RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN GÜRCÜSTAN PARLAMENTİNİN SƏDRİ NİNO BURCANADZE İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, sentyabrın 22-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Berlində, onun üçün ayrılmış iqamətgahda - “Adlon” mehmanxanasında Gürcüstan parlamentinin sədri Nino Burcanadze ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulandı, qlobal layihələrin, o cümlədən Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz, Qars-Axalkalaki-Bakı dəmir yolu layihələrinin həyata keçirilməsinin regionda əməkdaşlığa və bölgədə sabitliyə xidmət etdiyi bildirildi.
Xanım Burcanadze Gürcüstan Prezidenti Mixail Saakaşvilinin səmimi salamlarını, hörmət və ehtiramını dövlətimizin başçısına çatdırdı, enerji böhranı ilə əlaqədar çətin vəziyyətə düşdüyü zaman Gürcüstana göstərdiyi köməyə görə Azərbaycan Prezidentinə və hökumətinə dərin minnətdarlığını bildirdi. O, Azərbaycanda bütün sahələrdə olan böyük inkişafın Gürcüstanda məmnunluqla qarşılandığını söylədi.
Prezident İlham Əliyev onun da səmimi salamlarını Prezident Saakaşviliyə çatdırmağı xanım Burcanadzedən xahiş etdi.
Görüşdə GUAM təşkilatı çərçivəsində əməkdaşlığın, eləcə də ölkələrimizin parlamentləri arasında əlaqələrin möhkəmlənməsi və genişlənməsinin əhəmiyyətli olduğu bildirildi.