RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVLƏNKƏRANDA OPERATİV MÜŞAVİRƏ KEÇİRMİŞDİR

AZƏRTAC-ın müxbiri xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 30-da Lənkəran Şəhər İcra Hakimiyyətində operativ müşavirə keçirmişdir.

Prezident İlham Əliyev çıxış edərək, ötən gün baş vermiş qəza hadisəsindən məyus olduğunu bildirmiş, bu hadisə ilə əlaqədar yaradılmış Dövlət Komissiyasının qəzanın səbəblərini araşdıracağını və rəy verəcəyini söyləmişdir. Dövlətimizin başçısı demişdir ki, bu cür hadisələrin digər rayonlarda da baş vermək ehtimalı ola bilər. Çünki 1960-70-ci illərdə tikilmiş binalar köhnəlmişdir. Belə binaların inventarizasiyası keçirilməli, təmir olunması, yenidənqurma işləri aparılması haqqında təxirəsalınmaz tədbirlər görülməsinə dair Nazirlər Kabineti qarşısında məsələ qaldırılmalıdır.

Müşavirədən sonra Azərbaycan Prezidenti İlham Əliyev icra hakimiyyəti binasının qarşısında ictimaiyyətin nümayəndələri, qəza zamanı zərərçəkənlərin ailə üzvləri ilə görüşmüşdür. Respublikamızın rəhbəri zərər çəkmiş insanların bütün ehtiyaclarının ödəniləcəyini vurğulamış və demişdir ki, hər bir ailənin problemləri aradan qaldırılanadək Dövlət Komissiyasının üzvləri və digər əlaqədar təşkilatların rəhbərləri Lənkəranda qalacaqlar. Bütün ailələr təzə mənzillə təmin ediləcək, dəyən ziyanın ödənilməsi üçün ailələrə kompensasiya və digər yardımlar veriləcəkdir.

Zərər çəkən ailələrin üzvləri onlara göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin