RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN QƏTƏR DÖVLƏTİNƏ RƏSMİ SƏFƏRİ BAŞA ÇATMIŞDIR

AZƏRTAC xəbər verir ki, Qətər Dövlətində rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dekabrın 1-də bu ölkənin əmiri şeyx Həməd bin Xəlifə Al Tani ilə qısa görüşü olmuşdur.

Görüşdə bu səfərin Azərbaycanla Qətər arasında iqtisadi-siyasi və digər sahələrdə əlaqələrin möhkəmlənməsi üçün zəmin olduğu bildirildi, gələcəkdə münasibətlərin genişləndirilməsindən ötrü bütün imkanlardan istifadə edilməsinin zəruriliyi bir daha vurğulandı.

Bununla da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qətər Dövlətinə rəsmi səfəri başa çatdı.

Azərbaycan Prezidenti İlham Əliyev və Qətər əmiri şeyx Həməd bin Xəlifə Al Tani Dohə beynəlxalq hava limanına gəldilər.

Qətərin və Azərbaycanın dövlət bayraqları ilə bəzədilmiş hava limanında respublikamızın rəhbərinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Qətərin dövlət və hökumət nümayəndələri, Qətər əmiri şeyx Həməd bin Xəlifə Al Tani isə Azərbaycan nümayəndə heyəti ilə sağollaşdılar.

Qətər Dövlətinin əmiri şeyx Həməd bin Xəlifə Al Tani səfərə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq etdi, dövlətimizin başçısına bir daha dərin hörmət və ehtiramını bildirərək, onu təyyarənin pilləkənləri yanında böyük mehribanlıq və səmimiyyətlə yola saldı.

Respublikamızın Qətərdəki səfiri Elman Araslı və bu ölkənin yüksək vəzifəli şəxsləri də yola salanlar arasında idi.

X X X

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 1-də Bakıya qayıtdı.

Dövlətimizin başçısını Heydər Əliyev adına beynəlxalq hava limanında Baş nazir Artur Rasizadə, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov qarşıladılar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin