RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BOLQARISTAN SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də “Ulduz” sarayında Bolqarıstanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İvan Palçevin etimadnaməsini qəbul etmişdir.

Bolqarıstan diplomatı etimadnaməsini Azərbaycan dövlətinin başçısına təqdim edərək dedi:

- Cənab Prezident!

Etimadnaməmi Sizə təqdim etməkdən şərəf duyuram. Bu etimadnaməyə uyğun olaraq, Bolqarıstan Respublikasının Prezidenti cənab Georgi Pırvanov məni Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfir təyin etmişdir. Mən bunu nəinki burada, Azərbaycanda olmağımla bağlı faktın təsdiqlənməsi kimi, həm də Bolqarıstanın Azərbaycanla qarşılıqlı siyasi və iqtisadi münasibətləri inkişaf etdirmək və dərinləşdirmək niyyəti kimi qiymətləndirirəm. Ümidvarıq ki, Prezident Pırvanovun Azərbaycana qarşıdakı səfəri zamanı və Sizinlə keçirəcəyi görüşlərdə bütün sahələrdə ikitərəfli əməkdaşlığın daha fəal surətdə inkişaf etdirilməsinə dair razılaşmalar əldə olunacaqdır.

Azərbaycan Respublikasının Prezidenti İLHAM ƏLİYEV səfirə müraciətlə dedi:

- Hörmətli cənab səfir!

Sizi Azərbaycanda fövqəladə və səlahiyyətli səfir təyin olunmağınız münasibətilə təbrik edir və Sizə bu vəzifədə uğurlar arzulayıram. Biz Bolqarıstan Prezidentinin səfərini səbirsizliklə gözləyir və ümid edirik ki, bu səfər münasibətlərimizdə yeni səhifə açacaqdır. Bir sıra mühüm sənədlərin imzalanması nəzərdə tutulur və bunlar ölkələrimizin həm ikitərəfli formatda, həm də regional formatda daha fəal əməkdaşlığına kömək edəcəkdir.

Siz Azərbaycanda artıq müəyyən müddət işləmisiniz və əlbəttə, ölkəmizə bələdsiniz. Buna görə də Sizin əvvəlki fəaliyyətinizi yüksək qiymətləndiririk. Ümidvarıq ki, fövqəladə və səlahiyyətli səfir kimi fəaliyyətiniz ölkələrimizin daha da yaxınlaşmasına bundan sonra da kömək edəcəkdir.

Demək istəyirəm ki, Azərbaycan da Bolqarıstanda öz səfirliyini açmağı qərara almışdır. Dünyada səfirliklərimiz o qədər də çox deyildir. Bolqarıstanda səfirlik açmaq faktı ikitərəfli əlaqələrimizə necə əhəmiyyət verdiyimizə sübutdur. Əminəm ki, gələcəkdə bu əlaqələr inkişaf edəcək, möhkəmlənəcəkdir.

Hazırda Bolqarıstan ATƏT-ə başçılıq edir və nazir Pasi ilə çoxsaylı görüşlərimiz də çox mühüm olmuşdur. Mən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması prosesinə Bolqarıstanın cəlb olunmasını çox faydalı hesab edirəm.

Sizi bir daha təbrik edir, belə mühüm və məsul işinizdə uğurlar arzulayıram.

X X X

Azərbaycan dövlətinin başçısı və Bolqarıstan səfiri xatirə şəkli çəkdirdilər.

X X X

Sonra Prezident İlham Əliyev ilə səfir İvan Palçev arasında səmimi və mehriban söhbət oldu.

Etimadnamənin təqdim olunmasında xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak edirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin