RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ DÖVLƏT KATİBİNİN RABİTƏ VƏ İNFORMASİYA MƏSƏLƏLƏRİ ÜZRƏ MÜŞAVİRİ DEVİD QROSSU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Prezident sarayında ABŞ dövlət katibinin rabitə və informasiya məsələləri üzrə müşaviri Devid Qrossu qəbul etmişdir.
Dövlətimizin başçısı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin uğurla inkişaf etdiyini vurğuladı. İki ölkənin müxtəlif sahələr üzrə nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin bu münasibətlərin daha da genişləndirilməsi işinə xidmət etdiyini bildirən Prezident İlham Əliyev cənab Devid Qrossun ölkəmizə səfərinin rabitə və informasiya sahəsində də əlaqələrin genişləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi.
Devid Qross Azərbaycana səfərindən məmnun olduğunu bildirdi və ölkələrimiz arasında rabitə və informasiya sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğuladı.