RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV İLƏ GÜRCÜSTAN PREZİDENTİ EDUARD ŞEVARDNADZE ARASINDA TELEFON DANIŞIĞI OLMUŞDUR
Prezident İlham Əliyev hazırda Gürcüstanda yaranmış vəziyyətlə əlaqədar Azərbaycan xalqının dərin narahatlıq keçirdiyini bildirməklə yanaşı vurğulamışdır ki, ölkəmiz dost və qardaş Gürcüstanın qanuni yolla seçilmiş dövlət başçısını dəstəkləyir və bundan sonra da dəstəkləyəcəkdir. Azərbaycan qonşu ölkə ilə münasibətlərin gələcəkdə də inkişaf etdirilməsi üçün səylərini davam etdirəcəkdir.
Prezident Eduard Şevardnadze telefon zənginə və xoş sözlərə, Azərbaycan xalqının dəstəyinə görə dövlətimizin başçısına minnətdarlığını bildirmiş, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənəcəyinə əmin olduğunu söyləmişdir. Gürcüstan dövlətinin başçısı ölkədə ictimai-siyasi sabitliyin bərpa olunması üçün səylərini davam etdirəcəyini bildirmişdir.