AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV PAYTAXTA GƏZİNTİYƏ ÇIXMIŞDIR
DÖVLƏTİMİZİN BAŞÇISI BAKININ BAŞ PLANI İLƏ MARAQLANMIŞ, SAKİNLƏRİ DİQQƏTLƏ DİNLƏMİŞ, ONLARIN XAHİŞLƏRİNİN YERİNƏ YETİRİLMƏSİ ÜÇÜN KONKRET GÖSTƏRİŞLƏR VERMİŞ, BU İŞDƏ ÇƏTİNLİKLƏRİ OLSA, HƏTTA BİRBAŞA ONUN ÖZÜNƏ MÜRACİƏT ETMƏYİ TAPŞIRMIŞDIR
AzerTAg.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 2-də paytaxta gəzintiyə çıxmışdır.
Qədim və gündən–günə gözəlləşən Bakının sakinləri dövlətimizin başçısını hörmət və ehtiramla salamlayır, xoş arzularını yetirirdilər.
Prezident İlham Əliyev əvvəlcə Bakı Şəhəri İcra Hakimiyyətinə gəldi, hamımızı, o cümlədən paytaxt sakinlərini maraqlandıran çox mühüm bir məsələ ilə - Bakının gələcək görkəmi və baş planı ilə maraqlandı.
Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov bu məsələyə xüsusi diqqət yetirdiyinə görə Prezident İlham Əliyevə təşəkkür edərək şəhərsalmanın keçmişi, bu günü barədə məlumat verdi. O, paytaxtımızda nəzərdə tutulan işlərdən danışaraq dedi ki, Bakı şəhərinin baş planı müstəqil Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında hələ ötən əsrin 70-ci illərində hazırlanmışdır. Ümummilli liderimiz 1969-cu ildə Bakı şəhərinin gələcək baş planı üçün texniki-iqtisadi əsaslandırmaların hazırlanması və baş planın tərtib edilməsi ilə bağlı geniş müşavirə keçirərək, bütün müvafiq qurumlara tapşırıqlar vermişdi. Bundan sonra Bakının baş planının texniki-iqtisadi əsaslandırmaları işlənib hazırlanmış və sonra şəhərin baş planı təsdiqlənmişdir.
İcra hakimiyyətinin başçısı şəhərin müasir görkəmindən danışarkən 1988-1993-cü illərdəki tikinti işlərinin pərakəndə vəziyyətdə aparıldığını və bunun paytaxtımızın mənzərəsinə xələl gətirdiyini söylədi. Eyni zamanda, Bakının mərkəzində və ayrı–ayrı rayonlarında müasir tipli binaların inşası və perspektiv planlar barədə dövlətimizin başçısına geniş məlumat verdi.
Prezident İLHAM ƏLİYEV bu işin ciddi və mühüm bir məsələ olduğunu vurğuladı, müvafiq göstəriş və tapşırıqlarını verərək dedi ki, şəhərin görkəminə xələl gətirən, milli memarlıq qaydalarına uyğun gəlməyən tikintilərin qarşısı alınmalı, paytaxtımızı gözəlləşdirən, milli memarlığa və müasir şəhərsalma prinsiplərinə uyğun olan binaların inşasına icazə verilməlidir.
İndi bizdə sahibkarlıq inkişaf edir. İnşaat sahəsində də böyük uğurlar əldə olunubdur. Minlərlə, on minlərlə kvadratmetr evlər tikilir. Ona görə sahibkarları birmərtəbəli, ikimərtəbəli, qəza vəziyyətində olan binaların yerləşdiyi məhəllələrə yönəldin.
Getsinlər, sakinlərlə danışsınlar, o yerləri münasib bir qiymətə alsınlar. Birmərtəbəli binaları söksünlər, yerində baş plana uyğun şəkildə, yəni razılaşdırılmış qaydada yeni evlər tiksinlər. Özü də bunlar memarlıq cəhətdən də gözəl olmalıdır. Yoxsa, biri gəlir, 30 mərtəbəli tikir, biri onun yanında 5 mərtəbəli tikir, ümumi görüntü pozulur. Göstərilməlidir ki, harada neçə mərtəbəli bina tikilə bilər və onun memarlığı da mütləq münasib olmalıdır.
Binaların bayır tərəfi rəngli ola bilər. Amma bu şərtlə ki, o rəng divarlarda qalsın. Bəzi hallarda zövqsüz rəngləyirlər. Digər tərəfdən, bir aydan, iki aydan sonra rənglər qopur. Sahibkarlar binaların tikintisindən kifayət qədər qazanc əldə edirlər. Allah artıq eləsin, amma gərək şəhərimizin ümumi görüntüsünü pozmasınlar. İndi qutu kimi binalar çox tikilir. Onlara da yol vermək olmaz. Hər binanın öz memarlığı olmalıdır. Şərt deyil ki, hamısı bir memarlıq üslubunda tikilsin. Müxtəlif olmalıdır, amma məhəlləyə, ümumiyyətlə, o rayona uyğun şəkildə tikilməlidir.
Nəzarət etmək lazımdır ki, yaşıllıq zolaqlarında heç nə tikilməsin. Ümumiyyətlə, Bakının bu cəhətdən problemləri həmişə olubdur. Yaşıllıq azdır. Ona görə mövcud olan ən balaca bağçaya da gərək heç kim dəyməsin. Əksinə, sahibkar ev tikirsə, gərək ətrafda da bir iş görsün, əgər bağ-bağça varsa, onu da abadlaşdırsın. Bir dənə də ağacın kəsilməsinə imkan vermək olmaz.
Şəhərin aeroport tərəfdən olan giriş yoluna çox böyük diqqət göstərmək lazımdır. O yolun üzərində müxtəlif tikililər, köhnə borular, indi istifadədə olan borular da var. Boruların yerini dəyişdirmək lazımdır. Ümumi görüntünü pozan bütün tikililər oradan götürülməlidir. O cümlədən Moskva prospektinin ətrafında memarlıq cəhətdən gözəl binalar tikilməlidir. Orada böyük mərtəbəli binalar tikilə bilər, amma plan üzrə. Şəhərimiz çox gözəldir. Çoxlu yeni binalar da tikilibdir. Bu, şəhərimizi daha da gözəlləşdirir. Amma aeroport yolu adlandırdığımız yol bərbad vəziyyətdədir. Düzdür, siz yolun örtüyünü dəyişmisiniz, çox yaxşıdır, işıqlı yoldur. Amma sağı-solu çox pis vəziyyətdədir, yəni şəhərimizə yaraşmayan bir vəziyyətdədir. Siz o yolun tam miqyasda yenidən qurulması planını təqdim edin. Ona baxmalıyıq.
Ayrı-ayrı məhəllələrin necə tikilməsini də yəqin siz müəyyən etməlisiniz. Yəni siz deməlisiniz ki, bu məhəllədə 10 bina, məsələn, beşi 16 mərtəbəli, üçü 14 mərtəbəli və s. olmalıdır. Orada bina tikmək istəyən sahibkar da bilsin ki, o, nə tikəcəkdir. Yəni belə olmamalıdır ki, oranı boşaltdı, yerində istədiyi səviyyədə nəsə tikdi, qalanı qaldı. Hər bir məhəllə üçün ayrıca layihə olmalıdır və siz də deməlisiniz ki, burada bu cür ev tikilməlidir.
Memarlarla işləyin, lazım gələrsə, xaricdən firmalar dəvət edək. Xaricdə çox güclü şəhərsalma firmaları var ki, müxtəlif ölkələrin şəhərlərinin yenidən qurulmasında iştirak edirlər.
Prezident İlham Əliyev xüsusi vurğuladı ki, ümummilli liderimiz Heydər Əliyevin şəhərsalma, yaşıllaşdırma kimi vacib sahələrdə qoyduğu irsin davam etdirilməsi və zənginləşdirilməsi üçün bütün imkanlardan istifadə olunmalıdır.
Sonra Prezident İlham Əliyev metronun “Bakı Soveti” stansiyasından qatarla “Sahil” stansiyasına gəldi, paytaxtımızın ən yaraşıqlı küçələrindən olan – Nizami küçəsini, dahi şairin adını daşıyan meydanı gəzdi.
Paytaxt sakinləri Azərbaycan Prezidentini ehtiramla salamlayır, bəziləri özlərinin qayğı və problemlərinin həllinə kömək göstərilməsini xahiş edirdilər.
Dövlətimizin başçısı sakinləri diqqətlə dinlədi, onların xahişlərinin yerinə yetirilməsi üçün konkret göstərişlər verdi, bu işdə çətinlikləri olsa, hətta birbaşa onun özünə müraciət etməyi tapşırdı.
Prezident İLHAM ƏLİYEV gəzinti zamanı jurnalistlərə qısa müsahibə verdi.
SUAL: Cənab Prezident, gəzinti zamanı Sizdə hansı təəssüratlar oyandı?
CAVAB: Təəssüratlar gözəldir. Şəhərimiz gözəldir, inkişaf edir, yaşayır, insanların üzü gülür. Çox razıyam. Mən çoxdan çıxmaq istəyirdim. Yaxşı oldu ki, çıxdım. Bu gün Bakı Şəhəri İcra Hakimiyyətində olmuşam. Orada mənə şəhərimizin gələcək inkişafı ilə bağlı məlumatlar verildi. Bakı şəhərinin gələcəkdə inkişafı plan üzrə gedəcəkdir. Baş plan haqqında məlumat verildi. İndi də camaatla birlikdə şəhərdəyəm.
SUAL: Cənab Prezident, Vardan Oskanyan belə bir bəyanat yayıb ki, Dağlıq Qarabağ Ermənistanla “vahid dövlət” və “vahid xalqdır”. Bu, o demək deyilmi ki, onlar Azərbaycanı müharibəyə sürükləyirlər?
CAVAB: Bu, onların mövqeyidir. Bizim də mövqeyimizi siz bilirsiniz. Dağlıq Qarabağ nə Ermənistanın tərkib hissəsi olacaq, nə də müstəqil bir qurum olacaqdır. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir. Azərbaycanın işğal olunmuş torpaqları, o cümlədən Dağlıq Qarabağ azad edilməlidir. Çünki beynəlxalq hüquq normaları hər yerdə öz yerini tapmalıdır. Əminəm ki, bu məsələ də öz həllini tapacaqdır.
SUAL: Cənab Prezident, şəhərə çıxmağınızın məqsədi nədir?
CAVAB: Elə bir məqsədim yoxdur, sadəcə olaraq, çoxdandır ki, şəhərə çıxmamışam, darıxmışam. Əlbəttə, Prezident seçiləndən sonra iş cədvəlimdə müəyyən dəyişkliklər olmuşdur və işin gərginliyi artmışdır. Çoxlu xarici səfərlərim olmuşdur. Yəni vaxtım olmayıb ki, şəhərə çıxam.
Eyni zamanda, mən bu gün Bakı Şəhəri İcra Hakimiyyətində olmuşam. Orada şəhərin gələcək inkişafı ilə bağlı məlumatlar verilmişdir. Bakımız, paytaxtımız gün-gündən gözəlləşir, yeni binalar, yaşayış evləri, işgüzar mərkəzlər tikilir. Bu, çox sevindirici haldır. Mən bunu çox təqdir edirəm. Bu, bir daha göstərir ki, ölkəmizin iqtisadiyyatı inkişaf edir. Əgər bu inkişaf olmasaydı, bizim inşaat sektorumuz bu dərəcədə inkişaf etməzdi. Amma, eyni zamanda, bu işi tənzimləmək lazımdır. Yəni Bakının gələcək tikintisi düşünülmüş, təsdiq edilmiş baş plan əsasında aparılmalıdır.
Baş plan haqqında Hacıbala Abutalıbov mənə məlumatlar vermişdir. Mənim də bu barədə bəzi fikirlərim vardı və bunları bildirdim. Ümid edirəm ki, bundan sonra tikiləcək binalar daha gözəl olacaqdır. Mütləq memarlıq üslubunda tikilməlidir. Həm Azərbaycan, həm də Şərq, Avropa memarlığı üslubunda tikilməlidir ki, şəhərimiz daha da gözəlləşsin.
SUAL: Cənab Prezident, bundan sonra belə gəzintilər olacaqmı?
CAVAB: Bu, elə də qeyri-adi hal deyildir. Mən əvvəllər həmişə Bakıda sərbəst şəkildə gəzmişəm. Əlbəttə, indiki bu vəzifəm diqqət mərkəzindədir və küçəyə çıxan kimi, bu, dərhal reaksiya doğurur. Bu da təbiidir. Amma bu gəzinti o demək deyil ki, mən hansısa bir aksiya, yaxud da tədbir keçirirəm. Bu, mənim təbii hisslərim, duyğularımdır. Əlbəttə, camaat arasında bundan sonra da tez-tez olacağam.
Bundan başqa, insanlarla birbaşa ünsiyyətdə olmaq mənim üçün çox dəyərli və faydalıdır. Prezidentin, deyə bilərəm, işi belədir ki, çox hallarda yerlərdə olan məlumatlar bilavasitə daxil olmur. Hansısa bir süzgəcdən keçib daxil olur, yaxud da müəyyən mənbələrdən daxil olur. Bu da vacibdir. Amma Prezidentin hər şeydən xəbəri olmalıdır. İlk növbədə, bilməlidir ki, insanların əhval-ruhiyyəsi, həyat səviyyəsi nə yerdədir. Bu barədə məndə ilk mənbədən də məlumat olmalıdır. Bunu etmək üçün belə görüşlər vacibdir və hesab edirəm, bundan sonra da olacaqdır.
Xəbərin mətnində orfoqrafik səhv var