RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MİLLİ PARKDA NEFTÇİLƏR GÜNÜ MÜNASİBƏTİLƏ XALQ GƏZİNTİSİNDƏ İŞTİRAK ETMİŞDİR
Axşam saatlarında həmişə gur olan dənizkənarı Milli Parkda sentyabrın 20-də xüsusilə qələbəlik idi. Paytaxtın on minlərlə sakini özlərinin əmək hünərləri ilə odlar yurdu Azərbaycanın tarixinə şanlı səhifələr yazmış neftçilərin peşə bayramı münasibətilə gəzintiyə çıxmışdı.
Ulu öndər Heydər Əliyevin müəllifi olduğu ölkəmizin yeni neft strategiyasının əsil təntənəsinə çevrilən bu günlərdə qəhrəman neftçilərimizin öz peşə bayramlarını həmişəkindən daha yüksək səviyyədə qeyd etməyə tam haqqı vardır. Dahi Heydər Əliyevin neft siyasətinin zirvəsi olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri artıq istifadəyə verilmiş, digər bir qlobal layihə - Cənubi Qafqaz qaz kəmərinin tikintisi ilin sonunadək başa çatacaqdır.
Azərbaycan Prezidenti İlham Əliyev bayram münasibətilə xalq gəzintisində iştirak etmək üçün Milli Parka gəldi.
Neft Bakısının sakinləri, paytaxtımızın qonaqları dövlətimizin başçısını böyük səmimiyyətlə, hərarətlə qarşıladılar.
Azərbaycan Prezidenti Dövlət Neft Şirkətinin müxtəlif strukturlarının bədii özfəaliyyət kollektivlərinin çıxışlarına tamaşa etdi. Balaca uşaqların ifasında neftçilər kompozisiyası böyük maraqla qarşılandı.
Dövlətimizin başçısı Milli Park boyunca təşkil olunmuş və neft sənayesinin tarixi ilə bağlı sərgiyə, müxtəlif fotostendlərə, habelə maketlərə, ARDNŞ-in tərkibindəki uşaq bağçalarında tərbiyə alan balacaların istedadından xəbər verən əl işlərinə baxdı.
İdmançıların nümunəvi çıxışları da diqqəti cəlb edirdi.
Prezident İlham Əliyev həmişə olduğu kimi, bu dəfə də sakinlərlə səmimiyyətlə görüşüb hal-əhval tuturdu. Xoş ünsiyyətdən sevincini gizlətməyən sadə insanlar ölkəmizin neft sənayesinin sürətli inkişafında, ulu öndərin başladığı nəhəng işlərin davam etdirilməsində böyük xidmətləri olan Prezidenti əlamətdar bayram münasibətilə ürəkdən təbrik edir, ən səmimi arzularını bildirirdilər.
Bütün bunlar, sakinlərin bəzilərinin dövlətimizin başçısını ən əziz adamı kimi bağrına basması xalqımızın müstəqil Azərbaycanın işıqlı, firavan sabahına, bu yolda səylərini əsirgəməyən, həqiqətən, hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyevə şəksiz inamının daha bir əyani təzahürü idi.