RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ABŞ DÖVLƏT KATİBİ MÜAVİNİNİN YAXIN ŞƏRQ MƏSƏLƏLƏRİ ÜZRƏ MÜŞAVİRİ SƏFİR CEYMS CEFRİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 12-də Prezident sarayında ABŞ dövlət katibi müavininin Yaxın Şərq məsələləri üzrə müşaviri səfir Ceyms Cefrini qəbul etmişdir.
İlk dəfə Azərbaycana səfər etdiyini vurğulayan qonaq ölkəmizə gəlməyindən çox şad olduğunu söylədi. Türkiyədə çalışdığı illərdə Azərbaycanda gedən prosesləri diqqətlə izlədiyini, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri ilə bağlı məsələlərlə yaxından məşğul olduğunu bildirən cənab Ceyms Cefri zəngin iqtisadi və mədəni potensiala malik Azərbaycanın ABŞ-la münasibətlərinin çox uğurla inkişaf etdiyini diqqətə çatdırdı.
Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri layihəsinin Azərbaycan-ABŞ əməkdaşlığının çox mühüm elementlərindən biri olduğunu vurğulayan dövlətimizin başçısı dedi ki, bu qlobal layihə burada iştirak edən böyük dövlətlərin, nüfuzlu şirkətlərin və ABŞ Administrasiyasının birgə səyləri nəticəsində reallığa çevrilmişdir.
Azərbaycan-ABŞ münasibətlərinin müxtəlif sahələrdə sürətlə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev əmin olduğunu bildirdi ki, bu əməkdaşlıq bundan sonra da uğurla inkişaf edəcəkdir.
Söhbət zamanı Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin perspektivləri və regional məsələlərlə bağlı fikir mübadiləsi aparıldı.