SİYASƏT
AZƏRBAYCAN QAÇQINLARININ PROBLEMİ BÜTÜN DÜNYA BİRLİYİNİN PROBLEMİDİR
Bunu Rumıniyanın İnsan Hüquqları Təşkilatının sədri Florentin Skaletçi martın 13-də bu ölkənin Bakıdakı səfirliyində keçirilmiş mətbuat konfransında bəyan etmişdir.
Qonaq bildirmişdir ki, Rumıniya hüquq müdafiəçiləri nümayəndə heyətinin Azərbaycana səfərindən əsas məqsəd qaçqınların vəziyyəti ilə tanış olmaqdır. Onlar bir sıra nazirliklərdə və idarələrdə görüşlər keçirmiş, Saatlı və Sabirabad rayonlarında müvəqqəti köçkünlərin yerləşdirildiyi çadır düşərgələrinə baş çəkmişlər. F.Skaleçi demişdir: Nümayəndə heyətinin üzvləri gördüklərindən sarsılmışlar. Dünya birliyi bir milyona yaxın adamın düşdüyü ağır vəziyyət barədə həqiqəti bilməlidr”.
Rumıniya nümayəndə heyəti vətənə qayıtdıqdan sonra bu problemə dair məruzə hazırlayacaq və onu BMT-yə, ATƏT-ə, NATO-ya, Avropa Şurasına göndərəcəkdir. Dövlət televiziyasında və ictimai televiziyalarda verilişlər də təşkil olunacaqdır. Azərbaycanın Rumıniyadakı səfiri ictimai televiziyanın məxsusən Azərbaycan qaçqınlarına həsr olunmuş verlişinə dəvət ediləcəkdir.
Cənab Skaletçi ikitərəfli münasibətlərin inkişafından danışaraq vurğulamışdır ki, Rumıniya Türkiyədən sonra Azərbaycanın dövlət müstəqiliyini tanımış ikinci dövlətdir. O, Azərbaycan Prezidenti Heydər Əliyevin Rumıniya ilə qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi və dərinləşdirilməsi sahəsində apardığı siyasəti yüksək qiymətləndirmişdir. Rumıniya nümayəndə heyətinin başçısı bildirmişdir ki, Azərbaycanda baş verən prosesləri onun ölkəsində diqqətlə izləyirlər. İlham Əliyevin AŞPA sədrinin müavini və Büro üzvü seçilməsi xəbəri Rumıniyada da böyük sevinclə qarşılanmışdır.
Sonra nümayəndə heyətinin üzvləri jurnalistlərin suallarına cavab vermişlər.