Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSAYA RƏSMİ SƏFƏRİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN NİTQİ

- Çox sağ olun, bu nəzakətli təqdimata görə minnətdaram.

Əziz xanımlar və cənablar!

Beynəlxalq Əlaqələr İnstitutuna dəvət olunmaq mənim üçün böyük şərəfdir. Bu institut dünyada gedən hadisələrin təhlili və dəyərləndirilməsi ilə bağlı mühüm tədqiqatlar aparır. Siz bilirsiniz ki, bizim mərhum Prezidentimiz Heydər Əliyev bu institutla çox bağlı idi. Bir neçə dəfə buraya gəlib görüşlər keçirmişdi və bu görüşlərdən xoş təəssüratları var idi. Ona görə də, mənim burada olmağım təsadüfi deyildir. Prezident kimi mənim ilk rəsmi səfərimin Fransaya olması bizim Fransa ilə ikitərəfli münasibətlərə, böyük Avropa ailəsinə inteqrasiyaya nə dərəcədə böyük əhəmiyyət verməyimizə dəlalət edir.

Azərbaycan müstəqilliyini 1991-ci ildə qazandı. O zaman ölkədəki vəziyyət çox çətin idi. İqtisadi, siyasi və sosial sahələrdə tam böhran hökm sürürdü, Ermənistan Azərbaycana hərbi təcavüz etmişdi, Azərbaycan torpaqlarını itirirdi. Azərbaycan xalqı Heydər Əliyevi Bakıya dəvət edib, onu Prezident seçənədək bütün bunlar davam edirdi. Ondan sonra vəziyyət dəyişməyə başladı. Ermənistanla müharibə dayandırıldı, atəşkəs əldə olundu, iqtisadi tənəzzülə son qoyuldu.

1996-cı ildən isə iqtisadi dirçəliş dövrü başlandı. O vaxtdan etibarən bizim ölkəmiz dinamik inkişaf edir. İqtisadi inkişafda böyük nailiyyətlər əldə olunmuşdur. İndi hamıya məlumdur ki, Azərbaycan iqtisadi cəhətdən regionun lideridir, biz iri həcmdə xarici sərmayələri ölkəyə cəlb edə bildik və adambaşına sərmayələrin qoyuluşu baxımından keçmiş sovet ölkələri içərisində lider mövqeyindəyik.

Azərbaycan öz təbii ehtiyatlarını xarici biznes üçün açıq elan etdi və bu gün dünyanın ən böyük şirkətləri bizimlə birlikdə işləyirlər. Azərbaycan Xəzər dənizində öz neft ehtiyatlarının işlənilməsi sahəsində öncül mövqelərə sahib olmuşdur. Bu işi əsas neft şirkətləri ilə birlikdə yerinə yetiririk, bu əməkdaşlığın nəticəsində ölkəmizə milyardlarla vəsait gətirilir.

Azərbaycan yalnız birbaşa xarici sərmayədən deyil, eyni zamanda, xarici texnologiyalardan, təcrübədən də yararlandı. Hazırda bizdə, ölkədə yaşayan xaricilərin sayı çoxdur, onlar özlərini evdəki kimi hiss edirlər. Bizim xalqımız həmişə qonaqpərvərliyi ilə fərqlənib. Ölkədə dini və etnik səbəblərdən heç vaxt anlaşılmazlıq, narazılıq olmayıbdır. Ona görə də, bizdə yaşayan minlərlə xarici özlərini rahat hiss edir. İqtisadi islahatların nəticəsi kimi, son bir neçə il ərzində illik 10 faiz artım müşahidə olunur. Həyat səviyyəsi yüksəlir, amma bununla belə, sosial problemlər də çoxdur. Bizim 1 milyon qaçqın və məcburi köçkünümüz var, onlar bizim zəbt olunmuş torpaqlarımızı tərk etmiş vətəndaşlarımızdır. Bu, Azərbaycan iqtisadiyyatı üçün çox ağır bir yükdür. Əhalinin ümumi sayına nisbətdə götürdükdə, Azərbaycan dünyada ən çox qaçqın-köçkün olan ölkədir. 8 milyonluq əhalinin 1 milyonu qaçqın-köçkünlərdir.

Bununla belə, biz elə bir şərait yarada bilmişik ki, xarici sərmayəçilər özlərini rahat hiss edirlər. Mən elə bilirəm ki, bu, ən böyük nailiyyətlərdən biridir. Çünki etibar qazanmaqdan ötrü illər lazımdır, bircə səhv addım hər şeyi yox edə bilər. Biz işimizi elə qurduq ki, səhv addımlara yer qalmadı. Azərbaycanın coğrafi-siyasi mövqeyi, bir tərəfdən, onu çox mühüm yolayrıcı mərkəzə çevirir, digər tərəfdən, biz müxtəlif münaqişələrin baş verdiyi ərazidə yerləşmişik.

Biz coğrafi-siyasi mövqeyin üstünlüklərindən istifadə edirik. Azərbaycan şərq-qərb və şimal-cənub dəhlizlərinin vacib ölkəsidir. Biz bundan bəhrələnməyə çalışırıq. Eyni zamanda, regionun özü - Qafqaz və daha geniş ərazi münaqişələrlə doludur. Bu da ki, sabit şərait yaradılmasına mane olur.

Bizim daha bir böyük nailiyyətimiz Azərbaycanda mövcud olan sabitlikdir. İctimai-siyasi sabitlik ölkənin iqtisadi uğurlar əldə etməsinin əsas səbəblərindən biridir. Biz istəyirik ki,qonşularımızla sülh şəraitində yaşayaq, regionumuz düşmənçilik deyil, əməkdaşlıq regionu olsun. Azərbaycan qonşuları ilə yaxşı münasibətlər yaradıbdır.

Türkiyə, Rusiya, Gürcüstan, İranla bizim yaxşı ikitərəfli münasibətlərimiz var. Regional səviyyədə əməkdaşlıq edirik. Ancaq, bir qonşumuzla heç bir münasibətimiz yoxdur ki, bu da Ermənistandır. Səbəbi də aydındır. 1980-ci illərin sonunda ölkəmizin Dağlıq Qarabağ bölgəsində başlayan separatçı hərəkat Azərbaycana qarşı müharibə ilə nəticələndi. Ermənistan Dağlıq Qarabağı Azərbaycandan ayırmaq məqsədi ilə ölkəmizə qarşı təcavüz etdi və Dağlıq Qarabağın inzibati ərazisindən kənarda yerləşən daha 7 rayon işğal olundu. Azərbaycana qarşı bu təcavüz 10 ildən artıqdır ki, davam edir.

Bütün ölkəmiz bu müharibədən əziyyət çəkibdir və əvvəldə dediyim kimi, 1 milyon əhalimiz qaçqın və köçkündür. Beynəlxalq aləm uzun müddətdir ki, bu məsələ ilə məşğuldur, lakin, təəssüf ki, elə bir uğur əldə olunmayıbdır. ATƏT-in Minsk qrupu və onun həmsədrləri - Fransa, Rusiya və Birləşmiş Ştatlar çox cəhdlər edirlər ki, münaqişənin həlli yollarını tapsınlar və tərəfləri razılığa gətirsinlər.

Təəssüf ki, bu sahədə heç bir irəliləyiş yoxdur. Bu münaqişəni həll etmək üçün beynəlxalq hüquq normaları nəzərə alınmalıdır. BMT 4 qətnamə qəbul etmişdir. Bu qətnamələrdə Ermənistandan tələb olunur ki, işğalçı ordusunu qeyd-şərtsiz geri çəksin. Təəssüf ki, Ermənistan beynəlxalq hüquq normalarına heç bir əhəmiyyət vermir. Ermənistanın mövqeyi belədir ki, Dağlıq Qarabağ ermənilərinin öz müqəddəratlarını təyin etməyə haqları vardır.

Beynəlxalq hüquq normaları isə bu fikrə haqq qazandırmır. Çünki ermənilər bir millət kimi öz müqəddəratlarını təyin ediblər. Onların müstəqil ölkəsi vardır. Bu ölkə Ermənistandır. Onların məntiqinə əsaslansaq, ermənilər öz müqəddəratlarını hər bir yerdə təyin edə bilərlər, ona görə ki, onlar hər yerdə - Rusiyada, Fransada, Afrikada, Amerikada yaşayırlar. Bu, beynəlxalq aləmdə qəbul olunan bir şey deyildir. Ona görə də, onların təbliğat vasitəsi kimi istifadə etdikləri bu metod ciddi qəbul oluna bilməz. Beynəlxalq hüquq normalarında əsas əhəmiyyət kəsb edən prinsip ərazi bütövlüyüdür, hər bir ölkənin suverenliyidir. Azərbaycan dünyada hər bir ölkənin ərazi bütövlüyünü tanıyır və biz istəyirik ki, dünya da bizim ərazi bütövlüyümüzü tanısın və o, bərpa olunsun.

Biz ərazi bütövlüyümüzün bərpası üçün hər şey edəcəyik. Bəzən belə düşünürlər ki, hansısa bir səbəbdən, xarici ölkələrin köməyi nəticəsində münaqişədən əldə etdiyi üstünlüklərə görə Ermənistanın danışıqlar zamanı mövqeləri daha əlverişlidir. Mən bununla razı deyiləm. İstərdim ki, bu məsələ ilə bağlı öz fikrimi çatdırım. Bəli, həqiqətən, yuxarıda qeyd etdiyim səbəblər sayəsində onlar heç vaxt Ermənistana məxsus olmamış və məxsus ola bilməyəcək əraziləri ələ keçiriblər. Yeri gəlmişkən, mövzunun tarixi aspektindən danışsaq, ermənilər Dağlıq Qarabağ ərazisinə yalnız XIX əsrin əvvəllərində köçürülmüşlər. Bu, tarixi faktdır. 1970-ci illərdə Dağlıq Qarabağın mərkəzində ilk erməni məskənlərinin salınmasına həsr olunmuş abidə də ucaldılmışdı. Bu abidə ermənilərin Qarabağ torpağına ayaq basmasının 150 illiyinə həsr olunmuşdu. Ona görə də onların bu torpağa iddialarının heç bir tarixi əsası yoxdur.

Bu gün isə mən bu problemin başqa aspektindən danışmaq istəyirəm. Elə görünə bilər ki, Ermənistanın mövqeləri daha əlverişlidir. Amma əslində, belə deyildir. Bu gün Ermənistanla Azərbaycanı müqayisə etsək, hər bir kəs fərqi görə bilər. Azərbaycan tam müstəqil ölkədir. Ərazisində heç bir xarici dövlətin hərbi bazası yoxdur. Xarici yardımdan asılı deyildir. Azərbaycan iqtisadiyyatını inkişaf etdirir. Büdcəmiz Ermənistanın büdcəsindən 3 dəfə çoxdur. Coğrafi-strateji mövqeyini və ölkədə neft sektorunun inkişafını nəzərə alsaq, Azərbaycan qısa zaman kəsiyində çox güclü ölkəyə çevriləcəkdir. Ermənistana nəzər salsaq, görərik ki, bu deyilənlərə yaxın heç bir şey yoxdur. Ona görə də bu müharibədə kimin üstünlük əldə etməsi hələ böyük sual altındadır.

Mən bu münaqişə ətrafında ona görə geniş danışıram ki, onun yalnız Azərbaycan, region üçün deyil, bütün dünyaya təsiri böyükdür. Xatırladım ki, Sovet İttifaqının dağılmasının özü Qarabağdakı separatist hərəkatdan başladı. Ondan sonra Abxaziya, daha sonra Dnestryanı, sonra Cənubi Osetiya münaqişələri başlandı. Bu etnik separatçı hərəkatlar digərləri ilə müşayiət olundu. Nəticədə Sovet İttifaqı dağıldı. SSRİ-nin dağılmasından heyfsilənmirik, əksinə, Sovet İttifaqının dağılması bizə müstəqil olmaq imkanı verdi. Bizim xalqın əsrlərlə gözlədiyi müstəqilliyə nail olduq. Məsələ ondadır ki, bu separatçı hərəkatlar dağıdıcılıqla müşayiət olundu. Bu gün münaqişə zonası regionda sabitliyin pozulması üçün potensial ərazidir. Ona görə də, biz çox narahatıq ki, bu məsələ həll olunmazsa, regionda müharibənin yenidən başlanması üçün daimi təhlükə qalır. Ümid etmək istəyirəm ki, beynəlxalq icma və xüsusilə də ATƏT-in Minsk qrupunun həmsədrləri Fransa, Rusiya və ABŞ bu münaqişənin həll olunmasında daha fəal rol oynayacaqlar. Ermənistanı inandıra biləcəklər ki, XXI əsrdə bir ölkənin digər ölkənin ərazisini işğal etməsi yolverilməzdir.

Məsələnin indiyə qədər həll olunmamasının digər bir səbəbi də beynəlxalq aləmin yeritdiyi ikili standartlardır. Əgər, dünyanın hansısa hissəsində hansısa bir ölkənin ərazisi digər ölkə tərəfindən zəbt olunursa, bu zaman beynəlxalq aləm öz resurslarından, siyasi, diplomatik vasitələrdən, yeri gələrsə, hərbi vasitələrdən istifadə edir və ədaləti bərpa edir. Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı isə bu cür tədbirlər görülmədi. Ona görə də Azərbaycan xalqı beynəlxalq aləmin bu cür münasibətini ikili standart kimi qəbul edir. Mən yenə də ümidimi bildirmək istəyirəm ki, bu münaqişə həll olunacaq və həm Azərbaycan xalqı, həm də erməni xalqı gələcəkdə sülh şəraitində yaşayacaqlar.

Fransa Minsk qrupunun həmsədri kimi bu münaqişənin həll olunmasında böyük məsuliyyət daşıyır və buna çox qüvvə sərf edibdir. Prezident Jak Şirak şəxsən bu işlə məşğuldur və mən ümid edirəm ki, bütün bu səylərin bəhrəsi olacaqdır.

Bizim Fransa ilə ikitərəfli münasibətlərimiz çox müsbət istiqamətdə davam edir. Siyasi səviyyədə yaxşı qarşılıqlı anlaşma var, iqtisadi əlaqələr yüksək səviyyədədir. Fransız şirkətləri Azərbaycanda sərmayəçi kimi, kontraktor kimi işləyirlər. Hər iki tərəf bu əməkdaşlıqdan razıdır. Biz ümid edirik ki, gələcəkdə Fransa kapitalı, fransız şirkətləri, Azərbaycanda daha çox təmsil olunacaq və ölkələrimiz bundan xeyir görəcəklər. Yeri gəlmişkən, ölkələrimiz arasında ticarət əlaqələri son müddətdə üç dəfə artmışdır.

Münasibətlərimizin inkişafı sahəsində böyük potensial var. Fransa ilə münasibətlərə Azərbaycanda həmişə böyük önəm verilmişdir. Fransa Azərbaycanı həmişə maraqlandıran ölkə olmuşdur. Fransanı Azərbaycanda həmişə daha yaxından tanımaq istəmişlər. Düşünürəm ki, bu da bizim əlaqələrin artmasına imkan verən bir məqamdır. Müxtəlif səpkilərdə, müxtəlif səviyyələrdə görüşlərin, səfərlərin, seminarların sayı artmalıdır. İnsanlar gərək bir-birini yaxşı tanısınlar. Fransa həm də Azərbaycan üçün ona görə vacibdir ki, Azərbaycan özünü Avropanın bir hissəsi hesab edir. Ölkəmiz Avropa Şurasının üzvüdür.

Artıq üç ildən çoxdur ki, biz gələcək inkişafımızı Avropaya inteqrasiya ilə bağlayırıq. Fransanın Avropada aparıcı rol oynaması da bizim ölkə üçün vacib bir amildir. Elə bilirəm ki, yaxınlaşmaq ölkələrimizin qarşılıqlı arzusudur və sizin ölkə ilə yaxınlaşmaqla Azərbaycan qarşısında duran çətinliklərin öhdəsindən daha asan gələcəkdir.

Son müddət ərzində biz böyük uğurlar əldə etmişik, nailiyyətlərimiz çox olub, tamamilə dağıdılmış ölkə indi sabit, dinamik inkişaf edən ölkədir. Əlbəttə ki, Azərbaycanda problemlər çoxdur: iqtisadi problemlər, sosial problemlər, yoxsulluq, işsizlik. Bütün bu məsələlərlə növbəti 5 il müddətində yaxından məşğul olacağıq və uğur qazanacağımıza əminəm. Mən əminəm ki, Azərbaycan Avropa strukturlarına geniş inteqrasiya etdikdən sonra daha uğurla inkişaf edəcəkdir. Heydər Əliyevin Azərbaycanı inkişaf etdirmək siyasəti davam etdiriləcək, çünki həyatın və zamanın sınağından çıxmış bu siyasət özünün doğru olduğunu sübuta yetirmişdir.

Çox vaxtınızı almaq istəmirəm. Azərbaycan haqqında deyəcəyim söz çoxdur. Bu gün dediklərim demək istədiklərimin çox az bir hissəsidir.

İstərdim ki, ünsiyyətimiz davam etsin, gələn dəfə Fransada olarkən məmnuniyyətlə bir daha sizinlə görüş keçirim. İstərdim ki, sizi də Azərbaycana dəvət edim, gəlib hər şeyi özünüz görəsiniz ki, ölkəmiz necə yaşayır, necə inkişaf edir. Təəssüflər olsun ki, bəzən mətbuatın yazdığı qərəzli yazılarla ölkədəki reallıq arasında heç bir oxşarlıq olmur. Bir daha dəvətə görə sizə minnətdarlığımı bildirirəm. Ümid edirəm ki, belə görüşlərimiz bir-birimizi daha yaxşı anlamağa kömək edəcəkdir. Çox vaxtınızı almayacağam, bir neçə kəlmə də fransız dilində müraciət edim.

Bugünkü görüşə görə sizə minnətdaram. Mən ingilis dilində danışdım, çünki ingilis dilində tez-tez danışmaq lazım gəlir, ünsiyyətlərimiz davam edərsə, fransız dilində daha tez-tez danışaram və gələn dəfə sizinlə görüşü fransızca keçirərəm.

Yaşasın Fransa, yaşasın Azərbaycan!

X X X

Azərbaycan Prezidenti İlham Əliyevin çıxışı böyük diqqətlə dinlənildi və sürəkli alqışlarla qarşılandı.

Sonra dövlətimizin başçısı İlham Əliyev görüş iştirakçılarının suallarına cavab verdi.

SUAL: Fransa Senatı və Fransa hökuməti nəzərdə tutulan mədəni proqram çərçivəsində işləməkdən çox fəxr edir. İcazə verin, Senatdakı həmkarlarımı, xüsusilə də cənab Dümonu salamlayım. O, Fransa Senatında dostluq qrupunun rəhbəridir, cənab Monteskyönü də salamlayıram. Mənim sualım cənab Prezidentədir. Regional vəziyyətlə bağlı bugünkü gündə Gürcüstanı necə qiymətləndirirsiniz? Sizcə, Gürcüstan Rusiya ilə ABŞ arasında tarazlıq tapa biləcəkmi?

İLHAM ƏLİYEV: Dost kimi, qonşu kimi, birgə layihələrin iştirakçısı kimi, yaxşı siyasi və iqtisadi əlaqələrimiz olduğu ölkə kimi, əlbəttə, Gürcüstandakı vəziyyət bizim üçün də vacibdir. Biz istəyirik ki, Gürcüstandakı vəziyyət sabit olsun. Biz istərdik ki, Gürcüstandakı dostlarımız sülh şəraitində yaşasınlar. Gürcüstanın Azərbaycanla oxşar problemləri var. Onların da qondarma, separatçı “respublikaları” var və bunlar Gürcüstanın ərazi bütövlüyünü pozurlar. Ümumi problemlər bizi bir-birimizə daha sıx yaxınlaşdırır. Mən elə bilirəm ki, bizim coğrafi məkanda, bizim kimi ölkələr üçün əsas məsələ qarşıdurmanı əməkdaşlığa çevirməyə çalışmaqdır. Azərbaycanın da Rusiya ilə münasibətlərində çətin dövrlər var idi. 1990-cı illərin əvvəllərində çoxlu narazılıqlar var idi, bizə çox təzyiq olunurdu. Heç kim üçün sirr deyil ki, Rusiya silahla Ermənistana yardım edirdi, bəzən birbaşa hərbi yardım göstərirdi. Azərbaycana qarşı iqtisadi blokada var idi. Biz elə vaxtları yaşamışıq ki, heç bir məsələdə razılığa gəlmirdik. Xəzər dənizinin sərhədlərə bölünməsi məsələsində də. Bugünkü Rusiya-Azərbaycan münasibətlərinə baxsaq, - bu, həm də Rusiya Prezidenti Putinin fikridir, - münasibətlərimiz əsl qonşuluq münasibətləri nümunəsidir. Biz bütün problemləri həll edə bildik. Xəzər dənizi məsələsində də razılığa gəldik. Siyasi, iqtisadi məsələlərdə razılığa gəldik və hər iki tərəf bu razılıqlardan məmnundur. Elə bilirəm ki, bu qarşıdurma rəqabətin əməkdaşlığa çevrilməsinin gözəl nümunəsidir.

Güclü dövlətlərin maraqları çox vaxt toqquşur, onların mövqeləri çox zaman tam əks olur.

Bizim ölkələr üçün, region üçün ən yaxşısı odur ki, onların mənafeləri, haradasa, bizdən uzaq yerdə toqquşsun. Ona görə də elə bilirəm ki, Gürcüstan da bizim təcrübədən istifadə edəcək və bu qarşıdurmadan çəkinərək əməkdaşlığa başlayacaqdır. Bunun üçün imkanlar mövcuddur. Əgər bizim yardımımız lazım olarsa, bunu etməyə hazırıq. Dediyim kimi, Gürcüstanla münasibətlər bizim üçün çox vacibdir. Eyni zamanda, Rusiya ilə münasibətlər də bizim üçün mühüm əhəmiyyət kəsb edir. Hər ikisi bizim üçün qonşu və dost dövlətdir. Azərbaycan dostları ilə münasibətləri normal məcraya yönəltməyə və yardım göstərməyə həmişə hazırdır. Əminəm ki, yuxarıda qeyd olunan vəziyyət sülh məcrasına düşəcək, sabitləşəcək və narazılıqlar tezliklə aradan qaldırılacaqdır.

SUAL: Son dəfə Ermənistan Prezidenti Koçaryanla Cenevrədə görüşmüşdünüz. Bu görüşdən sonra hər hansı bir irəliləyiş varmı?

CAVAB: Həmin görüş Azərbaycanda keçirilmiş prezident seçkilərindən sonra ilk görüş idi. Bu, habelə mənim Ermənistan Prezidenti ilə də birinci görüşüm idi. Ona qədər biz bir-birimizi tanımırdıq. Demək olar ki, bu, bir növ tanışlıq məqsədi daşıyan görüş idi. Əsas məqsəd münaqişənin sülh yolu ilə həlli üzrə bir-birimizə fikirlərimizi bildirmək, keçmişə nəzər salmaq və gələcək imkanları nəzərdən keçirmək idi. Görüşdən sonra prezidentlər tərəfindən mətbuata bəyanat verildi və hər iki dövlət başçısı münaqişənin sülh yolu ilə həll olunmasının vacibliyini bildirdi. Bu bəyanat müsbət hal kimi qiymətləndirilməlidir.

O ki qaldı praktiki addımlara, bu haqda ətraflı söhbət olmadı. Bizim mövqeyimiz bəllidir və o, ədalətlidir. Azərbaycan özünə məxsus olmayan heç nəyi tələb etmir. Biz yalnız özümüzə məxsus olan əraziləri istəyirik. Ona görə də mövqeyimiz tam ədalətlidir. Hadisələrin necə cərəyan edəcəyini zaman göstərəcəkdir. Bu münaqişənin həlli üçün güclü beynəlxalq vasitəçilik lazımdır. Əgər iki prezident razılaşa bilərdisə, onda heç Minsk qrupuna da ehtiyac olmazdı. Bəzən ATƏT-in Minsk qrupunun üzvləri bizə deyirlər ki, siz gedib razılaşmalısınız və biz də bu razılaşma əsasında işləyərik. Biz razılaşacağıqsa, onda vasitəçiləri neyləyirik? Vasitəçilər münaqişəyə cəlb olunmuş tərəflərə onun həlli yolunu tapmaqda kömək etməlidirlər. Ümidvaram ki, onlar öz fəaliyyətlərini davam etdirəcəklər. Amma eyni zamanda, sizə deyə bilərəm ki, biz hadisələri tələsdirmirik. Azərbaycanın mövqeyi ədalətlidir, vaxt bizə işləyir və beynəlxalq hüquq da bizim tərəfimizdədir. Digər tərəf bunu nə qədər tez başa düşərsə, bu, onlar üçün yaxşı olar.

SUAL: Mənim adım Corc Eskoroldur, universitetdə iqtisadiyyat üzrə professoram. Cənab Prezident, istərdim ki, çox maraqlı və məzmunlu nitqinizə görə Sizə minnətdarlığımı bildirim. Bu təqdimatdan sonra mən anladım ki, Dağlıq Qarabağ məhfumu sizin ölkə üçün nə dərəcədə böyük əhəmiyyət kəsb edir. Mən Sizə ölkənizin ərazi bütövlüyünü bərpa etmək səylərində uğurlar diləyirəm. İcazə versəydiniz, mən Sizə iki sualla müraciət edərdim. Birinci sual siyasi, ikinci isə iqtisadi xarakterlidir. Bilirəm ki, Azərbaycandan kənarda – İranda milyonlarla azərbaycanlı yaşayır. O da məlumdur ki, hazırda İranla ABŞ arasında münasibətlər olduqca pisdir. Lakin Azərbaycan həm ABŞ, həm də Rusiya ilə yaxşı münasibətlərə nail olubdur. Necə düşünürsünüz, 1940-cı illlərdə baş vermiş hadisələr təkrar oluna bilərmi? Bu adamlar Azərbaycana – ana vətənlərinə qovuşmaq arzusunu ifadə edə bilərlərmi? Digər sualım neft ehtiyatları ilə bağlıdır. Hələ 1945-ci ildə, müharibənin sonunda elan edilmişdi ki, Azərbaycanın neft ehtiyatları tükənir və daha neft hasil olunmayacaqdır. Bundan sonra, Sizə məlum olduğu kimi, neftçilər ikinci və üçüncü Bakı axtarmağa başladılar. Bəlkə bu belə düşünülmüşdü ki, neft yataqları Azərbaycanın müstəqillik dövrü üçün saxlanılsın?

CAVAB: Şərhinizə və sualınıza görə çox sağ olun. Xaricdə yaşayan azərbaycanlılara gəldikdə, deməliyəm ki, onları bir neçə kateqoriyalara ayırmaq olar. Elə azərbaycanlılar var ki, digər ölkəyə köçüb, orada diaspor kimi yaşayırlar. Digərləri isə başqa ölkə hesab olunsa da, öz dədə-baba torpaqlarında yaşayırlar. İranda yaşayan azərbaycanlılar öz ölkəsində yaşayırlar. Onların yaşadıqları yer dədə-baba torpaqlarıdır. 40-cı illərdə İranda olan hərəkat oradakı azərbaycanlıların Sovet İttifaqında yaşayan azərbaycanlılarla qovuşmaq hərəkatı deyildi. Bu, Cənubi Azərbaycanda olan müstəqillik hərəkatı idi. Bizim İranla yaxşı əlaqələrimiz var və biz bir-birimizin işlərinə qarışmırıq. Ölkələrimizdə dövlət qurumları, bir sıra məsələlərə baxışımız müxtəlifdir. Lakin aramızda qarşılıqlı anlaşma var. Biz qonşuyuq və dostuq. Əlaqələrimizi elə qurmalıyıq ki, hər iki ölkə bundan xeyir görsün.

İranda yaşayan azərbaycanlılar İran vətəndaşıdır və tarix boyu orada yaşamışlar. Bildiyiniz kimi, Böyük Azərbaycan Rusiya və İran arasında bölünmüşdü. Rusiya imperiyasının tərkibində olan Azərbaycan indi müstəqillik qazandı, İran ərazisində olan Azərbaycan isə indi İranın bir hissəsidir. Mən ölkələrimiz arasındakı münasibətlərin inkişafının tərəfdarıyam və biz bir-birimizin işlərinə qarışmamalıyıq.

Mən, ümumiyyətlə, bir ölkənin digər ölkənin işlərinə qarışmasının əleyhinəyəm. Əgər ölkələr yalnız öz problemlərini həll etməklə məşğul olsalar, mən əminəm ki, nə müharibələr olar, nə münaqişələr olar, nə də qan tökülər.

Azərbaycanın təsdiq olunmuş ehtiyatları ilə bağlı onu deyə bilərəm ki, bunun müxtəlif mənbələri vardır. Sovet dövründə neft hasilatı Sibirdə tapılmış ehtiyatlarla müqayisədə, Azərbaycanda artıq səmərəsini itirmişdi. Bu ona görə idi ki, dənizdə neft çıxarmaq qurudakından daha baha başa gəlir. Ona görə də Azərbaycan neftinə diqqət azaldı. Bunun da bizim üçün müsbət sonluğu oldu. Çünki bu, bizə həmin ehtiyatların müstəqillik dövrünə saxlanılmasına imkan verdi. Bu gün Azərbaycanda nə qədər neft ehtiyatları olması haqqında müxtəlif fikirlər vardır. Bəzən elə düşünürlər ki, biz neft ehtiyatlarının həcmini şişirdirik ki, xarici şirkətləri ölkəyə cəlb edək. Amma xarici şirkətlər bizim rəqəmlərlə yanaşı, öz dəyərləndirmələrini də aparırlar. Azərbaycanın çox böyük neft ehtiyatları və böyük qaz potensialı vardır. Mən əminəm ki, ölkəmiz Avropanın alternativ qaz təchizatçısı olacaqdır. Bu sahədə iş gedir və əminəm ki, neftdən gələn gəlirlər ölkəmizin mənafeyinə xidmət edəcəkdir.

SUAL: Cənab Prezident, Siz burada xatırlatdınız ki, ölkəniz gələcəkdə Avropa İttifaqına qoşulmaq və ya ən azı, bu təşkilata daha da yaxınlaşmaq niyyətindədir. Eyni zamanda, bildiyiniz kimi, bu ilin dekabr ayında Avropa İttifaqının 25 üzvü Türkiyənin bu təşkilata üzv qəbul olunması məqsədi ilə danışıqların başlanması tarixini müəyyənləşdirəcəkdir. Sizin fikrinizcə, əgər Türkiyə Avropa İttifaqına daxil olarsa, bu, ölkənizin həmin quruma yolunu asanlaşdıra biləcəkmi?

CAVAB: Biz Türkiyəyə bu yolda uğur arzu edirik və əminəm ki, bu məsələ müsbət həll olunacaqdır. Əgər bu baş tutarsa, bunun Azərbaycana da xeyri olar. Amma elə bilirəm ki, hər bir ölkə öz üzərinə düşən işi yerinə yetirməlidir ki, Avropa İttifaqının üzvü ola bilsin. Əlbəttə, təqdimatlar, dəvətnamələr, yardımlar vacibdir. Lakin ölkənin özü standartlara uyğun gəlmirsə, bunlar heç bir nəticə verməyəcəkdir.

Azərbaycan inkişafda olan ölkədir. Azərbaycan münaqişədən, müharibədən, hakimiyyətsizlikdən, vətəndaş müharibəsindən, çevriliş cəhdlərindən, iqtisadi tənəzzüldən çıxıb müstəqilliyini qoruyan ölkədir. Bütün bunlar 1991-ci ildən 1996-cı ilə qədər Azərbaycanın tarixində yer almış hadisələrdir. Yalnız bundan sonra ölkəmizdə demokratik təsisatların, bazar iqtisadiyyatının, iqtisadi islahatların həyata keçirilməsinə başlanıldı. Gördüyünüz kimi, daha beş il müddətində biz iqtisadi və siyasi islahatları eyni sürətlə davam etdirə bilsək, o zaman standartlarımız Avropa tələblərinə cavab verəcəkdir.

SUAL: Zati-aliləri, mən Sorbonna Universitetində beynəlxalq əlaqələr üzrə təhsil alıram. Hər şeydən əvvəl, belə mötəbər auditoriya qarşısında əla çıxışınıza görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Mənə elə gəlir ki, hazırda Ermənistanla Azərbaycan arasında olan münasibətlər İkinci Dünya müharibəsi dövründə Fransa ilə Almaniya arasındakı münasibətlərdən heç də pis deyildir. Necə düşünürsünüz, bəlkə ölkələr arasındakı sosial-iqtisadi əlaqələr, birgə layihələr bu münaqişənin həll olunmasına yardım edə bilər? Eyni zamanda, Cənubi Qafqaz ölkələrinin Avropa İttifaqına üzvlüyü məsələsini asanlaşdıra bilər?

Cənab Prezident, Bakı-Ceyhan kəməri Türkiyəyədək uzanacaqdır. Bilmək istərdim ki, bu kəmərin tikintisi Azərbaycana və ümumilikdə regiona nə kimi dəyişikliklər gətirəcəkdir.

Siz demokratik qaydada atanızı əvəz etdiniz. Qərb bu məsələdə ölkənizdə daha çox sabitliyə diqqət yetirdi. Eyni zamanda, demokratiya nöqteyi-nəzərindən Siz hesab edirsinizmi ki, hazırda bu, Qərb ölkələrindəki vəziyyətə uyğundur?

CAVAB: Ermənistanla Azərbaycan arasındakı iqtisadi münasibətlərə gəldikdə, bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu ölkə Azərbaycanın zəbt olunmuş ərazilərindən öz işğalçı ordusunu çıxarmayınca, heç bir iqtisadi əlaqələrimiz olmayacaqdır. Düşünürəm ki, bizim bu mövqeyimiz beynəlxalq aləm tərəfindən başa düşülməlidir. Bəzən bu məsələni belə təqdim etməyə çalışırlar ki, guya onlar əməkdaşlıq etmək istəyirlər, biz isə istəmirik. Əlbəttə, Ermənistan bizimlə əməkdaşlığa can atır və onunla iqtisadi əlaqələrin olmaması danışıqlarda müzakirə olunan məsələlərdən biridir. Bu gün bu məsələni həll etməkdən ötrü bütün vasitələrdən istifadə etmək lazımdır. Ona görə də iqtisadi münasibətləri yalnız münaqişənin sülh yolu ilə həllindən sonra bərpa etmək mümkündür.

Bakı-Tbilisi-Ceyhan boru xətti uğurla inşa olunur. Tikintinin 50 faizi artıq tamamlanır və gələn ilin sonunda boru xətti istifadəyə veriləcəkdir. Bu kəmər Azərbaycana gündəlik 1 milyon barrel neft ixrac etməyə imkan verəcəkdir. Neftdən gələn gəlirləri iqtisadiyyatımızın müxtəlif sahələrinə yönəltmək fikrindəyik. Biz Neft Fondu yaratmışıq və burada neftdən gələn bütün gəlirlər toplanır. Fond şəffaf bir qurumdur və beynəlxalq təşkilatlar tərəfindən burada auditor fəaliyyəti həyata keçirilir. Fondun idarəçiliyi isə Beynəlxalq Valyuta Fondunun yardımı ilə aparılır. Gələcəkdə burada yığılan vəsait artaraq, nəzərəçarpacaq rəqəmə çatacaq və ölkəmizin inkişafına yardım edəcəkdir.

Azərbaycanda son on il müddətində həyata keçirilən siyasət sübuta yetirdi ki, Heydər Əliyevin müəyyən etdiyi xətt ölkəmizi böhran vəziyyətindən inkişafa doğru aparan yeganə xətdir. 1980-ci illərin sonundan hər il ölkədə liderlər dəyişirdi, hərbi çevrilişlər olurdu, vətəndaş müharibəsi baş verirdi.

