RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSAYA RƏSMİ SƏFƏRİ

TULUZA ŞƏHƏRİNDƏKİ “AİRBUS” TƏYYARƏ ZAVODU İLƏ TANIŞLIQ

Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tuluza şəhərinə gəldi. Hava limanında dövlətimizin başçısını şəhərin rəhbər şəxsləri, “Airbus” şirkətinin prezidenti cənab Forgeard və şirkətin baş direktoru cənab Humbert səmimiyyətlə qarşıladılar.

Prezident İlham Əliyev hava limanından birbaşa dünyada məşhur olan “Airbus” təyyarə zavoduna gəldi. Əvvəlcə cənab Forgeard Azərbaycan dövlətinin başçısına şirkətin tarixi, burada istehsal olunan təyyarələr haqqında ətraflı məlumat verdi. Qeyd olundu ki, “Airbus”un zavodlarında istehsalına başlanan A-360 və A-380 airbusları elmin və texnikanın son nailiyyətlərinə əsaslanır. 360-380 sərnişinlik rahat salonu olan bu təyyarələr bir neçə ildən sonra xətlərə buraxılacaqdır.

Prezident İlham Əliyev təyyarələrin yığıldığı sexləri gəzdi, beynəlxalq standartlara cavab verən müasir texnologiya, təyyarələrin salonları ilə tanış oldu və yeni “Airbus”un sükanı arxasında əyləşdi.

Zavodla tanışlıqdan sonra dövlətimizin başçısı Xatirə kitabına ürək sözlərini yazdı.

Azərbaycan Prezidenti İlham Əliyevə xatirə hədiyyəsi - təyyarə maketi təqdim olundu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin