RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MEKSİKANIN SƏHİYYƏ NAZİRİ XULİO FRENKİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Prezident sarayında Meksikanın səhiyyə naziri Xulio Frenki qəbul etmişdir.
Prezident İlham Əliyev Xulio Frenkin Meksikanın Azərbaycana səfər etmiş ilk naziri olduğunu vurğulayaraq, bu səfərin ölkələrimiz arasında ikitərəfli münasibətlərin gələcək inkişafına öz töhfəsini verəcəyinə əminliyini bildirdi.
Xulio Frenk Azərbaycana səfər etməkdən məmnunluğunu ifadə etdi. Ölkəmizdə keçirdiyi görüşlər barədə Prezident İlham Əliyevə məlumat verən qonaq Meksika ilə Azərbaycan arasında müxtəlif sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gələcəkdə daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu vurğuladı.