Yalnız Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bütün bunlara son qoydu. Ermənistanla müharibədə atəşkəs əldə edildi, vətəndaş müharibəsi dayandırıldı, qeyri-qanuni silahlı qruplaşmalar tərksilah olundu. Ölkəyə sülh və sabitlik gəldi. Ona görə də bizim indiki nəslin əsas məqsədi və vəzifəsi həmin siyasəti davam etdirməkdir. Azərbaycanı bu istiqamətdə inkişaf etdirmək çox zəruridir. Deməliyəm ki, əvvəllər ölkəmizin seçim etmək üçün yolları çox idi. Ölkə yeni idi və istənilən inkişaf yolu seçmək olardı. O zaman demokratik təsisatlar yox idi və biz bilərəkdən ən çətin yolu seçdik. Beynəlxalq ictimaiyyətə, beynəlxalq aləmə inteqrasiya yeganə mümkün və düzgün yol idi. Biz bu siyasəti davam etdirəcək və ölkəmizin demokratikləşdirilməsi prosesini ardıcıl surətdə aparacağıq.

Soruşursunuz ki, Azərbaycan indi Qərbdə qəbul edilmiş normalara və standartlara tam cavab verirmi? Əlbəttə ki, yox və bu da təbiidir. Qərb bu normaları əsrlər boyu yaratmış və inkişaf etdirmişdir. Cəmi 50 il bundan əvvəlki Avropaya baxsaq, görərik ki, burada demokratiyaya bənzər bir şey yox idi. Müharibələr, irtica, digər xoşagəlməz hallar Avropanı bürümüşdü. Azərbaycan isə bunlardan yenicə qurtarıb, bu dəhşətli miras yenicə arxada qalmışdır. Bizə təsisatların buradakı səviyyəyə çatdırılması üçün vaxt lazımdır. Bu proses gedir və hər il biz məqsədə daha çox yaxınlaşırıq.

SUAL: Siz burada bildirdiniz ki, regiondakı qonşularınızla sülh şəraitində yaşamaq istəyirsiniz. Buraya Xəzər dənizinin statusu məsələsini aid etmək olarmı? Sizin fikrinizcə, Xəzərin statusu ilə bağlı hansı variant daha münasibdir? İkinci sualım: Neft gəlirləri ilə bağlı Siz ən münasib variant kimi Norveç modelini seçdiniz. Gələcək illərdə ölkənizin neftdən əldə olunmuş vəsaitlərin istifadəsi sahəsində ən real və tarazlaşdırılmış məqsədi nədən ibarət olacaqdır?

CAVAB: Neft bizim son məqsədimiz deyil, neft bizim üçün ölkəmizin inkişafı yolunda bir vasitədir. Neft yataqlarına malik olmaq hələ varlı olmaq demək deyildir. Həm hasilat, həm də nəqletmə vasitələri olduqda müəyyən bir zəmin yaradılır. Son on il müddətində Azərbaycan fəal surətdə paralel olaraq bu iki amilin həyata keçirilməsi ilə məşğul olur. Milyardlarla dollarları cəlb eləmək çox çətindir, amma bundan da çətini Qərbin riskli hesab elədiyi bir ərazidə neft kəməri inşa etməkdir. Bu gün bizim iki boru kəmərimiz vardır. Onlardan biri nefti Rusiyaya, digəri Gürcüstana nəql edir. Lakin həqiqi irimiqyaslı işləri başlamaqdan ötrü bizə böyük boru xətti lazım idi ki, nefti Aralıq dənizinə çıxarsın. Həmin boru kəməri indi tikilir.

Amma eyni zamanda, biz düşündük ki, Azərbaycan neft gəlirləri əldə etməyə başladıqdan sonra nə olacaq? Bilirsinizmi, yoxsul olmaq həqiqətən çətindir, amma yoxsulluqdan sonra vəsait əldə edən zaman ondan düzgün istifadə etmək də çətinlik törədir. Ona görə də çalışırıq ki, səhv etməyək. Biz Beynəlxalq Valyuta Fondu ilə bu haqda danışıqlar apardıq və dünyada neft hasil edən bütün ölkələrin neft fondlarının təcrübəsini öyrəndik. Bizim nümayəndə heyətləri, onlar bu gün burada sizinlədir, həmin ölkələrə getdilər, neft fondlarının təcrübəsini öyrəndilər və qeyd olunduğu kimi, biz Norveçin neft fondunu əsas kimi götürdük. Biz hesab etdik ki, bu, ən şəffaf, ən səmərəli variantdır. Bu variant Norveçdə böyük uğurla nəticələnmişdir. Bu isə, bildiyiniz kimi, heç də bütün neft istehsal edən ölkələrdə baş vermir ki, ölkə hərtərəfli və dinamik inkişaf etsin. Neftdən gələn gəlir insanlara xidmət etməlidir. İnsanlar bunun xeyrini görmürlərsə, demək, bu sahədə düzgün siyasət aparılmayıbdır. Ona görə də lap əvvəldən bizim fondumuz öz işini şəffaf aparır, gəlirlər barədə məlumat mətbuatda dərc olunur, Azərbaycan vətəndaşları vəsaitin miqdarını izləyə bilirlər. Xüsusilə nəzərə almaq lazımdır ki, bütün xərclər cəmləşmiş ölkə büdcəsindən həyata keçirilir, yəni, vəsaitin heç kimin bilməyəcəyi yerə, harayasa kənara xərclənməsinə heç imkan da yoxdur. Əgər xərclər büdcədən ayrılırsa, bu, o deməkdir ki, məsələ parlamentdə açıq müzakirələrə çıxarılır. Dediyim kimi, bütün bunlar bizim ölkəyə dinamik, çoxşaxəli inkişaf imkanı verəcəkdir. Azərbaycanda neft tükəndikdən sonra, - bu gec-tez baş verəcəkdir, - bizim iqtisadiyyatımız neftdən asılı olmayaraq tənzimlənəcək və inkişaf edəcəkdir. Biz daha səhər durub, indi etdiyimiz kimi, dünya bazarlarında neftin qiymətlərinə baxmayacağıq. (Alqışlar).

SUAL: Cənab Prezident, məlumdur ki, Qafqazda həm Rusiyanın, həm də ABŞ-ın maraqları vardır. Siz bu iki dövlət arasında tarazlığı saxlamağa necə nail olursunuz?

CAVAB: Elə bilirəm ki, hər şeydən əvvəl, uğur qazanmaq istəyirsənsə, xalqın dəstəyinə arxalanmalısan. Çünki lider xalqın dəstəyi olmadan lider ola bilməz. Ona görə də, hər şeydən əvvəl, gəlin, öz maraqlarımız haqqında düşünək – Azərbaycanın maraqları haqqında, Azərbaycan xalqının maraqları haqqında. Biz xarici siyasətimizi yalnız bu istiqamətdə aparırıq. Azərbaycanın güclü olacağı, müstəqilliyinin dönməz olacağı, insanlarımızın həyatının günbəgün yaxşılaşacağı siyasətimizi necə aparmağımızdan asılı olacaqdır. Başlanğıc nöqtə kimi bu, əsas götürülməlidir. Bizim gələcək xarici siyasətimiz də buna əsaslanacaqdır. Bu gün bizim ölkədə maraqları olan dövlətlər Azərbaycana yalnız ona görə gəlirlər ki, onların maraqları bizim maraqlarımızla üst-üstə düşür. Maraqlarımız üst-üstə düşəndə, onlar bizim ölkəyə gəlirlər və hər iki tərəf özünü məmnun hiss edir. Maraqlarımız üst-üstə düşməyəndə, bizim ölkədə onlara yer tapılmır. Ölkənin maraqlarını nəzərə almadan, kor-koranə bu və ya digər yolu seçsən, elə bilərəm ki, səhv yolla getmiş olarsan.

Xoşbəxtlikdən Azərbaycanda son on ildə aparılan siyasət məhz buna əsaslanmışdır. Ən başlıca məqsəd kimi, Azərbaycanın maraqlarının nədən ibarət olduğu, sonra isə bu maraqların digərlərinin maraqları ilə nə dərəcədə uyğun gəlməsi nəzərə alınmışdır. Azərbaycanda siz adını çəkdiyiniz ölkələrdən savayı, həm də digər ölkələrin maraqları ola bilər. Bu, həm iqtisadi, həm də siyasi maraqlar ola, yaxud mədəniyyətlə də bağlı ola bilər. Bu maraqlar bizim nöqteyi-nəzərimizə zidd gəlməzsə, heç bir problem ola bilməz. Hər şey əməkdaşlıq əsasında olmalıdır. Bu, qarşılıqlı faydalı və qarşılıqlı hörmətə əsaslanan əməkdaşlıqdır.

SUAL: Siz yalnız Qərb ölkələri ilə münasibətlərdən bəhs etdiniz. Ölkənizin Şərqlə münasibətləri necə qurulmuşdur? Məsələn Qazaxıstan, Özbəkistan və digər ölkələr ilə.

CAVAB: Adını çəkdiyiniz ölkələrlə bizim yaxşı münasibətlərimiz var. Qonşularımızla – Qazaxıstanla, Özbəkistanla ikitərəfli əlaqələr, daimi ünsiyyət həyata keçirilir və bu ünsiyyət gələcəkdə artacaqdır. Habelə prezidentlərin qarşılıqlı səfərləri də həyata keçirilir.

Bu ölkələr bizə tarixən yaxındır. Azərbaycan hasilatçı ölkə olmaqla yanaşı, həm də təbii sərvətlərin nəqli üçün tranzit ölkə rolunu oynayır. Biz ölkədəki infrastrukturu ixrac üçün fərqli vasitə kimi təqdim etməyə hazırıq. Bu ölkələrlə bizim iqtisadi münasibətlərimiz uğurla inkişaf edir.

Daha çox Şərqə doğru yerləşən ölkələrlə də bizim yaxşı əlaqələrimiz vardır. Amma deyə bilmərəm ki, onlar çox intensivdir. Ticarət və iqtisadi əlaqələr az olsa da, siyasi əlaqələr kifayət qədər yaxşıdır. Bizim digər ölkələrlə heç bir problemimiz yoxdur və onlarla qarşıdurma səviyyəsində deyilik. Biz bütün mümkün əməkdaşlığa açığıq. Azərbaycan açıq qapı siyasəti həyata keçirir, dialoq siyasətinin tərəfdarıdır. Biz sivilizasiyalar arasında, dinlər arasında, etnik qruplar arasında dialoqun tərəfdarıyıq. Keçmiş Sovet İttifaqı məkanında Azərbaycan yeganə yer idi ki, biz etnik qruplar, millətlər, dinlər arasında qarşıdurmanın nə olduğunu bilmirdik. Müstəqillik əldə etdikdən sonra baş vermiş bütün dəhşətli hallara baxmayaraq, biz bu xüsusiyyətimizi saxlaya bildik. Bizim yalnız bir problemimiz var, o da bizə zorla qəbul etdirilmişdir. Bu, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi ilə bağlı problemdir. Bir daha demək istərdim ki, biz hər bir ölkə ilə istənilən istiqamətdə əlaqələri inkişaf etdirməyə hazırıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir

Aerokosmik Modelçilik Festivalının qalibləri mükafatlandırılıb

Premyer Liqa: "Qəbələ" "Qarabağ" səfərindən xalla qayıdıb

“Taxta bazarı” adlanan ərazidə baş vermiş yanğın məhdudlaşdırılıb

Belçikalı gimnast: Milli Gimnastika Arenasındakı təşkilatçılıq möhtəşəmdir

Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır

“Taxta bazarı”ndakı yanğının söndürülməsinə 15 texnika və 70 nəfər cəlb olunub

Nurlana Məmmədzadə: Bədii gimnastika ölkəmizdə qızlar arasında ən populyar idman növüdür

Bu gün Bakının 551 küçəsi yuyulub

Baş katib: Gənc gimnastlarımız Bakıdakı Dünya Kubokunda təcrübələrini daha da artıracaqlar

Ticarət və Sənaye Palataları Birliyi Qadın Sahibkarlar Komitəsinin ikinci Baş Assambleya iclası keçirilib

“Ailədaxili mübahisələrin mediasiya prosesləri vasitəsilə həllində psixoloqların rolu” mövzusunda konfrans keçirilib

® “Bakcell” 100000GB kütləvi hədiyyə paylayır!

Naxçıvançaydan Heydər Əliyev su anbarına bərk tullantılar daxil olub

İsveçli atlet şüvüllə tullanmada yeni dünya rekordu vurub

Ceyranbatan su kanalında bir nəfərin batması ilə bağlı FHN-in müvafiq qüvvələri əraziyə cəlb edilib

Taxta bazarı adlanan ərazidə yanğınla bağlı polis əməkdaşları hadisə yerinə cəlb edilib

23 Aprel-Milli Suverenlik və Uşaq Bayramı münasibətilə türkdilli dövlətlərdən bir qrup uşaq Türkiyəyə gətirilib

Ekvador Prezidenti enerji böhranı ilə əlaqədar fövqəladə vəziyyət elan edib

Bu il “Aerokosmik Modelçilik Festivalı” iştirakçılarının sayı 2 dəfə artıb

BDU-nun Qazax filialında inklüziv təhsilə dair beynəlxalq konfransın regional bölməsinin iclası olub

Türkiyə Prezidenti HƏMAS-ın siyasi bürosunun rəhbərini qəbul edib

Basketbol üzrə Azərbaycan Kubokunun qalibi "Neftçi" olub

Nərimanov rayonunda taxta bazarı adlanan ərazidə yanğın baş verib VİDEO

Bu il Türkiyənin xidmətlər üzrə ixrac hədəfi 110 milyard dollardır

DİN-in baş idarəsinin nümayəndəsi: Azərbaycanda narkotik istehsalı ilə bağlı fakt aşkarlanmayıb – MÜSAHİBƏ

“Flydubai” Dubay hava limanından uçuşlar rejimini bərpa edib

Bədii gimnastika üzrə Dünya Kuboku: Çoxnövçülük yarışında lider dəyişib

77-ci Kann kinofestivalının rəsmi posteri təqdim edilib

IV Azərbaycan Astronomiya Olimpiadasının final mərhələsi keçirilib

Evi yararsız vəziyyətə düşən vətəndaş üçün müvəqqəti çadır qurulub

Türkiyə XİN Azərbaycan-Ermənistan dövlət sərhədi ilə bağlı əldə edilən razılaşma barədə bəyanat yayıb

İsveçin xarici işlər naziri Qazaxın kəndlərinin Azərbaycana qaytarılması ilə bağlı paylaşım edib

Dörd kəndin qaytarılması Prezident İlham Əliyev başda olmaqla Azərbaycan diplomatiyasının növbəti uğurudur - ŞƏRH

Otuza yaxın şəhid övladı Ağbulaq İstirahət Mərkəzində istirahət edib

Qızılhacılı kəndinin sakinləri doğma yurdlarının qaytarılmasının sevincini yaşayırlar VİDEO

Nəcəf Aydınoğlu: Narkotacirlərin texniki işçiləri və hakerləri də olur

İranın Azərbaycandakı səfirinin ölkəmizdəki diplomatik fəaliyyəti başa çatır

Moskva Dövlət Linqvistika Universiteti nəzdində Azərbaycan dili və Mədəniyyəti Mərkəzi 15 illik yubileyini qeyd edib

Hakan Fidan: Dünyanın ən böyük problemi beynəlxalq sistemin ikiüzlülüyüdür

Müdafiə Nazirliyi: Gənc əsgərlərin hazırlığına xüsusi diqqət yetirilir VİDEO

Şəkidə “Şahin” hərbi-idman oyununun zona birinciliyinin qalibi müəyyənləşib

WP: ABŞ Ukraynaya hərbi yardım paketini Konqresin təsdiqindən dərhal sonra çatdıra bilər

Ralf Ranqnik “Bavariya”nın baş məşqçisi ola bilər

Təhqiqat qrupunun rəisi: Narkoadminlərin Azərbaycandakı havadarlarının aşkarlanması üçün zəruri addımlar atılır

“GPT-4” neyroşəbəkəsi oftalmoloq həkimlərin səviyyəsinə çatıb

DİN nümayəndəsi: Azərbaycana narkotik vasitələr daha çox cənub sərhədlərindən, əsasən İrandan gətirilir

Moskvada görkəmli azərbaycanlı mesenat Hacı Zeynalabdin Tağıyevin xatirə gecəsi keçirilib VİDEO

Veteran stolüstü tennisçilər arasında ölkə çempionatına start verilib

İsa Həbibbəyli: Qafqaz Albaniyası irsinin daha sistemli şəkildə araşdırılmasına ehtiyac var

Naxçıvanda 1969-1987-ci illərdə 21 iri sənaye müəssisəsi istifadəyə verilib

Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək

“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib

“Sabahın alimləri” müsabiqəsində Biləsuvar Təhsil Kompleksinin 6 şagirdi uğur qazanıb

“Emirates” aviakompaniyası müntəzəm uçuş cədvəlini bərpa edib

“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir

Paşinyan: Azərbaycanla sərhədin delimitasiyasından sonra Rusiya sərhədçiləri Tavuşdan çıxacaq

Superliqa klubu tanınmış futbolçunu heyətdən kənarlaşdırıb

Qlobal Metan Azaldılması təşəbbüsü çərçivəsində SOCAR və BP şirkətlərinə səfərlər təşkil edilib

Sabah ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçəcək

Bakıda növbəti ümumşəhər iməciliyi keçirilib VİDEO

Əməkdar artist Cavanşir Məmmədov vəfat edib

“IT sahəsindəki yolum” mövzusunda təcrübə sessiyasının keçirilməsi planlaşdırılır

Azərbaycan-Ermənistan şərti sərhədindəki mövcud əməliyyat şəraiti təhlil edilib VİDEO

Baş Prokurorluq tərəfindən Astara rayonunda təmizlik aksiyası təşkil olunub

Çində Qərbi Sakit okean dəniz simpoziumunun 19-cu iclası keçiriləcək

Keniya nümayəndə heyəti Azərbaycana səfər edəcək

“Murov Az Terminal”ın kapitanı: “Neftçi”ni məğlub edərək finala çıxmaq sürpriz deyildi

Qeyri-anklav kəndlərin geri qaytarılması Fransa və digər Qərb dövlətlərinin Azərbaycanla bağlı əsassız iddialarını da ifşa etdi - RƏY

DİN nümayəndəsi: Ailədaxili münaqişələrin neqativ hallara yol açmaması üçün psixoloqların bizə köməyi labüddür

Ermənistanda sakinlər suvarma suyunun qiymətinin bahalığına görə yolu bağlayıblar

Alimlər yaşlı insanlarda əzələ zəifliyinin səbəbinə aydınlıq gətiriblər

Sosial sahədə e-xidmətlərə yanvar-mart aylarında 800 minədək müraciət qeydə alınıb

Nigar Arpadarai: Bütün tərəfdaşların COP29-a böyük marağı var VİDEO

Dünya Bankının nümayəndəsi: Azərbaycanın COP29-a ev sahibliyi edəcəyindən məmnunuq VİDEO

Beynəlxalq axtarışda olan şəxs Azərbaycana ekstradisiya edilib

Medianın İnkişafı Agentliyi Ermənistanın və bir sıra digər ölkələrin media resurslarında dərc olunan əsassız məlumatlarla bağlı açıqlama yayıb

Azərbaycan Liqası: Çempionluğa iddialı komandalar Mingəçevirdə üz-üzə gələcək

ICESCO üzv ölkələri gənclərin və qadınların innovativ bacarıqlarını artırmağa çağırıb

Bakıda Birinci Türk Dövlətləri Kardioloji Qurultayı keçirilir YENİLƏNİB VİDEO

Kişi şahmatçıların Azərbaycan çempionatında yarımfinalçıları bəlli olub

Azamat Ziyo: Özbəkistan Qafqaz Albaniyasının irsinin araşdırılmasına qrantlar ayırmağa hazırdır

Lənkəran şəhərində qanunsuz tikililər sökülüb VİDEO

Gələcəkdə mediasiya xidmətlərindən ödənişsiz yararlanacaq imtiyazlı şəxslərin sayı artırıla bilər

UNESCO: Gender bərabərliyi üzrə qlobal fəaliyyət zəifləyir

Şəki Dövlət Dram Teatrı tezliklə teatrsevərlərə “Kuraj ana və uşaqları” tamaşasını təqdim edəcək

Bakı Avropa Liseyində Fənlərarası Təlim Proqramının 30 illik yubileyi qeyd olunub

Yaponiya dərman istehsalçısının qida əlavəsində nəzərdə tutulmayan daha iki maddə aşkarlanıb

Qazaxın dörd kəndinin qaytarılması Azərbaycan Prezidentinin növbəti qələbəsidir ŞƏRH

“Ümid nəğməsi” tamaşasının premyerası olub VİDEO

Sumqayıt Tibb Mərkəzi ən çox şəhid ailəsi üzvlərini işlə təmin edib

Bakıda bədii gimnastika üzrə Dünya Kubokunun ikinci gününə start verilib

BMT-nin Davamlı Enerji Onilliyinə yekun vurulub

Bu ilin üç ayında Rusiyadan Çinə neft ixracı 13 faiz artıb

AzTU-nun nizamnamə fondu 29,4 milyon manat olaraq müəyyən edilib

Bakıda xanım tanışını qətlə yetirməkdə şübhəli bilinən şəxs barədə cinayət işi açılıb

“Rik və Morti” animasiya serialının rəssamı “GameSummit 2024” üçün Bakıya gəlir

Hulusi Kılıç: Türkiyə, Azərbaycan və Rusiya Qafqaz regionunda sülh naminə əməkdaşlıq edirlər

Azərbaycan və Qazaxıstan tarixçiləri iki ölkə arasında tarix assosiasiyası yaratmaq niyyətindədirlər

Azərbaycan Texniki Universiteti publik hüquqi şəxsə çevrildi