RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSAYA RƏSMİ SƏFƏRİ
AZƏRBAYCAN PREZİDENTİNİN XANIMI MEHRİBAN ƏLİYEVA PARİSİN UŞAQ XƏSTƏXANASINDA OLMUŞDUR
Prezidentin xanımına məlumat verildi ki, dövlətə məxsus olan bu xəstəxanaya Fransa Prezidenti Jak Şirakın xanımı hamilik edir. Onun təşəbbüsü ilə ildə bir dəfə “Sarı qəpik” adlı xeyriyyə marafonu keçirilir. Həmin marafondan əldə edilən vəsait müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqların burada müalicəsinə və reabilitasiyasına sərf olunur.
Mehriban xanım Əliyeva Azərbaycanın bu klinika ilə əlaqələrinin yaranması zərurətini, talassemiyadan və digər xəstəliklərdən əziyyət çəkən azərbaycanlı uşaqların bu xəstəxanada müalicə və reabilitasiya imkanlarının nəzərdən keçirilməsinin vacibliyini vurğuladı. O, klinikanın çoxillik təcrübəsindən Azərbaycanın da bəhrələnməsi imkanlarının araşdırılacağını söylədi.
Qeyd edildi ki, səhhətlərində problem olan uşaqların sağlamlıqlarının klinikada bərpası ilə yanaşı, burada onların bilik və bacarıqlarının üzə cıxması üçün hər cür şərait yaradılması humanizm nöqteyi-nəzərindən xüsusi əhəmiyyətə malikdir.
Sonra klinikadakı uşaqlara hədiyyələr təqdim olundu.