RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN FRANSAYA RƏSMİ SƏFƏRİ

FRANSA SENATINDA AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ŞƏRƏFİNƏ RƏSMİ ZİYAFƏT

Fransa Senatında görüşdən sonra Senatın sədri Kristian Ponsölenin adından Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi ziyafət təşkil olundu. Azərbaycan-Fransa əlaqələrinin inkişafına dair fikir mübadiləsi rəsmi ziyafət zamanı daha səmimi şəraitdə davam etdirildi.

Fransa Senatının sədri KRİSTİAN PONSÖLE rəsmi ziyafətdə çıxış edərək dedi:

- Bu günlərdə həm Fransada, həm də Azərbaycanda hər bir insan iftixar hissi ilə deyə bilər ki, iki ölkə arasında olan münasibətlər çox gözəldir. Biz Sizin səfərinizi çox yüksək qiymətləndiririk və böyük sevinc hissi ilə qeyd etmək istəyirik ki, Siz Azərbaycan Prezidenti kimi ilk səfəriniz zamanı Fransada ən əvvəl Senatı ziyarət etdiniz. Məhz buna görə də mən və senator həmkarlarım Sizə xatirə olaraq kiçik bir hədiyyə təqdim etmək istəyirik.

Cənab Prezident, biz Fransaya səfərinizdə Sizə böyük uğurlar arzulayırıq və şəxsən öz adımdan, Senatın adından, bütün Fransa adından bizim ən xoş arzularımızı Azərbaycan xalqına da çatdırmağı xahiş edirik.

Səmimi sözlərə və xatirə hədiyyəsinə görə Fransa Senatının sədrinə təşəkkürünü bildirən Prezident İLHAM ƏLİYEV dedi:

- Cənab sədr, çox sağ olun.

Hörmətli dostlar, mən bizə göstərdiyiniz qonaqpərvərliyə görə dərin təşəkkürümü bildirirəm. Senatda olmağımdan çox məmnunam. Bu gün keçirdiyimiz görüş daim mənim xatirimdə qalacaqdır. Biz çox səmərəli fikir mübadiləsi apardıq. Bir çox məsələ haqqında öz fikirlərimizi ifadə etdik və bir daha əmin olduq ki, Fransa ilə Azərbaycan arasında olan münasibətlər inkişaf edir və bundan sonra da inkişaf edəcəkdir. Siyasi, iqtisadi, mədəni sahələrdə əməkdaşlığımız çox uğurludur və mən də öz fəaliyyətimdə çalışacağam ki, bu əməkdaşlığı daha da gücləndirək, Fransa ilə olan dostluq, mehribanlıq münasibətlərimizi inkişaf etdirək.

Bu gün qeyd olundu ki, Prezident vəzifəsinə seçiləndən sonra mən ilk

rəsmi səfərimi məhz Fransaya edirəm. Eyni zamanda, o da qeyd olundu ki, bu, artıq ənənəyə çevrilmişdir. 1993-cü ildə Prezident Heydər Əliyev öz rəsmi səfərini Fransaya etmişdi. Hesab edirəm ki, bu rəmzi xarakter daşıyır və bir daha ölkələrimiz arasında olan dostluq münasibətlərinin nə dərəcədə dərin olmasından xəbər verir.

Cənab sədr, mənə göstərilən diqqətə və qonaqpərvərliyə görə Sizə və bütün dostlarımıza bir daha öz təşəkkürümü bildirirəm.

Sağ olun.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin