AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MİSİR SƏFİRİNİN ETİMADNAMƏSİNİ QƏBUL ETMİŞDİR
AzerTAg.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 4-də “Ulduz” sarayında Misir Ərəb Respublikasının ölkəmizdə yeni təyin olunmuş səfiri Yusif Əhməd İbrahim əl-Şarkavinin etimadnaməsini qəbul etmişdir.
Səfir Yusif Əhməd İbrahim əl-Şarkavi etimadnaməsini dövlətimizin başçısına təqdim edərək dedi:
- Qardaş Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev!
Zati-alinizə yüksək hörmət və ehtiram bəsləyən, ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etdirilməsini mənə həvalə etmiş, cənabınızın himayəsi altında bu əlaqələrin daha da gücləndirilməsini səmimi qəlbdən arzulayan Misir Ərəb Respublikasının Prezidenti Məhəmməd Hüsni Mübarəkin salamlarını Sizə çatdırmaqdan şərəf duyuram.
Cənab Prezident, mən Azərbaycanda fövqəladə və səlahiyyətli səfir təyin olunmağımdan yüksək qürur hissi duyuram. Ölkələrimiz arasındakı xoş niyyətli qardaşlıq əlaqələrinin daha da gücləndirilməsi naminə üzərimə düşən bu ali missiyanı həyata keçirmək üçün var qüvvəmlə çalışacağam.
Zati-aliləri, Ulu Rəbbimizdən cənabınıza davamlı uğurlar diləyir, mərhum Prezident, əzəmətli lider Heydər Əliyevin başladığı yolun davamçısı kimi Sizin müdrik rəhbərliyiniz altında Azərbaycan Respublikasına daha böyük tərəqqi, qardaş xalqınıza firavanlıq arzulayıram. Ölkəmlə qardaş Azərbaycan Respublikası arasındakı əlaqələrin daha da gücləndirilməsi yolunda zati-alinizin tapşırığını və tövsiyələrini almaq mənim üçün şərəf və iftixar mənbəyi olacaqdır. Çox sağ olun.
Azərbaycan Prezidenti İLHAM ƏLİYEV səfirə müraciətlə dedi:
- Hörmətli cənab səfir!
Misir Ərəb Respublikasının Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri təyin olunmağınız münasibətilə sizi ürəkdən təbrik edir, fəaliyyətinizdə uğurlar diləyirəm.
Əmin olduğumu bildirmək istəyirəm ki, ölkələrimiz arasında dostluq əlaqələri bundan sonra da güclənəcəkdir və bütün sahələrdə bizim əməkdaşlığımız daha da genişlənəcəkdir. Bizim ikitərəfli münasibətlərimiz çox dinamik surətdə inkişaf edir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində də uğurlu əməkdaşlıq edirik. Xüsusilə İslam Konfransı Təşkilatında Misir ilə Azərbaycan daim bir-birinə kömək edir, bir-birinin mövqeyini dəstəkləyir. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində Misirin Azərbaycana göstərdiyi dəstək bizim üçün xüsusilə önəmlidir. Ümid edirik ki, gələcəkdə də bu münasibəti görəcəyik, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq normaları əsasında öz həllini tapacaqdır.
Xahiş edirəm ki, mənim səmimi salamlarımı Prezident Hüsni Mübarəkə çatdırasınız.
Sizi təyinat münasibətilə bir daha ürəkdən təbrik edir, fəaliyyətinizdə uğurlar diləyirəm.
X X X
Dövlətimizin başçısı səfirlə xatirə şəkli çəkdirdi.
Sonra Azərbaycan Prezidenti İlham Əliyev Misirin ölkəmizdəki səfiri Yusif Əhməd İbrahim əl-Şarkavi ilə səmimi söhbət etdi.
Etimadnamənin təqdim olunmasında xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iştirak edirdilər.
Xəbərin mətnində orfoqrafik səhv var