Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ XRONİKA

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN QƏTƏRİN “ƏL-CƏZİRƏ” TELEYAYIM KORPORASİYASININ ƏMƏKDAŞLARINA MÜSAHİBƏSİ

AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN QƏTƏRİN “ƏL-CƏZİRƏ” TELEYAYIM KORPORASİYASININ ƏMƏKDAŞLARINA MÜSAHİBƏSİ

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 27-də Prezident sarayında Qətərin “Əl-Cəzirə” teleyayım korporasiyasının Moskva bürosunun əməkdaşları Əbdülmunim Salim Adilə və Hüda Xəlil Rahməyə müsahibə vermişdir. Bu müsahibə oktyabrın 15-də “Əl-Cəzirə” telekanalı ilə yayımlanmışdır. AZƏRTAC həmin müsahibənin mətnini oxuculara təqdim edir.

- Cənab Prezident, icazə verin, müsahibəmizə çox mühüm hesab etdiyim sualla başlayım. Artıq üç ilə yaxındır ki, atanız, Prezident Heydər Əliyev haqq dünyasındadır. Onun rəhbərliyi illərində Azərbaycan irəliyə doğru addımladı. O, yenidən əldə edilmiş dövlətçiliyin təşəkkülü sahəsində ilk tədbirlərə başladı. İndi, respublikaya Sizin başçılıq etdiyiniz vaxtda özünüzü atanızın dövlətçiliyi möhkəmləndirməsi işinin davamçısı hesab edirsinizmi və bu gün Sizin üçün ən önəmli məqsəd hansıdır?

-Təbii ki, özümü Heydər Əliyevin işlərinin davamçısı hesab edən təkcə mən deyiləm, indi baş verənləri Azərbaycan xalqı da məhz belə qəbul edir. Mən bu vəzifəyə başlayanda bildirmişdim ki, Azərbaycanda Heydər Əliyevin rəhbərliyi ilə bir çox illər ərzində həyata keçirilmiş nə varsa, hamısını davam etdirəcəyəm. O illər Azərbaycan üçün həlledici illər olmuşdur, çünki dövlətimizin özünün varlığı sual altında idi. Azərbaycanda cərəyan etmiş mənfi proseslər ölkəmizin dövlətçiliyinə, əslində, son qoya bilərdi. Heydər Əliyevin xidməti, ilk növbədə, ondadır ki, o, müstəqilliyimizi qoruyub saxladı, möhkəmləndirdi və Azərbaycanı elə bir səviyyəyə çıxardı ki, ölkəmizin hərtərəfli inkişafı heç kimdə heç bir sual və şübhə doğurmur.

İndi qarşımızda duran vəzifə bu möhkəm təməl əsasında inkişaf etmiş iqtisadiyyata və siyasi sistemə malik müasir dövlət, bizim hamımızın fəxr edə biləcəyimiz ölkə yaratmaqdan ibarətdir. Son üç ildə bu istiqamətdə böyük uğurlara nail olmağımız məndə məmnunluq hissi və atamın başladığı və həyata keçirdiyi və indi bizim müvəffəqiyyətlə davam etdirdiyimiz işlərə görə qürur hissi doğurur.

- Cənab Prezident, təbii ki, Azərbaycan üçün ən ağrılı problemlərdən biri təkcə Dağlıq Qarabağın deyil, həm də onun hüdudlarından kənarda 7 rayonun işğalıdır. Hazırda Azərbaycanın ATƏT və digər beynəlxalq təşkilatlar, o cümlədən BMT Baş Məclisi vasitəsilə göstərdiyi diplomatik səylərin uğuruna inanırsınızmı?

- Bizim göstərdiyimiz səylər hələlik əməli nəticə verməmişdir. Əlbəttə, bu, bizdə, Azərbaycan rəhbərliyində və ictimaiyyətində böyük narahatlıq doğurur. Çünki bu vəziyyət 10 ildən çoxdur davam edir. Azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə dünya birliyi tərəfindən pislənməmişdir. Halbuki, 1 milyondan çox adam Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalmışdır. Sərhədləri bütün dünya tərəfindən tanınan suveren dövlətin ərazisinin, - bizim ərazi bütövlüyümüz BMT tərəfindən də tanınır, - işğalına dünya birliyi tərəfindən lazımi münasibət göstərilməmişdir. Bu işğal nəticəsində torpaqların 20 faizi zəbt olunmuş, 1 milyondan çox azərbaycanlı qaçqına və məcburi köçkünə çevrilmişdir. Başqa sözlə, bütün bunlar uzun illər davam edən ən böyük ədalətsizlikdir. Təəssüf ki, dünya birliyi bu işğala son qoymaq üçün təcavüzkara lazımi təsir göstərmir. Biz münaqişənin sülh yolu ilə həlli üçün səy göstəririk, lakin eyni zamanda əmin oluruq ki, ciddi hərbi, siyasi, diplomatik və iqtisadi vasitələr olmasa, işğala son qoymaq çətin, bəlkə də, qeyri-mümkün olacaqdır. Buna görə də ATƏT çərçivəsində danışıqlar prosesini davam etdirərək, habelə bu məsələnin müzakirəsinə yeni qurumları, o cümlədən BMT Baş Məclisini, Avropa Şurası, İslam Konfransı Təşkilatını və digər təşkilatları cəlb etməklə biz dinc yolla nizamasalma üçün bütün imkanlardan istifadə etmək istəyirik ki, problemin sülh yolu ilə həlli üçün hər şeydən istifadə edib-etmədiyimiz barədə gələcəkdə heç bir şübhəmiz qalmasın. Bununla yanaşı, biz ölkəmizi möhkəmləndiririk, iqtisadiyyatımızı, müdafiə sahəsini möhkəmləndiririk. Azərbaycana yatırılan çox böyük məbləğdə sərmayələr ona gətirib çıxardı ki, bu gün bizim iqtisadiyyatımız Ermənistan iqtisadiyyatından 6 dəfə üstündür, gələn il isə 10 dəfə artıq olacaqdır. Təbii ki, bütün bunlar məsələnin həlli üçün bizdən ötrü getdikcə daha əlverişli şərait yaradacaqdır.

Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Ermənilər oraya XIX əsrin birinci yarısında köçürülmüşlər. Dağlıq Qarabağın hüdudlarından kənardakı ərazilərin əhalisi yüz faiz azərbaycanlılar idi. Dağlıq Qarabağ əhalisinin təxminən 30 faizi azərbaycanlılar idi, bu, kifayət qədər çoxdur. Bir sözlə, həm tarixi, həm də hüquqi baxımdan ədalət bizim tərəfimizdədir. İqtisadi potensial baxımından Ermənistan bizim üçün artıq rəqib deyildir. Hərbi potensial nöqteyi-nəzərindən bu gün Azərbaycan ordusu Qafqazda ən güclü ordudur və onun gücü artır, çünki biz hərbi büdcəmizi hər il artırırıq. Gələn il isə bizim hərbi büdcəmiz Ermənistanın bütün büdcəsinə bərabər olacaqdır.

Bütün energetika, iqtisadi layihələrimiz tamamilə həyata keçirildikdən sonra Azərbaycan çox güclü dövlətə çevriləcəkdir. Ermənistan bizimlə yarışa bilməyəcəkdir. Ona görə də Ermənistan rəhbərliyi bu yolun fəlakətliliyini, perspektivsizliyini və münaqişə sülh yolu ilə nizama salınmasa, Dağlıq Qarabağ və Ermənistan əhalisini necə bir təhlükəyə məruz qoyacaqlarını başa düşməlidir.

-Bir halda ki, Azərbaycanın hərtərəfli - iqtisadi, sənaye və hərbi baxımdan möhkəmləndiyindən danışırıq, onda demək olarmı, elə bir hədd, elə bir sərhəd varmı ki, artıq ondan sonra Siz belə qənaətə gələcəksiniz ki, bütün sülh və diplomatiya imkanları tükənmişdir?

- Bilirsiniz, danışıqlar prosesinin lap əvvəlindən, 1994-cü ildən bu proses hansısa formatda gedirdi, hansısa təkliflər müzakirə edilirdi. Tərəflər, əsasən, ATƏT-in Minsk qrupundan gələn təkliflər ətrafında dialoq aparırdılar. Lakin hansısa mərhələdə, nizamasalma prinsiplərinin az-çox hansısa ümumi anlaşmasına gəlib çıxdıqda, danışıqlar pozulurdu. Özü də erməni tərəfinin təqsiri üzündən pozulurdu. Əvvəlcə Ermənistanda çevriliş oldu və rəhbərlik zorakılıq yolu ilə dəyişdi və danışıqlar pozuldu. Sonra Ermənistan parlamentində dövlət terrorizmi aktı törədildi, Ermənistan hakimiyyətinin nümayəndələri öldürüldü və beləliklə, danışıqlar yenidən pozuldu, sonrakı mərhələlər də həmçinin. Ermənistan tərəfi son anda həmişə danışıqlardan yayınır.

İndiki danışıqlar formatı mərhələli həlli nəzərdə tutan Praqa prosesi formatıdır, yəni Ermənistanın işğalçı qüvvələrinin ərazilərimizdən çıxarılmasını, Dağlıq Qarabağın statusunun müzakirə edilməsini və təhlükəsizliyi möhkəmlətmək sistemini, habelə sülhyaratma əməliyyatını nəzərdə tutur. Ümumən, söhbət bundan gedir. Yəni, bu, əslində, yekun mərhələsidir və əgər o, erməni tərəfinin qeyri-konstruktiv mövqeyi ilə pozulsa, onda nə Minsk qrupu həmsədrlərinin, nə də münaqişə tərəflərinin danışıqları davam etdirmək üçün daha imkanları, sadəcə, qalmayacaqdır. Yəni, gələcəkdə danışıqlar nəyin ətrafında aparılacaqdır? Ona görə də biz hesab edirik ki, indiki mərhələdə danışıqlar prosesini erməni tərəfinin pozması danışıqların dayandırılmasına gətirib çıxara bilər. Lakin biz başa düşürük ki, danışıqlar dayanarsa, onda bundan sonra nəsə baş verməlidir. Biz oturub, heç nə etməyə bilmərik, nə vaxtsa nə isə baş verəcəyini gözləyə bilmərik. Biz ya danışıqlar prosesində, ya da bu prosesdən kənarda olmalıyıq. Əgər biz danışıqlar prosesindən kənarda olsaq, onda Azərbaycan danışıqların aparılmasına dair bütün öhdəlikləri öz üzərindən götürəcəkdir və bu məsələdə öz strategiya və taktikamızı dəyişəcəyik. Əlbəttə ki, onda istənilən digər variantlar müzakirə ediləcəkdir.

Dediyim kimi, Azərbaycanın güclü iqtisadi potensiala malik olduğu və Azərbaycanla müqayisədə Ermənistanın zəif ölkə olduğu bir şəraitdə, dərhal hərbi əməliyyat barədə düşünmək zəruri deyildir.

Hərbi əməliyyat sonuncu addımdır. Yəni Azərbaycanın çox böyük maliyyə, insan ehtiyatları, nəhəng intellektual potensialı olduğu halda, məqsədə çatmağımız üçün bizim çox imkanlarımız olacaqdır. Sadəcə olaraq, Ermənistanda anlamalıdırlar ki, proses bizim xeyrimizə inkişaf edir.

Bəli, əlbəttə, prosesin uzanması bir milyon qaçqın-köçkünümüzün əzab-əziyyəti ilə müşayiət olunur. Lakin biz onlara kömək etməyə çalışırıq, onlar üçün yeni müasir şəhərlər və qəsəbələr salırıq. Biz qaçqın-köçkünləri cəmiyyətin gündəlik həyatına inteqrasiya etməyə çalışırıq. Onlar üçün müvəqqəti də olsa, normal həyat şəraiti yaratmağa çalışırıq, çünki əminik ki, onlar öz torpaqlarına qayıdacaqlar. Buna görə də münaqişənin uzanması üzündən insanlarımız narahatlıq və əziyyət çəkirlər. Lakin Ermənistanda anlamalıdırlar ki, prosesin inkişafı baxımından onların tutduğu yol heç yerə aparmır. Onların mövqeyi yalnız özlərinin təsəvvürlərinə və arzularına əsaslanır. Bizim mövqeyimiz isə beynəlxalq hüquq normalarına əsaslanır. Azərbaycanın ərazi bütövlüyü hamı tərəfindən – ATƏT-in Minsk qrupunun həmsədrləri olan ABŞ, Rusiya və Fransa, Avropa İttifaqı və İslam aləmi, bütün dünya tərəfindən tanınmışdır. BMT Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanımışdır. Ona görə də Ermənistan ya diasporun, ya da dünyanın müxtəlif ölkələrində Ermənistanı qurban kimi qələmə verməyə cəhd göstərən satqın, riyakar siyasətçilərin köməyinə uzun müddət arxalana bilməz. Bu, çox davam etməyəcəkdir. Bizim aramızda qüvvələr tarazlığı olanda, hərbi və iqtisadi potensialımız müəyyən dərəcədə təxminən bərabər olanda, onlar belə fəaliyyəti davam etdirə bilirdilər. Biz bu tarazlığı pozduq. Bu tarazlıq daha yoxdur və aramızdakı fərq artacaqdır.

Dağlıq Qarabağ məsələsi bizim bir nömrəli problemimizdir. Bizim maliyyə imkanlarımız, siyasi qüvvəmiz, bizim regiondakı mövqeyimiz şəraitində, enerji ehtiyatları baxımından Azərbaycanın region üçün, Avropa üçün vacibliyi şəraitində Ermənistan bizimlə rəqabət apara bilməz. Onlar bunu anlamalıdırlar. Dağlıq Qarabağın erməni əhalisinin təhlükəsizliyi naminə, Ermənistan əhalisinin təhlükəsizliyi naminə onlar işğal olunmuş ərazilərdən könüllü surətdə çıxmalıdırlar.

- Biz eşidirik ki, Rusiya strateji tərəfdaşdır, Birləşmiş Ştatlar da Sizə yaxındır, hələ Türkiyəni demirik... Siz hansı xarici siyasəti yeridirsiniz?

- Bilirsinizmi, daxili siyasət kimi, xarici siyasət də elə bir amildir ki, hamının gözü qarşısındadır. Biz Azərbaycanda səmimi siyasət yeridirik. Başqa sözlə, siyasətimizdə heç bir ikimənalılıq yoxdur – həm rəsmi görüşlərdə, həm bəyanatlarımızda, həm qəbul etdiyimiz qərarlarda biz daim həm ictimaiyyət üçün, həm də xarici tərəfdarlarımız üçün düzgün, açıq siyasət yeridirik. Çünki biz dünyada yalnız o vaxt nüfuz və hörmət qazana bilərik ki, prioritetlərimiz haqqında açıq danışaq, bütün məsələlərə dair mövqeyimizi açıq bəyan edək və tərəfdaşlarımızla əməkdaşlıq etməyə çalışaq. Bəzən, bəlkə də, müəyyən amillərin təsiri altında belə təsəvvür yaranır ki, öz aralarında hansısa problemləri olan ölkələrlə normal əməkdaşlıq etmək mümkün deyildir. Azərbaycanın təcrübəsi bunu təkzib edir.

Siz Rusiya ilə strateji tərəfdaşlıq münasibətlərimizi xatırlatdınız. Hazırda bu münasibətlər Azərbaycan müstəqillik qazandığı vaxtdan bəri ən yüksək səviyyəyə çatmışdır və biz bundan çox razıyıq. Bu, Rusiyanın da, bizim də maraqlarımıza cavab verir. Amerika Birləşmiş Ştatları ilə münasibətlərimiz barədə də eyni sözləri demək olar. Strateji tərəfdaşlıq və müxtəlif sahələrdə əməkdaşlıq münasibətlərimiz qarşılıqlı surətdə faydalı və regionun inkişafı üçün çox vacibdir. Türkiyə bizim ən yaxın tərəfdaşımızdır, Azərbaycanın müstəqilliyini ilk tanıyan ölkədir, bizi möhkəm qardaşlıq və əməkdaşlıq telləri bağlayır. Eyni sözləri bizim digər qonşumuz – Gürcüstan haqqında da deyə bilərəm. Biz Gürcüstanla müxtəlif sahələrdə - siyasi, iqtisadi münasibətlər sahəsində, energetika layihələrində fəal əməkdaşlıq edirik. Bizim digər qonşumuz İrandır. Onunla hazırkı münasbətlərimiz ictimaiyyətin əhval-ruhiyyəsini tam əks etdirir və çox şadıq ki, bu münasibətlər ən yüksək səviyyəyə qalxmışdır və bizim aramızda heç bir problem yoxdur, hərçənd, bəzən onları süni surətdə yaratmağa cəhd göstərirlər.

Avropa İttifaqı ilə münasibətlərimiz bu gün yeni mərhələyə keçir. Avropa İttifaqı Cənubi Qafqaz üçün, o cümlədən Azərbaycan üçün tərəfdaşlıq və qonşuluq proqramı təklif etmişdir. Energetika sahəsində də yaxşı perspektivlər açılır. İslam Konfransı Təşkilatında mövqelərimiz möhkəmlənir. Hazırda Azərbaycan burada nazirlər səviyyəsində həmsədrdir.

Görürsünüz, bütün bunlar ölkənin inkişafı üçün əlverişli imkanlar açır. Bizim başlıca vəzifəmiz Azərbaycanı uğurla inkişaf etdirmək, riskləri minimuma endirmək, bütün ehtiyatlarımızı optimallaşdırmaq və iqtisadi, sosial inkişafa nail olmaqdır. Bunu yalnız sərhədlərimizdə vəziyyət yaxşı olduqda, əsas tərəfdaşlarımızla münasibətlər yaxşı olduqda təmin etmək olar. Biz buna nail ola bilmişik. Bizim təcrübəmiz göstərir ki, ayrı-ayrı ölkələr arasındakı ziddiyyətlər Azərbaycan üçün heç bir rol oynamır. Biz həmişə demişik ki, Azərbaycanın mənafeyi birinci yerdədir. Bura, ölkəmiz rəqabət meydanı deyil, əməkdaşlıq meydanıdır. Biz buna nail ola bilmişik.

Odur ki, bizim xarici siyasət prioritetlərimiz çoxşaxəlidir və bir-birini tamamlayır.

- Cənab Prezident, bir halda ki, İranı xatırladınız, belə bir sualı verməyə bilmərəm. O cümlədən İran ətrafında, onun nüvə dosyesi ətrafında yaranmış vəziyyət barədə. İran yaxın qonşunuzdur və onun əhalisinin xeyli hissəsi azərbaycanlılardır. Siz bu məsələnin həllini necə təsəvvür edirsiniz?

- Bəli, İran yaxın qonşumuzdur və siz düzgün qeyd etdiniz ki, İranda çox böyük sayda azərbaycanlılar yaşayırlar və əlbəttə ki, biz onların taleyinə biganə deyilik. Ümumiyyətlə, regional miqyasda qonşunun təhlükəsizliyi sənin təhlükəsizliyin deməkdir. Bu, aksiomdur. Bizim yanaşmamız məhz belədir. Ona görə də hesab edirik ki, narahatlıq doğuran hər bir məsələ danışıqlar yolu ilə, sülh yolu ilə həll edilməlidir. Burada təzyiq, hədə-qorxu gəlmək metodları məqbul deyil, onların heç bir xeyri olmayacaqdır.

Dünyanın istənilən digər ölkəsi kimi, İranın da öz atom energetikasını inkişaf etdirmək hüququ var. Burada qanuna zidd bir şey yoxdur. Əgər bu, müəyyən təşkilatlarda və ya ölkələrdə narahatlıq doğurursa, bu məsələni nizama salmaq lazımdır. Elə bir anlaşmaya gəlmək gərəkdir ki, hər iki tərəf mövcud vəziyyətdən razı qalsın. Əgər narahatlıq əsaslıdırsa, o, aradan qaldırılmalıdır. Lakin hər bir dövlətin suveren hüququ da mütləq həyata keçirilməlidir. Ona görə də biz ancaq danışıqlar yoluna tərəfdarıq və hesab edirik ki, bu, yeganə mümkün yoldur.

- Cənab Prezident, hamımız bilirik ki, İranın Ermənistanla, bu gün düşməniniz olan, Azərbaycan ərazisinin böyük bir hissəsini, təxminən 20 faizini işğal etmiş ölkə ilə də yaxşı münasibətləri var. Bu, Sizi narahat edirmi, yoxsa, əksinə, ümid edirsiniz ki, bu münasibətlər vəziyyətin nizama salınması işində kömək edə bilər?

- Bilirsinizmi, təbii ki, bu məsələlər ictimai qavrayış səviyyəsində, ictimai rəy səviyyəsində Azərbaycanda narahatlıq doğurur. Deyək ki, sənin ərazini işğal etmiş ölkəni təsəvvürə gətirin. Təbii ki, biz bu ölkənin beynəlxalq əlaqələrinə və onunla kimlərin dost olduğuna, kimlərin dost olmadığına həmişə diqqət yetiririk. Lakin digər tərəfdən, beynəlxalq münasibətlər sistemi mövcuddur. Qonşularımızdan təkcə İranın deyil, bəzi başqalarının da Ermənistanla yaxşı münasibətləri var. Yəni, bu, Azərbaycan tərəfindən siyasi qərarlar qəbul edilməsinə təsir göstərə biləcək amil olmamalıdır. Əksinə, çalışmalıyıq ki, Ermənistanın yaxşı münasibətləri olan ölkələrlə bizim ondan da yaxşı münasibətlərimiz olsun. Biz buna çalışırıq və belə də edirik.

Bizim regionda və dünyada ənənəvi müttəfiqlərimiz var, onlar Azərbaycanı dəstəklədiklərini daim bəyan edirlər, onlarla kifayət qədər məhsuldar və səmərəli münasibətlərimiz yaranır. Diplomatiyamızın köməyi ilə maksimum dərəcədə səylərimizi bizdə narahatlıq doğuran məqamlar üzərində cəmləşdirməliyik. Başqa sözlə, biz diplomatiyada Ermənistanın meydanında oynamalıyıq.

Biz Los-Ancelesdə Baş konsulluq açdıq. Bu, Birləşmiş Ştatlarda böyük şəhərdir. Əlbəttə ki, orada diplomatik nümayəndəliyimizin olması bizim üçün çox vacibdir. Lakin sirr deyil ki, Kaliforniya ABŞ-da ermənilərin çox yaşadığı ştatdır. Biz orada olmaq və onlarla, erməni lobbisi ilə mübarizə aparmaq üçün orada Baş konsulluq açdıq. Biz Argentinada da səfirlik açırıq. Bildiyiniz kimi, Latın Amerikasında ən güclü erməni lobbisi Argentinadadır. Elə görünə bilər ki, heç bir ciddi əlaqələrimiz olmayan ölkədə səfirlik açmaq Azərbaycanın nəyinə gərəkdir? Ancaq biz orada səfirlik açırıq ki, erməni lobbisi ilə onların ərazisində mübarizə aparaq. Biz daim onları qabaqlamalıyıq. Biz buna nail olmuşuq. Bizim diplomatik təşəbbüslərimiz, siyasi gedişlərimiz, regiondakı inteqrasiya prosesləri, region ölkələri ilə münasibətlərimizin möhkəmlənməsi – bütün bunlar bizim mövqelərimizi gücləndirir.

Bu gün Ermənistan diplomatik baxımdan uduzmuş ölkədir. Onların özlərinə yaxın müttəfiq saydığı ölkələr bu gün Azərbaycanın da yaxın müttəfiqidir. Bu ölkələr üçün mühümlüyü baxımından, Azərbaycan Ermənistandan daha mühümdür. Ermənistan bir ölkə kimi heç bir maraq kəsb edə bilməz, çünki o, bir tərəfdən coğrafi dalandır, digər tərəfdən isə, biz boru kəmərimizi kənardan çəkməklə onu energetika baxımından dalana çevirmişik. Biz Qars-Tbilisi-Bakı dəmir yolunu çəkməklə onu nəqliyyat baxımından da dalana çevirəcəyik. Regionumuzdan ümumiyyətlə uzaqda olan təşkilatların və siyasətçilərin etirazlarına baxmayaraq, biz bunu edəcəyik.

Beləliklə, Ermənistan onlar üçün nə ilə cəlbedici ola bilər, Ermənistan region ölkələri üçün nə ilə cəlbedici ola bilər? Yalnız bununla ki, onun müxtəlif ölkələrin siyasətinə təsir göstərən zəngin diasporu var? Bu, amildir. Lakin bu amil Azərbaycan amili ilə müqayisədə olduqca kiçikdir.

Bu gün Azərbaycan böyük potensiala – enerji, nəqliyyat potensialına, siyasi potensiala malik ölkədir, islam aləmində möhkəm mövqeyə malik ölkədir. Biz müstəqillik əldə etdiyimiz vaxtdan bəri, xüsusilə Dağlıq Qarabağ məsələsinin nizama salınması məsələsində Azərbaycanı dəstəklədiklərinə görə İslam aləmindəki qardaşlarımıza çox minnətdarıq. Azərbaycan Avropaya və dünya bazarlarına enerji ehtiyatları göndərəcək bir ölkədir. Bu, Şərq-Qərb dəhlizinin keçdiyi ölkədir. Tərəzinin bir gözündə Azərbaycanı, o biri gözündə isə Ermənistanı təsəvvür edin. Müqayisəolunmaz çəkilərdir. Biz bütün istiqamətlərdə mübarizə aparmalıyıq. Mən hökumət qarşısında, Azərbaycanın bütün vətənpərvərləri qarşısında vəzifə qoymuşam ki, ermənilər bizim ərazilərdən getməyincə, Ermənistana qarşı bütün cəbhələrdə mübarizə aparılsın. Düşünürəm ki, onlar bizim ərazilərimizdən çıxandan sonra münasibətlərimiz bərpa olunacaq və biz qonşular kimi yanaşı yaşamağı davam etdirəcəyik.

- Cənab Prezident, Xəzər Azərbaycan üçün firavanlıq və iqtisadiyyatı möhkəmlətmək mənbəyidir. Lakin belə fikir var ki, Xəzər həm də sahilyanı ölkələr arasında nifaq mənbəyidir. Sizin dediyiniz neftin nəqli marşrutlarını nəzərə alsaq, bu, Rusiya kimi ölkələrin mənafelərinə toxunur, çünki bu marşrutlar Rusiyadan yan keçir.

- Xəzər barəsində Rusiya ilə dənizin sektoral bölgüsü haqqında sazişimiz var. Bu saziş belə həssas məqamla bağlı bütün məsələləri tamamilə aradan götürmüşdür. İkitərəfli sektoral bölgü barədə Qazaxıstanla da belə saziş imzalamışıq. Yeri gəlmişkən, Rusiyanın Qazaxıstanla da sazişi var. Hesab edirəm ki, bu ikitərəfli sazişlər məsələnin çoxtərəfli tənzimlənməsi üçün əsas ola bilər. Bu, Xəzəryanı dövlətlərin əməkdaşlığı baxımından çox vacibdir. Gündəlik həyat baxımından isə, bilirsinizmi, biz artıq 15 ildir müstəqil dövlətik və 15 ildə Xəzərin statusu problemi nizama salınmayıbdır. Sizə açığını deyəcəyəm, bu, praktik baxımdan bizə mane olmur. Biz Xəzər dənizinin Azərbaycan sektoruna milyardlarla dollar məbləğində sərmayə cəlb etmişik, neft və qazın Xəzər dənizindən nəqli üçün boru kəmərləri tikmişik və onlardan uğurla istifadə edirik. Əlbəttə, Xəzər mövzusunun beştərəfli səviyyədə tənzimlənməsi Xəzərətrafı regionda etimadı möhkəmlətmək üçün çox mühüm elementdir.

O ki qaldı boru kəmərinə, siz də təkrar etdiniz ki, o, Rusiyadan yan keçir. Mən bu tezislə razı deyiləm, çünki biz “yan keçən” boru kəməri çəkməmişik. Biz Aralıq dənizinə boru kəməri tikmişik. Əgər Aralıq dənizinə boru kəmərini Rusiya ərazisi ilə çəkmək mümkün olsaydı və bu, iqtisadi cəhətdən sərfəli olsaydı, biz bunu edərdik. Bizə dünya bazarına çıxmaq lazım idi. Aralıq dənizi isə dünya bazarı deməkdir. Qara dəniz Avropa bazarı deməkdir. Yeri gəlmişkən, bizim boru kəmərlərindən biri məhz Rusiya ərazisi ilə onun Novorossiysk limanına gedir və demək olar, 10 ildir uğurla fəaliyyət göstərir. Gürcüstanın Qara dənizdəki Supsa limanına gedən və artıq 6 ildən çoxdur fəaliyyət göstərən boru kəməri ilə olduğu kimi, biz bu boru kəməri ilə də neft nəql edirik. Bizə Aralıq dənizinə çıxmaqla gündə bir milyon barrel neft nəql etmək gücü olan boru kəməri lazım idi. Biz onu tikdik və o, heç kimə qarşı yönəldilməyib, heç kimin mənafelərinə toxunmur. Birinci dərəcəli məsələ Azərbaycanın mənafeləridir. Bizim öz enerji ehtiyatlarımızı hasil etmək hüququmuz, istədiyimiz yerə boru kəmərləri çəkmək hüququmuz var. Biz bunu həm öz pulumuza, həm də tərəfdaşlarımızın, maliyyə təsisatlarının puluna həyata keçirdik. Həmin boru kəməri heç kimə qarşı yönəldilməyib, əksinə, ümidvaram, gələcəkdə biz onu genişləndirdikdən, digər paralel boru kəməri çəkdikdən sonra o, qonşularımızın da xeyrinə ola bilər.

- Cənab Prezident, vaxtınızdan sui-istifadə etmək istəmirəm.

İcazənizlə, sonuncu, ənənəvi sualımızı verək. Bu, Azərbaycanın ərəb dünyası ilə qarşılıqlı münasibətləri barədədir. O mənada ki, Azərbaycan İraqda koalisiya qüvvələrində iştirak edir. Cüzi qüvvə ilə iştirak etsə də, bu, hər halda, həssas məqamdır.

- Ərəb dünyası ilə münasibətlərimiz çox müsbət şəkildə təşəkkül tapır. Biz buna çox böyük əhəmiyyət veririk. Bu, xarici siyasət fəaliyyətimizdə də olduqca mühüm istiqamətdir. Son iki-üç ildə bir çox ərəb ölkələrində öz səfirliklərimizi açmağımız çox mühüm amildir və əməkdaşlığımıza necə böyük əhəmiyyət verdiyimizi göstərir. Mən Prezidentliyim dövründə üç dəfə Səudiyyə Ərəbistanında olmuşam – həm rəsmi səfərdə, həm də digər səbəblərlə əlaqədar. Qətərə rəsmi səfər etmişəm. Ərəb dövlətlərinin başçıları Azərbaycana gəlirlər, bizim aramızda İslam Konfransı Təşkilatı çərçivəsində də, ikitərəfli formatda da çox yaxşı əlaqələr var. Biz bu əlaqələri genişləndirmək niyyətindəyik. Dediyim kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsində Azərbaycanı dəstəkləyən ərəb ölkələrinə çox minnətdaram. Səudiyyə Ərəbistanı kimi ölkənin Ermənistanla heç bir diplomatik münasibəti yoxdur və onu yalnız buna görə tanımır ki, Ermənistan Azərbaycan ərazisini işğal etmişdir. Bu, qardaşlığın çox yüksək təzahürüdür və bizim üçün çox qiymətlidir.

Ona görə də xarici siyasət doktrinamızda bu istiqamətin çox böyük əhəmiyyəti var və bu əhəmiyyət getdikcə artır. Çünki bizi narahat edən məsələlər eynidir. İslama nifrətlə bağlı məsələlər ərəb dünyasını da, bizi də narahat edir. İslamın terrorizmlə eyniləşdirilməsi, müsəlmanlar üçün təhqiramiz olan ifadələr işlədilməsi, həmrəyliyə deyil, əksinə, qarşıdurmaya doğru aparan bəyanatlar verilməsi və hərəkətlər edilməsi narahatlıq doğurur. Bütün bunlar bizi narahat edir, ərəb dünyasını narahat edir. Bizi bu amil də yaxınlaşdırır. Odur ki, biz bu istiqamətdə öz səylərimizi artırmalıyıq. Təsadüfi deyil ki, biz İslam Konfransı Təşkilatının iki mühüm konfransının – xarici işlər nazirləri səviyyəsində və turizm nazirləri səviyyəsində konfranslarının Bakıda keçirilməsinin təşəbbüsçüsü olmuşuq. Bu da əməkdaşlıq etmək niyyətimizin daha bir təzahürüdür. Digər tərəfdən, bu, islam dövlətlərinin yüksək vəzifəli nümayəndələrinin Azərbaycana gəlməsi, indi Azərbaycanın necə bir ölkə olduğunu görməsi və bizi narahat edən məsələləri müzakirə etmək üçün imkandır.

Ona görə də hesab edirəm ki, gələcəkdə, biz öz tərəfimizdən bu münasibətlərin möhkəmlənməsi üçün bütün işləri görəcəyik. Bu münasibətlərin böyük tarixi kökləri var, onlar xalqlarımızın birliyinə əsaslanır. Bugünkü siyasi mənafelərimiz də uyğun gəlir.

- Cənab Prezident, bu cavablara görə çox sağ olun. Onlar ekranımızda əksini tapacaq və başa düşüləcəkdir. Çünki dediyiniz kimi, dünyamız ümumi dünyadır. Bu cavablara görə Sizə çox minnətdarıq.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazax, Ağstafa və Tovuz sakinlərinin uşaq hüquqları ilə bağlı müraciətlərinə baxılıb

Lavrov: Rusiya Ukrayna ilə bağlı danışıqlara hazırdır, lakin danışıqlar müddətində hərbi əməliyyatlara ara verməyəcək

Sergey Lavrov: Avropa İttifaqının Ermənistandakı müşahidə missiyası NATO-nun missiyasına çevrilir

Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1114-VIQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 387 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Professor Kamran İmanov beynəlxalq konfransda çıxış edib

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Türkiyə Prezidenti gündəmdəki məsələlərlə bağlı açıqlama verib

Dubay aeroportu təyyarələrin qəbulunu 48 saatlıq məhdudlaşdırıb

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb

DİM sədri: Qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər azı iki il əvvəl elan edilir

Əməyin təhlükəsizliyi və gigiyenası sahəsində Türkiyə ilə təcrübə mübadiləsi aparılır

Keşlədə kustar üsullarla kütləvi saxta məhsullar hazırlayan sex aşkar edilib

Fransalı gimnast: Bakı çox ecazkar və müasir şəhərdir

Arzu Babayeva: Ağgöl Milli Parkında ceyran populyasiyası müsbət dinamika ilə inkişaf edir

Beynəlxalq Ədalət Məhkəməsində Azərbaycanın qaldırdığı etirazlarla bağlı ictimai dinləmələr başa çatıb

Laləli çəmənlik görmək istəyənlər, Ağgöl Milli Parkına tələsin

ETX-nin məktəblərdə kibertəhlükəsizlik mövzusunda maarifləndirilmə layihəsi davam edir

“AzInTelecom” BMT-nin Qlobal Sazişinə qoşulub

Paytaxtda saxta alkoqollu içkilərin satışa çıxarılmasının qarşısı alınıb

Azərbaycan gimnastı: Karyeramda ən böyük dəstəkçim anamdır

Azərbaycan ilə Türkiyə muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

NASA ən maraqlı kosmik missiyanı təsdiqləyib

“Qəbələ” israilli futbolçu ilə vidalaşıb

Azərbaycan uşaq ədəbiyyatı: uğurlar, qayğılar...

Daha iki qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyə edilib

PFL-in prezidenti: Qəzadan sonra 9 dəfə əməliyyat olundum - MÜSAHİBƏ

BMU tələbələri ev heyvanlarının məsafədən qidalanmasına imkan verən cihaz hazırlayıblar

Azərbaycanın Rumıniya ilə hazırladığı layihə NATO tərəfindən təsdiqlənib

Azərbaycanın Baş prokuroru Beynəlxalq Prokurorlar Assosiasiyasının vitse-prezidenti seçilib

BŞTİ: Bakı Fransız Liseyində təhsil alan uşaqların dövlət təhsil müəssisələrinə köçürülməsi təmin edilə bilər

Bakı hava limanı yenidən “Skytrax” mükafatına layiq görülüb

Ukraynada pilotsuz təyyarələr istehsal edən yeni zavod açılıb

Ali Məhkəmə: İnzibati orqan öz praktikasını inzibati məhkəmə qərarlarının məzmununa uyğunlaşdırmağa borcludur

Azərbaycanın xarici işlər naziri Fələstinin Baş naziri ilə Qəzzadakı vəziyyəti müzakirə edib

MOK-da Baham adaları Olimpiya Komitəsinin vitse-prezidenti ilə görüş olub

Mina təhlükəsi ilə bağlı təlimlərdə 1500-dən çox keçmiş məcburi köçkün iştirak edib

Nazir: Türkiyə mülki aviasiya sahəsində sürətlə inkişaf edən ölkələr sırasındadır

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yenilənmiş saytı istifadəyə verilib

Azərbaycan atıcıları lisenziya turnirində iştirak edəcəklər

IRENA Assambleyasının 14-cü sessiyasında Afrikada bərpa olunan enerji mənbələrinin tətbiqi müzakirə olunub

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaqatalada vətəndaşlarla görüşüb

Türkiyə XİN regiondakı son hadisələrlə bağlı bəyanat yayıb

® “Azercell” Böhran İdarəetmə Qrupu layihəsini elan edir

Nigeriya ordusu bir həftədə 192 terrorçunu məhv edib

“Aztelekom” tərəfindən Oğuz rayonunun 97 faizi yüksəksürətli internetlə əhatə olunub

Latviyada yeni xarici işlər naziri təyin edilib

Azərbaycan və Britaniya yaşıl enerjiyə keçidi reallaşdıracaq kadrları birgə hazırlayacaq

Türkmənistan nəqliyyat marşrutları layihələrində daha fəal iştirak edəcək

® “Rabitəbank” müştəriləri biznes hesablarını banka gəlmədən aça bilərlər!

BDU tələbələri arasında “Ekologiya hüququ” mövzusunda məqalə müsabiqəsi elan edilir

Füzulidə keçirilən tibbi aksiyanın ilk günündə 100-dən çox sakin oftalmoloji müayinə olunub VİDEO

Məktəblilər uşaq yazıçısı Vüqar Haqverdiyevlə görüşüblər

Azərbaycan Rusiyadan ən çox taxta-şalban idxal edən 10 ölkə arasındadır

Bərdə, Ağcabədi, Ağdam və Tərtər rayonlarında dövlət qulluqçuları üçün təlimlər keçirilib

Qazaxıstan üç ayda 33 mindən çox avtomobil istehsal edib

Britaniyalı lord Azərbaycan-Britaniya əlaqələrindən danışıb

Xəzər dənizində tikinti məqsədləri üçün süni torpaq sahələri yaradılacaq

Ədliyyə işçilərinə və ailə üzvlərinə mənzil kirayəsi ilə bağlı pul kompensasiyası ödəniləcək

Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritet olub RƏY

Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketi üzərində işləyir

FHN: Sumqayıtda qanunsuz tikili sökülüb VİDEO

Türkiyə gələn il Somalidə neft kəşfiyyatına başlamağı planlaşdırır

“Netflix” bu il daha 9,3 milyon abunəçi qazanıb

“Ağ-qaralar”ın idman direktoru: Klubu sevən azarkeş hər zaman stadionda olmalıdır

Səhiyyə naziri respublikanın bütün şəhər və rayonlarında “İmmunlaşdırma həftəsi”nin keçirilməsi ilə bağlı Əmr imzalayıb

İsveçli funksioner: Transfer işləri ilə skaut komandası maraqlansa da, son qərarı mən verirəm

Xocavənd rayonunda fermada xeyli sayda partlayıcı maddə aşkarlanıb

Tarix Muzeyində tədbir: Molla Nəsrəddin güldürür və düşündürür

Məktəblilər ölkəmizi Avropada təmsil edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinə yeni hüquq verilir

İnzibati xəta haqqında iş üzrə icraat zamanı foto və ya video çəkilişin mediaya təqdim edilməsi inzibati məsuliyyətə səbəb olacaq

Yen Andersson: Növbəti mövsümün əvvəlində "Neftçi" yeni bazasından istifadə edə biləcək

Ölkə ərazisində havanın temperaturu 30 dərəcəyə yüksələcək

Azərbaycan Təhsil Cəmiyyətinin İdarə Heyəti yeni tərkibdə təsdiqlənib

Qərbi Azərbaycanda milli maarifçilik tariximiz – Araşdırma

“Apple” Çində “WhatsApp” və “Threads” proqramlarını “App Store”dən çıxarıb

Zərərli maddələrin miqdarı normadan çox olan avtomobillərin sürücülərinə qarşı tədbirlər görülüb VİDEO

“Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilir

ÜST quş qripi ilə bağlı həyəcan təbili çalır

“Science” jurnalı: Çinin iri şəhərlərinin təxminən yarısı çökür

ATMU nümayəndələri “Erasmus+” layihəsi çərçivəsində Avstriyada təlimdə olublar

Binəqədi rayonunda tanışlarını kafedə qəsdən öldürən şəxs barədə cinayət işi məhkəməyə göndərilib

Hesablama Palatasının sədri: 2024-cü ildə bir neçə mövzuda ekoloji audit keçiriləcək

Bərdə Peşə Liseyinin tələbəsi ABŞ-da keçirilən yarışda ölkəmizi təmsil edəcək

Vüqar Gülməmmədov: Ötən il obyektlər tərəfindən məsuliyyətə cəlbetmə istiqamətində fəaliyyət əvvəlki illərə nisbətən yetərli olub VİDEO

“Sony” və “Apollo” kompaniyaları “Paramount” şirkətini satın almaq niyyətindədir

Yens Andersson: Başlıca məqsəd "Neftçi"yə xarakteri yaxşı olan futbolçular cəlb etməkdir

Azərbaycan, Rusiya və Qazaxıstanın Hindistanın neft idxalında payı 13 faiz artıb

"Neftçi"nin idman direktoru: Azərbaycanın ən böyük klubunda işləmək qürurverici hissdir

Məleykə Abbaszadə gənclərə çağırış etdi: Özlərini aldatmasınlar

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 4 nəfər xilas edilib

Rusiyanın qəzaya uğrayan hərbi təyyarəsinin pilotlarından biri həlak olub

Şri-Lanka Rusiyaya çay ixracını 14 faiz artırıb

TDT diplomatiya akademiyalarının toplantısı Bakıda keçiriləcək

NASA süni intellekt sayəsində iqlim dəyişikliyi ilə mübarizəyə töhfə verəcək

“Aqroservis” ASC-nin İdarə Heyətinin sədri İmişlidə vətəndaşlarla görüşəcək

Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürüb

Sudanda 390-dan çox insan vəba və “denge” qızdırmasından ölüb

Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü ifşa edilib