RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MƏŞHUR NEFTÇİ-GEOLOQ FƏRMAN SALMANOVU QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 26-da Prezident sarayında Moskvada yaşayan görkəmli həmyerlimiz, məşhur neftçi-geoloq, tanınmış alim Fərman Salmanovu qəbul etmişdir.
Yenidən doğma vətənə gəlməsindən, dövlətimizin başçısı ilə görüşməsindən böyük sevinc və şərəf duyduğunu söyləyən Fərman Salmanov ulu öndər Heydər Əliyev ilə görüşlərini daim məmnunluqla xatırladığını bildirdi. O, müstəqil Azərbaycanın hərtərəfli inkişafından qürur hissi keçirdiyini vurğuladı.
Fərman Salmanov 75 illiyi münasibətilə təbrikə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirdi.
Prezident İlham Əliyev keçmiş SSRİ-də neft sənayesinin inkişafında misilsiz xidmətlər göstərmiş Fərman Salmanovun bu gün də Rusiyada Azərbaycanı və xalqımızı layiqincə təmsil etdiyini vurğuladı. Dövlətimizin başçısı görkəmli həmyerlimizə möhkəm cansağlığı, uğurlar arzuladı.