SİYASƏT


AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV UKRAYNADA İCTİMAİ-SİYASİ FƏALİYYƏT SAHƏSİNDƏ “2006-CI İLİN ADAMI” NOMİNASİYASINDA QALİB GƏLMİŞDİR

AZƏRTAC-ın xəbər verdiyi kimi, ötən il noyabrın 9-da Kiyevdə “İlin adamı” Ukrayna ümummilli proqramının Ali Akademik Şurası Azərbaycan Prezidenti İlham Əliyevi yekdilliklə ictimai-siyasi fəaliyyət sahəsində “2006-cı ilin adamı” nominasiyasının qalibi adlandırmışdır.

AZƏRTAC-ın Kiyevdəki müxbiri xəbər verir ki, yanvarın 16-da Ukrayna Müstəqil Xəbərlər Agentliyinin mətbuat mərkəzində “2006-cı ilin adamı” ümummilli proqramının yekunlarının və “İlin adamı” 11-ci ümummilli proqramının müxtəlif nominasiyalarda laureatlarının elan olunmasına həsr edilmiş mətbuat konfransı keçirilmişdir. Mətbuat konfransında proqramın Ali Akademik Şurasının sədri, Ukrayna Milli Elmlər Akademiyasının akademiki Vladimir Seminojenko, “İlin adamı” ümummilli proqramının prezidenti Arkadi Raytsin, proqramın akademik şurasının üzvü, Ukraynanın fövqəladə və səlahiyyətli səfiri Mixail Reznik və başqaları iştirak etmişlər.

Onlar Azərbaycan, Ukrayna və xarici KİV-lərin nümayəndələrinə Azərbaycan Prezidenti İlham Əliyevin “2006-cı ilin adamı” reytinq səsverməsində şəksiz qələbəsini böyük fərəh hissi ilə bir daha bildirmişlər. Səsvermədə 166 mötəbər və nüfuzlu təşkilat, assosiasiya, ittifaq, fond və kütləvi informasiya vasitələrini təmsil edən 745 ekspert iştirak etmişdir.

Arkadi Raytsin AZƏRTAC-a müsahibəsində bildirmişdir ki, Azərbaycan Prezidentinin “İlin adamı” seçilməsi qanunauyğundur. O demişdir: “İlham Əliyev zəmanəmizin görkəmli dövlət və siyasi xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Azərbaycan-Ukrayna münasibətlərinin inkişafına və dərinləşdirilməsinə yönəldilmiş xəttini ardıcıl davam etdirərək ikitərəfli siyasi, iqtisadi və humanitar əlaqələri görünməmiş zirvələrə qaldırmışdır”. A.Raytsin vurğulamışdır ki, hazırda biz mükafatı Prezident İlham Əliyevə təqdim etmək üçün Azərbaycan səfirliyi, Azərbaycan tərəfi ilə sıx əlaqədə işləyirik. Mükafatın rəsmi təqdimetmə mərasimi martın 17-də Kiyevin “Ukrayna” sarayında keçiriləcəkdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.