RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TƏZƏPİR MƏSCİDİNDƏ VƏ ONUN ƏRAZİSİNDƏ APARILANTƏMİR-TİKİNTİ VƏ ABADLIQ İŞLƏRİ İLƏ TANIŞ OLMUŞDUR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 21-də Təzəpir məscidində və onun ərazisində aparılan təmir-tikinti və abadlıq işləri ilə tanış olmuşdur.
Dövlətimizin başçısını burada Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam hacı Allahşükür Paşazadə ehtiramla qarşıladı.
Prezidentə məlumat verildi ki, məscidin ərazisində aparılan təmir-tikinti işlərinə bu il iyunun 10-dan başlanmışdır. Burada Qafqaz Müsəlmanları İdarəsinin və İslam Universitetinin inzibati binaları, qonaq evi yerləşəcəkdir. Üç korpusdan ibarət olacaq yeni kompleksin mərkəzində 900 kvadratmetrlik konfrans salonu tikiləcəkdir. Qurbangah, namazgah və yardımçı otaqlar da olacaqdır. Dördmərtəbəli kompleksin ümumi sahəsi 40 min kvadratmetrdir. “İnam H” şirkəti tərəfindən hazırda 6 min kvadratmetr ərazidə tikinti işləri yerinə yetirilir.
Prezident İlham Əliyev əvvəlcə Təzəpir məscidinin daxilində aparılacaq təmir işləri ilə maraqlandı, milli memarlıq üslubunda hazırlanmış ayrı-ayrı layihələrə baxdı. Dövlətimizin başçısına məlumat verildi ki, məscidin daxilindəki əsas çilçırağın çəkisi çox ağır olduğu üçün dəyişdiriləcək, işıqlandırma sistemi müasir üslubda qurulacaqdır. Tavan və divar suvaqları ilkin memarlıq nümunələri saxlanılmaqla, yeni texnologiyalar əsasında müasirləşdiriləcək, Qurani-Kərimin ayələrindən yazı-naxışlar, xüsusi dini emblemlər və rəmzlərlə bəzədiləcəkdir. Qapı-pəncərələr də dəyişdiriləcəkdir. Bildirildi ki, 1926-cı ildən məscid kinoteatr kimi istifadə olunduğu üçün binanın daxili quruluşu dəyişdirilmiş, qədimilik əlamətləri itirilmişdi. Ölkəmiz müstəqilliq qazandıqdan sonra məscid bir neçə dəfə təmir edilmiş, lakin Bakıda baş vermiş sonuncu güclü zəlzələ nəticəsində divarlarda çatlar əmələ gəlmişdir.
Dövlətimizin başçısı məscidin bütünlüklə əsaslı təmir olunmasının, işıqlandırma sisteminin milli üslub qorunub saxlanılmaqla dəyişdirilməsinin zəruriliyini bildirdi.
Sonra Azərbaycan Prezidenti məscidin ərazisində aparılan tikinti işlərinin gedişi ilə maraqlandı.
Şeyxülislam Allahşükür Paşazadə Prezident İlham Əliyevin milli, mənəvi və İslami dəyərlərin qorunub saxlanılmasına, ölkəmizdə dini ocaqlara diqqət və qayğısını yüksək qiymətləndirdi. Eyni zamanda bildirdi ki, Qafqaz Müsəlmanları İdarəsinin burada yerləşən əvvəlki binası, mədrəsə və ətrafdakı bəzi evlər sökülmüşdür. Üç aydan artıqdır inşaat işləri aparılır. Bütün işlər 2008-ci ilin birinci rübünədək başa çatdırılacaqdır. Təmir-tikinti işlərinə 8,2 milyon dollar sərf olunacaqdır. Əlavə layihələr də nəzərdə tutulubdur. Universitet binası genişləndiriləcək, ərazidə bütün kommunikasiya sistemi yenidən qurulacaqdır. Bütün bu işlər dövlətimizin başçısının təşəbbüsü və dəstəyi ilə aparılır.
Prezident İlham Əliyev ətraf ərazini gəzdi, yolların, küçələrin genişləndirilməsinin, məscidin xarici görünüşünə xüsusi diqqət yetirilməsinin zəruriliyini söylədi.
Sonra dövlətimizin başçısı məscidin ərazisində tikilən sahələrin layihəsinə, məscidin əvvəlki və üç tərəfdən yeni görünüşünün şəkillərinə, tikintidə istifadə olunan mərmər və daşların nümunələrinə baxdı.
Qafqaz Müsəlmanları İdarəsinin, İslam Universitetinin inzibati binaları və qonaq evi bir-birinə bitişik olacaqdır. Burada 100-dək avtomobilin saxlanması üçün yeraltı dayanacaq da tikiləcəkdir.
Prezident İlham Əliyev bütün fasadların xüsusi daşlarla üzlənməsinin, əsasən yerli materiallardan istifadə olunmasının, məscid-kompleksin, eləcə də şəhərdə tikilən binaların daha yaraşıqlı görünməsinə xüsusi fikir verilməsinin vacibliyini bildirdi. O, Təzəpir məscidinin ümumi görünüşünün xüsusi əhəmiyyət daşıdığını vurğuladı, məscidin günbəzinin yenidən qurulması, bu istiqamətə gələn əsas yolların genişləndirilməsi, müasir işıqlandırma sistemi ilə təmin olunması, ətrafdakı bəzi sakinlərin köçürülməsi və abadlıq işlərinin aparılması üçün Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərliyinə müvafiq tövsiyə və tapşırıqlarını verdi.