniyanın paytaxtı Buxarest şəhərində, gözəl parkda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsi ucaldılmışdır. Bu yaxınlarda parka Heydər Əliyevin adı verilmişdir. Onu da qeyd etmək istəyirəm ki, abidənin ucaldılması üçün müvafiq qərarları şəhər meriyası vermişdir. 2004-cü ildə Buxarest şəhərinin meri cənab Besesku idi və ulu öndər Heydər Əliyevin abidəsi Rumıniya paytaxtında onun şəxsi təşəbbüsü və iştirakı ilə ucaldılmışdır. Mən buna görə bütün Azərbaycan xalqı adından cənab Beseskuya öz minnətdarlığımı bildirmək istəyirəm.
Bizim münasibətlərimiz hərtərəflidir, çoxşaxəlidir. Siyasi müstəvidə çox fəal əməkdaşlıq edirik. Rumıniya Azərbaycanı daim dəstəkləyən ölkədir. İqtisadi əlaqələrimiz inkişaf edir. Bütün başqa sahələrdə ikitərəfli münasibətlərimiz bizi tam şəkildə qane edir. Çox sevindirici haldır ki, humanitar sahədə də əlaqələr genişlənir. Əminəm ki, dahi bəstəkar Corce Eneskunun abidəsinin ucaldılması bu işdə çox önəmli bir addım və çox önəmli bir qərardır.
Əziz dostlar, bu abidənin açılışı münasibətilə sizi bir daha ürəkdən təbrik edirəm. Arzu edirəm ki, Rumıniya-Azərbaycan münasibətləri bundan sonra da sürətlə inkişaf etsin və bizim xalqlarımız bir-birinə daha da yaxın olsunlar.