RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV FİNLANDİYA VƏ ÇEXİYA RESPUBLİKALARI SƏFİRLƏRİNİN ETİMADNAMƏLƏRİNİ QƏBUL ETMİŞDİR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də “Ulduz” sarayında Finlandiya və Çexiya respublikalarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfirləri xanım Terhi Hakkalanın və Yozef Vrabetsin etimadnamələrini qəbul etmişdir.

Səfir Terhi Hakkala öz etimadnaməsini dövlətimizin başçısına təqdim edərək dedi:

- Zati-aliləri cənab Prezident! Bu gün Sizə etimadnaməmi təqdim etmək mənim üçün başucalığı və böyük şərəfdir. Bu gün burada olmağımdan çox şadam. Böyük məmnuniyyət hissi ilə Finlandiya Respublikasının Prezidenti xanım Tarya Halonenin salamlarını Sizə yetirirəm. Finlandiya ilə Azərbaycan arasındakı münasibətlər müsbət məcrada inkişaf edir. Avropa İttifaqının üzvü kimi Finlandiya Avropa İttifaqı ilə Azərbaycan, ümumiyyətlə, bütün region arasında əlaqələri inkişaf etdirmək əzmindədir.

Zati-aliləri, Sizi əmin edirəm ki, əlaqələri genişləndirmək üçün əlimdən gələni edəcəyəm.

Çexiyanın Azərbaycandakı səfiri YOZEF VRABETS etimadnaməsini dövlətimizin başçısına təqdim edərək dedi:

- Cənab Prezident, icazə verin, Çexiya Respublikasının Prezidenti Vatslav Klausun məni Azərbaycana səfir təyin etməsi barədə etimadnaməni Sizə təqdim edim. Mən öz vəzifəmin başlıca məqsədini qarşılıqlı münasibətlərin möhkəmləndirilməsi və genişləndirilməsində görürəm. Ümidvaram ki, azərbaycanlı həmkarlarım bu işdə mənə yaxından kömək edəcəklər və burada özümə dostlar tapa biləcəyəm. Düşünürəm ki, keçid dövründə topladığımız təcrübə Azərbaycanda uğurla həyata keçirilən islahatların aparılmasında faydalı ola bilər.

Cənab Prezident, məsul vəzifənizdə Sizə uğurlar arzulayıram.

Azərbaycan Prezident İLHAM ƏLİYEV səfirlərə müraciətlə dedi:

- Hörmətli səfirlər!

Ölkələrinizin Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə sizi ürəkdən təbrik edir, fəaliyyətinizdə uğurlar arzulayıram.

Azərbaycan Avropa strukturlarına inteqrasiya edir. Bu, bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Avropa İttifaqının yeni qonşuluq siyasətinə Azərbaycanın daxil edilməsini biz mühüm hal kimi qəbul edirik. Ümumiyyətlə, Avropa İttifaqının bizim regiona artan marağını da razılıqla qarşılayırıq. Biz çox istəyiirk ki, Avropa ölkələri ilə hərətərəfli əməkdaşlığımızı davam etdirək və bütün sahələrdə münasibətlərimiz daha da yüksək pilləyə qalxsın.

Təmsil etdiyiniz ölkələrlə bizim aramızda çox gözəl münasibətlər vardır. Əminəm ki, bu münasibətlər bundan sonra daha da inkişaf edəcəkdir. Həm siyasi, həm iqtisadi, həm də digər sahələrdə gözəl əməkdaşlıq üçün yaxşı şərait vardır.

Azərbaycan gənc müstəqil dövlət olaraq öz siyasətini də tam müstəqil şəkildə həyata keçirir. Ölkəmizdə mövcud olan problemlər öz həllini tapır, qarşımızda duran bütün vəzifələr uğurla yerinə yetirilir. Siyasi, iqtisadi, sosial sahələrdə, regional əməkdaşlıq çərçivəsində Azərbaycan çox inamla irəliləyir. Azərbaycanın iqtisadi potensialı ildən-ilə artır, dünyada və regionda siyasi mövqeləri möhkəmlənir, ölkədə mövcud olan sosial məsələlər öz həllini tapır.

Azərbaycanın ən ağrılı problemi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarının 20 faizini işğal etməsidir. Biz tələb edirik ki, bu münaqişə öz həllini beynəlxalq hüquq normaları əsasında tapsın, işğalçı qüvvələr Azərbaycan torpaqlarından geri çəkilsin. Biz tələb edirik, Birləşmiş Millətlər Təşkilatının 4 qətnaməsi icra olunsun. Bu qətnamələrə əsasən, işğal olunmuş ərazilər boşaldılmalı, Ermənistanın işğalçı qüvvələri həmin torpaqlardan qeyd-şərtsiz geri çəkilməlidir.

Biz çox şadıq ki, Avropa İttifaqı Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edibdir. Bu, Finlandiyanın nümayəndəsidir. Bu, onu göstərir ki, Avropa İttifaqının burada fəaliyyəti güclənir. Biz də bundan çox razıyıq. Mən ümid edirəm ki, bundan sonra Azərbaycan dünya birliyinə, Avropa strukturlarına daha uğurla inteqrasiya edəcəkdir. Bu siyasət, şübhəsiz, dəyişməz olaraq qalacaqdır. Ölkəmiz qarşıda duran bütün məqsədlərə çatacaqdır.

Sizi bu təyinat münasibətilə bir daha ürəkdən təbrik edirəm, fəaliyyətinizdə uğurlar arzulayıram. Sağ olun.

X X X

Prezident İlham Əliyev səfirlərlə xatirə şəkli çəkdirdi.

X X X

Sonra dövlətimizin başçısı Finlandiya və Çexiya diplomatları ilə səmimi söhbət etdi.

Etimadnamələrin təqdim olunmasında xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak edirdilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin