RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RİQADA “KÖHNƏ ŞƏHƏR”İ GƏZMİŞDİR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 5-də Latviya paytaxtının qədim abidələrlə zəngin olan “Köhnə şəhər” hissəsi ilə tanış olmuşdur.
Dövlətimizin başçısına və xanımına məlumat verildi ki, Dauqava çayının sağ sahilində yerləşən “Köhnə şəhər” paytaxtın tarixi və coğrafi mərkəzi hesab olunur. Bura XIII–XVII əsrlərə aid tikililərin bir hissəsini əhatə edir və orta əsr memarlığının nadir abidələri ilə məşhurdur.
Prezident İlham Əliyev bu ərazidə yerləşən abidələrdən biri olan müqəddəs Pyotr kilsəsinə də tamaşa etdi. XIII əsrə aid bu kilsə əsasən Riqa zadəganlarının və ümumən şəhər sakinlərinin əsas dini ibadət yeri olmuşdur. Azərbaycan Prezidenti kilsənin İkinci Dünya müharibəsi zamanı dağıdılmış və yandırılmış vəziyyətini əks etdirən fotoşəkillərə baxdı, bu dini məbədin əsas hissələrini gəzdi. Bildirildi ki, kilsənin qülləsi 1491-ci ildə tikilmişdir. 1666-cı ildə dağılmasından bir il sonra yenidən inşa edilmişdir. Sonuncu dəfə 1670-ci ildə bərpa edilmiş qüllənin hündürlüyü 64,5 metrdir ki, bu da dünyada ən hündür taxta tikili hesab olunur. Axırıncı dəfə burada əsaslı təmir-bərpa işləri 1984-cü ildə aparılmışdır.
Sonra Azərbaycan Prezidenti xanımı ilə birlikdə məşhur Dom kilsəsinə gəldi. Əvvəllər müqəddəs Mariya kilsəsi kimi tanınan kilsənin tikintisinə 1211-ci ildə başlanmış və 1270-ci ildə tamamlanmışdır.
1884-cü ildə alman mütəxəssisləri burada Avropanın ən məşhur orqanlarından birini quraşdırmışlar. Riqa tarix və dənizçilik muzeyi də bu kilsədə yerləşir.