RƏSMİ XRONİKA


AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV HEYDƏR ƏLİYEV ADINA SARAYDA APARILAN ƏSASLI YENİDƏNQURMA İŞLƏRİ İLƏ TANIŞ OLMUŞDUR

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 28-də Bakıda, Heydər Əliyev adına Sarayda aparılan əsaslı yenidənqurma işləri ilə tanış olmuşdur.

Prezident İlham Əliyevin Sərəncamı ilə əsaslı şəkildə təmir edilən və yenidən qurulan çoxsaylı monumental binalardan biri olan bu sarayda işlərə aprel ayından başlanılmışdır.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə yenidənqurma işlərini “Azəraqrartikinti” və “Pim Proje” Türkiyə-Azərbaycan birgə müəssisəsi həyata keçirir. İşlərin gedişi ilə maraqlanan dövlətimizin başçısına məlumat verildi ki, söküntü işləri əsasən başa çatıb. Binanın fasadına İtaliyadan alınmış üzlük çəkilmişdir. Bütün istilik, işıqlandırma, səs və havalandırma sistemləri ən müasir standartlara uyğun quraşdırılmışdır. Binanın dam örtüyü tamamilə dəyişdirilib, inzibati korpusda rəngsazlıq işləri gedir. Səhnənin və salonun işıqlandırma və səsləndirmə sistemlərini idarə edəcək kinoproyeksiya korpusunda işlərin xeyli hissəsi görülmüşdür.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva səhnənin tərtibatının layihəsi ilə də maraqlandılar, tamaşa salonunun akustik divar elementlərinin bəzək-tamamlama işlərində istifadə olunacaq materiallara uyğun seçilməsi ilə bağlı tövsiyələrini verdilər.

Dövlətimizin başçısına salonda quraşdırılacaq oturacaqların və səhnə pərdəsinin nümunələri təqdim olundu.

Dövlətimizin başçısı foyedə görülən işlərlə maraqlandı, sarayın yenidən qurulmasının yüksək səviyyədə və vaxtında başa çatdırılması ilə əlaqədar tapşırıqlarını verdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin