RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSAYA RƏSMİ SƏFƏRİ
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSA BEYNƏLXALQ ƏLAQƏLƏR İNSTİTUTUNDA GÖRÜŞÜ
İnstitutun binası qarşısında Azərbaycan dövlətinin başçısını institutun direktor müavini cənab dö Vilpen, Fransanın dövlət və hökumət nümayəndələri qarşıladılar.
Prezident İlham Əliyev institutun fəxri qonaqlar kitabını imzaladı.
Sonra Fransanın siyasi xadimlərinin, diplomatların və jurnalistlərin iştirakı ilə görüş başlandı.
İnstitutun direktor müavini cənab dö Vilpen Azərbaycan Prezidenti İlham Əliyevi görüş iştirakçılarına təqdim edərək, onun beynəlxalq aləmdə kifayət qədər tanınmış və diplomatiya sahəsində böyük təcrübəyə malik siyasətçi olduğunu söylədi. O, əmin olduğunu vurğuladı ki, Azərbaycan Respublikasının Prezidenti kimi İlham Əliyevin ilk səfərini Fransaya etməsi Fransa-Azərbaycan əlaqələrinin inkişafında yeni mərhələnin başlanğıcı olacaqdır.
Sonra Prezident İlham Əliyevə söz verildi.