RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BELARUSUN ÖLKƏMİZDƏ YENİ TƏYİN OLUNMUŞ SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 7-də Prezident sarayında Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolay Pastkeviçin etimadnaməsini qəbul etmişdir.
Nikolay Pastkeviç Prezident sarayında fəxri qarovul dəstəsinin önündən keçdi.
Səfir Nikolay Pastkeviç etimadnaməsini Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edərək, müstəqil siyasət yürüdən ölkələrimizin bütün sahələrdə əlaqələrin inkişaf etdirilməsi üçün böyük potensial imkanları olduğunu vurğuladı. O, ölkələrimiz arasında ənənəvi dostluq münasibətlərinin inkişaf etdirilməsi və potensial imkanların həyata keçirilməsi üçün səylərini əsirgəməyəcəyini bildirdi.
Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi.
Sonra Prezident İlham Əliyev səfirlə səmimi söhbət etdi, hər iki ölkənin səfirliklərinin təxminən eyni vaxtda fəaliyyətə başlamasını əlaqələrin yeni mərhələyə qədəm qoymasının bariz göstəricisi kimi dəyərləndirdi. Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişafı üçün yaxşı potensialın olduğunu vurğulayan Prezident İlham Əliyev, müəssisələr arasında əlaqələrlə yanaşı, sosial-iqtisadi münasibətlərin digər sahələrdə də fəallaşdırılmasının vacibliyini qeyd etdi, bu baxımdan yüksək səviyyədə qarşılıqlı rəsmi səfələrin əhəmiyyətini diqqətə çatdırdı.
Dövlətimizin başçısı səfirə işində uğurlar arzuladı.