RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN QUBA RAYONUNA SƏFƏRİ
QUBA-İSPİK-XINALIQ AVTOMOBİL YOLUNUN AÇILIŞ MƏRASİMİ
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 7-də Quba rayonunda olmuşdur.
Dövlətimizin başçısı əvvəlcə Quba-İspik-Xınalıq avtomobil yolunun istifadəyə verilməsi mərasimində iştirak etdi.
Prezident İlham Əliyev yolun başlanğıcında tikintinin layihəsi ilə tanış oldu. Nəqliyyat naziri Ziya Məmmədov yolun əsas göstəriciləri barədə məlumat verərək dedi ki, ümumi uzunluğu 57 kilometr, eni çətin sahələrdə 5-6, qalan yerlərdə isə 8-10 metrdir. 1,2 milyon kubmetr torpaq, qazma, partlayış işləri görülmüşdür. 45 min ton asfalt döşənmiş, 9 ədəd yeni körpü tikilmiş, 39 ədəd suötürücü boru quraşdırılmış, təhlükəsizlik bəndləri tikilmişdir. Qəçrəş-Qımılqazma-Qırızdəhnə-Əlik-Cek-Xınalıq istiqamətində çəkilmiş yolun inşasında 270-dən çox müxtəlif texnikadan istifadə olunmuş, ümumilikdə 14 milyon manat vəsait xərclənmişdir. Yolun tikintisində min nəfərə qədər işçi çalışmışdır.
Tikintini optimal müddətdə başa çatdırmaq məqsədi ilə ixtisaslı, dağ yollarının çəkilməsində əməli təcrübəsi olan mütəxəssislər işə cəlb edilmişdir. Əvvəllər nəqliyyat vasitələrinin güclə keçdiyi, üz-üzə gələndə isə kilometrlərlə geriyə çəkilərək, bir-birinə yol verməli olduqları sahələr genişləndirilmişdir. Qısa müddətdə ən çətin sahələrdə 22 kilometr məsafədə partlayış işləri aparmaq lazım gəlmişdir.
5-ci texniki kateqoriyaya uyğun olaraq, yolun torpaq yatağının eni 8, asfalt hissəsinin eni isə 6 metrə çatdırılmışdır. Yola üç qat asfalt döşənməsi planlaşdırılır. Hələlik 8-10 santimetr qalınlığında birinci qat salınmışdır.
Bir sözlə, dağ kəndlərinin sakinlərini arzusuna qovuşduran mühəndis və texniklər qısa müddətdə əsil xariqə yaratmışlar. Vaxtilə “Dağlarda ada” adlandırılan Xınalığa indi geniş asfalt uzanır.
“Yolnəqliyyatservis” departamentinin əməkdaşları həm də yağışlı-yağmurlu günlərdə gediş-gəlişin o qədər də asan olmadığı kəndarası yollara asfalt döşəmişlər. Beləliklə, Xınalığın yol əfsanəsi reallığa çevrilmişdir.
Sonra dövlətimizin başçısı yolun rəmzi açılışını bildirən lenti kəsdi və avtomobili özü idarə edərək, Xınalıq kəndinə yola düşdü. Prezident İlham Əliyev yolboyu bir neçə mənzərəli yerdə avtomobili saxladı, bulaqdan su içdi, füsunkar təbiətin gözəl mənzərələrini seyr etdi.