RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN ÖZBƏKİSTANA DÖVLƏT SƏFƏRİ
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İLƏ ÖZBƏKİSTAN PREZİDENTİ İSLAM KƏRİMOVUN TƏKBƏTƏK GÖRÜŞÜ
Özbəkistan rəhbəri Azərbaycan dövlətinin başçısını bir daha salamlayaraq, onun Daşkəndə dövlət səfərini yüksək qiymətləndirdi və bu səfərin uğurla keçəcəyinə əminliyini vurğuladı.
Prezident İlham Əliyev Özbəkistana dövlət səfərinə dəvətə görə minnətdarlığını bildirdi, dost-qardaş ölkələrimiz və xalqlarımız arasında münasibətlərin bundan sonra da genişlənəcəyinə əmin olduğunu söylədi.
Dostluq və qarşılıqlı etimad şəraitində keçən görüşdə Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, Cənubi Qafqazda və Mərkəzi Asiyada təhlükəsizlik məsələləri, regional və beynəlxalq problemlər barədə, habelə ölkələrimizi maraqlandıran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Tərəflər iqtisadi əməkdaşlığın inkişafına, o cümlədən qarşılıqlı mal dövriyyəsinin artırılmasına, nəqliyyat və energetika məsələlərinə, habelə humanitar və mədəni əlaqələrin genişləndirilməsinə böyük diqqət yetirdilər.