RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AVROPA YENİDƏNQURMA VƏ İNKİŞAF BANKININ NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 26-da Prezident sarayında Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndə heyətini qəbul etmişdir.
Nümayəndə heyətinin respublikamıza səfərinin əhəmiyyətli olduğunu vurğulayan dövlətimizin başçısı Avropa Yenidənqurma və İnkişaf Bankı ilə ölkəmizin əməkdaşlığının səviyyəsindən, birgə həyata keçirilən layihələrdən razılığını bildirdi. Prezident İlham Əliyev dedi ki, regionların və qeyri-neft sektorunun inkişafı ölkə rəhbərliyinin xüsusi diqqət yetirdiyi əsas istiqamətlərdən biridir. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, AYİB ilə əməkdaşlıq Azərbaycanda gedən iqtisadi inkişaf prosesinə öz töhfəsini verəcəkdir.
Azərbaycanın coğrafi nöqteyi-nəzərdən çox mühüm bir ərazidə yerləşdiyini xatırladan Prezident İlham Əliyev ölkəmizdə sosial infrastrukturun inkişafı istiqamətində görülən işlərdən də söhbət açdı. Sosial-iqtisadi inkişaf proqramlarının və bir sıra digər iqtisadi layihələrin Azərbaycanın öz daxili imkanları hesabına maliyyələşdirildiyini vurğulayan dövlətimizin başçısı ölkəmizdə büdcənin də sürətlə artdığını nəzərə çarpdırdı. Bütün digər sahələrdə də böyük inkişaf əldə edildiyini, xarici sərmayələr üçün ölkəmizdə yaxşı mühit yaradıldığını bildirən Prezident İlham Əliyev əmin olduğunu söylədi ki, Avropa bankı ilə əməkdaşlıq bundan sonra daha da möhkəmlənəcəkdir.
AYİB-in direktoru xanım Karina Rautala bildirdi ki, onların Azərbaycana səfərinin əsas məqsədi ölkənin sosial-iqtisadi inkişafı ilə yaxından tanış olmaq və bu barədə tam məlumat əldə etməkdir. Ölkəmizdə keçirdikləri görüşlər, bölgələrə səfərlər, o cümlədən Səngəçal terminalı ilə tanış olmaları barədə dövlətimizin başçısına məlumat verən qonaq dedi ki, bütün bunlar Azərbaycanın iqtisadiyyatda və digər sahələrdə əldə etdiyi uğurlarla yaxından tanışlıq baxımından böyük əhəmiyyət daşıyır.
Azərbaycanda bütün sahələrdə həqiqətən böyük uğurlar qazanıldığını, irimiqyaslı layihələr həyata keçirildiyini söyləyən Karina Rautala Avropa Yenidənqurma və İnkişaf Bankının bu prosesdə yaxından iştirak etməsindən məmnunluğunu vurğuladı. O dedi ki, AYİB gələcəkdə də iqtisadi layihələrin həyata keçirilməsində Azərbaycanla əməkdaşlıq etməyə hazırdır.