AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MKT İSTEHSALAT-KOMMERSİYA MMC-NİN BAKI İPLİK FABRİKİNİN VƏ BEYNƏLXALQ TİCARƏT MƏRKƏZİNİN AÇILIŞINDA İŞTİRAK ETMİŞDİR

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 8-də Heydər Əliyev prospektində MKT İstehsalat-Kommersiya MMC-nin Bakı iplik fabrikinin və Beynəlxalq Ticarət Mərkəzinin açılışında iştirak etmişdir.
İplik fabrikində MDB-də ilk dəfə İsveçrənin Ritter şirkətinin istehsalı olan müasir avadanlıq məhz Azərbaycanda quraşdırılmışdır. Ən yeni texnoloji standartlara cavab verən fabrikdə yerli xammaldan 20 və 30 nömrəli triko və toxuma ipliyi istehsal olunur. Fabrikin potensial texnoloji imkanları isə daha 30 növ ip istehsal etməyə imkan verir.
Fabriklə tanış olan Prezident İlham Əliyevə istehsal sahəsi barədə məlumat verildi. Bildirildi ki, əyirici maşınların üstündə yerləşən xüsusi robotlar prosesin daha mükəmməl getməsinə şərait yaradır.
Dövlətimizin başçısı hazır məhsulun qablaşdırma prosesi ilə tanış oldu. İldə 7 min ton pambıq mahlıcından iplik istehsal etmək gücünə malik fabrikin məhsulları əsasən Rusiyaya ixrac ediləcəkdir. Fabrikdə 126 işçi çalışır və onların minimum aylıq əmək haqqı 300 manat təşkil edir. Müəssisənin tikintisinə 14 milyon 291 manat investisiya qoyulub.
Prezident İlham Əliyev müəssisənin laboratoriyasına da baxdı. Almaniyanın USTER şirkətinin avadanlığı ilə təchiz edilmiş laboratoriyada istehsal olunan məhsulun keyfiyyətinə nəzarət edilir. Fabrikin işindən razı qalan dövlətimizin başçısı kollektivə uğurlar arzuladı.
X X X
MKT İstehsalat-Kommersiya MMC-nin Heydər Əliyev prospektində yerləşən və Avropa standartlarına cavab verən “A” kateqoriyalı ofis-mehmanxana kompleksi doqquzmərtəbəli biznes mərkəzindən və üçmərtəbəli mehmanxana binasından ibarətdir. Mərkəzin ümumi sahəsi 8600 kvadratmetrdir. Tikintisinə və lazımi avadanlıqların quraşdırılmasına 11,5 milyon manat sərmayə qoyulan kompleksdə 120 işçi çalışacaqdır.
Beynəlxalq Ticarət Mərkəzi ilə tanış olan Prezident İlham Əliyev MKT İstehsalat-Kommersiya MMC-nin gələcək planlarını əks etdirən layihələrlə də maraqlandı.
Sonra kompleksin mehmanxanası ilə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, üçmərtəbəli binanın ümumi sahəsi 5129 kvadratmetrdir. Burada 120 və 80 yerlik 2 restoran fəaliyyət göstərəcək. “Junior Suite” səviyyəsində təchiz olunmuş mehmanxana 16 otaqdan ibarətdir. 170 yerlik konfrans salonu, trenajor salonu müasir avadanlıqla təchiz edilmişdir.
######
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |