AZƏRBAYCAN QƏDİM NEFT ÖLKƏSİDİR
AzerTAg.az
Moskvada çıxan “Rossiya” qəzetinin 22 iyul tarixli nömrəsində həmvətənimiz, Sosialist Əməyi Qəhrəmanı, uzun illər keçmiş SSRİ-də neft sənayesi naziri, Dövlət Plan Komitəsinin sədri işləmiş Nikolay Baybakovun AŞPA sədrinin müavini və Büro üzvü, ARDNŞ-in birinci vitse-prezidenti, Milli Məclisin deputatı, İlham Əliyevin “Azərbaycanın Xəzər nefti” kitabı haqqında məqaləsi dərc olunmuşdur. AZƏRTAC həmin məqaləni oxuculara təqdim edir.
AZƏRBAYCAN QƏDİM NEFT ÖLKƏSİDİR
“İzvestiya” nəşriyyatında İlham Əliyevin Azərbaycanda neft hasilatının inkişaf tarixinə, yeni neft və qaz yataqlarının işlənilməsinin müasir problemlərinə həsr edilmiş “Azərbaycanın Xəzər nefti” kitabı çapdan çıxmışdır. Qədimdən neft diyarı kimi tanınan Azərbaycan quruda və kontinental şelfdə neft və qaz kimi təbii sərvətlərə, neftin hasilatı və emalı sahəsində zəngin tarixə malikdir. Müasir mərhələdə respublika iqtisadiyyatının inkişafı Xəzər dənizinin və Abşeron yarımadasının zəngin karbohidrogen ehtiyatlarının uğurla işlənilməsi ilə qırılmaz surətdə bağlıdır.
İlham Əliyevin gözəl monoqrafiyası köhnə neft və qaz yataqlarının bərpasına və yeni, perspektivli yataqların işlənilməsinə, neft sektorunun və onun əsasında respublika iqtisadiyyatının sürətlə inkişaf etdirilməsi üçün xarici kapitalın cəlb olunmasına yönəldilmiş Azərbaycanın neft strategiyasını elmi cəhətdən əsaslandıran əsərdir.
Kitabda müəllif Azərbaycanda neft hasilatı inkişafının tarixi və iqtisadi mərhələlərini, Xəzərin hüquqi statusu məsələlərini, yeni neft və qaz yataqlarının işlənilməsi mərhələlərini, Xəzərin enerji ehtiyatlarının nəqli marşrutlarını, neft sənayesinin inkişafının ətraf mühitə təsirini, habelə bir çox məsələləri hərtərəfli təsvir və təhlil edir.
Müəllif Abşeron neftinin tarixini təhlil edərək yazır ki, Azərbaycandan neft ixracı haqqında ilk yazılı məlumat X əsrə, artıq Abşeron yarımadasında 10-12 metrədək dərinlikdə quyuların olduğu vaxtlara aiddir. Şərq tacirləri Bakıdan nefti Mərkəzi Asiya ölkələrinə, rus tacirləri isə Həştərxana və oradan da Qərbi Avropa ölkələrinə aparırdılar. XIX əsrin birinci yarısından etibarən Rusiya Cənubi Qafqazda və Xəzər dənizi hövzəsində siyasi və iqtisadi mövqeyini möhkəmlətməyə başladı. Rusiyanın iqtisadi hökmranlığı dövründə Bakıda 72 neft quyusu, habelə Xəzərin şərq sahili boyunca bir sıra digər neft mənbələri vardı. 1843-cü ildə Bakı rayonunda 3,4 milyon kiloqram “qara neft”, 14,1 milyon kiloqram “af neft” hasil edilmişdi.
Kitabda müəllif Xəzər dənizinin və sahilyanı zonaların fiziki-coğrafi və geoloji xüsusiyyətlərini tədqiq etmiş alimlərin əsərlərini də ümumiləşdirir. Monoqrafiyada göstərildiyi kimi, Xəzərdəki neft yataqlarının ilk tədqiqatçısı geoloq alim D.Qolubyatnikov olmuşdur. Onun mühüm geoloji araşdırmaları aşkar edilmiş neft və qaz yataqlarının müqayisəli təsvirini verməyə imkan yaratmışdı. D.Qolubyatnikovun tədqiqatlarının nəticələri Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra da geniş tətbiq edilirdi. Dəniz neft yataqlarının axtarışı və kəşfi ilə yanaşı, onların istismar imkanları da öyrənilirdi.
XIX əsrin axırlarında rus alimləri və mühəndisləri qazma meydançalarının köməyi ilə dənizin dayaz sahələrindən neft hasilatına dair layihə işləri aparırdılar. Layihələrin müəlliflərindən biri – V.Zqlenitski “Neftyanoye delo” jurnalında dərc etdirdiyi məqaləsində Suraxanı, Qala, Qum adası, Bozdağ, Lökbatan, Şıx, Qaraçuxur və digər neftli sahələri göstərmişdi və eyni zamanda yazırdı ki, “zəngin neft yataqlarının əlamətləri olan adalar və Xəzər dənizinin təki hələ qalır”.
Ötən əsrin 50-ci illərinin ortalarınadək Azərbaycan SSRİ-nin əsas neft hasilatı regionu olaraq qalırdı. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan nefti Böyük Vətən müharibəsi dövründə düşmən üzərində qələbədə olduqca böyük rol oynamışdır. Müharibənin birinci ilində cəbhəyə və Vətənə verilmiş 32 milyon ton neftin 23,5 milyon tonu Bakı neftçilərinin payına düşürdü. 1948-1953-cü illərdə sovet hökuməti sahənin maddi-texniki bazasının təkmilləşdirilməsinə və möhkəmləndirilməsinə 10,2 milyard manat ayırmışdı.
Azərbaycan neftçilərinin nailiyyətlərindən, dünyada neftçıxarmanın tərəqqisində onların rolundan danışarkən iqtisadiyyatın bu sahəsinin inkişafının imkanlarını çox-çox illər əvvəlcədən görmüş Azərbaycan Prezidenti Heydər Əliyeviç Əliyevin görkəmli rolunu xüsusi vurğulamaq lazımdır.
Azərbaycan 1991-ci ildə müstəqillik qazandıqdan sonra iqtisadiyyatın neft sahəsi çox ağır vəziyyətə düşmüşdü ki, bu da istər Azərbaycanda, istərsə də bütün keçmiş SSRİ məkanında baş vermiş mənfi halların nəticəsi idi.
Müəllif faktlara istinad edərək, neft hasilatı həcminin azalmasının başlıca səbəblərini göstərir, 1987-2001-ci illər dövründə neftçıxarmanın və qazma işlərinin həcminin dinamikasını araşdırır, Xəzər dənizinin Azərbaycan sektorunda neft hasilatının inkişafının əsas istiqamətlərini müəyyənləşdirir. Eyni zamanda Azərbaycanın quru ərazisində və dəniz sektorunda karbohidrogen ehtiyatlarının təxminən 6-10 milyard ton təşkil etdiyi, neft və qaz hasilatının əsas perspektivlərinin Cənubi Xəzər hövzəsi ilə bağlı olduğu bildirilir.
Lakin müəllifin yazdığı kimi, aşkar olunmuş “Günəşli” (dərinlikdə yerləşən hissəsi), “Çıraq” və “Azəri” yataqlarının işlənilməsi neft sahəsinə xarici sərmayə qoyulmadan mümkün deyildi, çünki kifayət qədər texniki təchizatın və müvafiq qabaqcıl texnologiyaların olmaması, respublikanın iqtisadi vəziyyəti bu problemləri müstəqil surətdə həll etməyə imkan vermirdi.
“Azəri-Çıraq-Günəşli” yataqlarından çıxarılan məhsulun bölgüsü haqqında 1994-cü il sentyabrın 20-də Azərbaycan Respublikası ilə dünyanın aparıcı neft şirkətləri arasında imzalanmış və “Əsrin müqaviləsi” adlandırılan müqavilənin Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Bilavasitə iqtisadi fayda ilə yanaşı, müqavilə maşınqayırma, kənd təsərrüfatı, telekommunikasiya kimi digər sahələrə də sərmayə qoyulmasına əlverişli zəmin yaratmışdır.
Müqavilə bağlandıqdan və “Çıraq” platformasından ilkin neft çıxarıldıqdan sonra Azərbaycanın dəniz yataqlarının işlənilməsində iştirak etmək istəyən xarici şirkətlərin sayı artmağa başladı.
İlham Əliyev ”Əsrin müqaviləsi”nin həyata keçirilməsinin nəticələrini araşdıraraq yazır: “Biz gözlədiyimizdən də çox nəticə əldə etdik... Əgər birinci müqavilə imzalanmasaydı, onda qalanları da imzalanmazdı”.
Xəzərin enerji ehtiyatlarının nəqli Azərbaycanda və digər Xəzəryanı dövlətlərdə neft sahəsində sərmayə layihələrinin uğurla və yüksək səmərə ilə gerçəkləşdirilməsinin mühüm amilidir. Neftin nəqli layihələrinin müvəffəqiyyətlə həyata keçirilməsi üçün neft və qazın beynəlxalq bazarlara çatdırılmasının davamlı təhlükəsizliyini və kommersiya baxımından cazibədarlığını təmin edən infrastruktur yaradılması tələb olunur. Müəllif ixrac üçün nəzərdə tutulan neftin nəqlinin bütün mümkün marşrutlarını müfəssəl surətdə araşdırır, bu marşrutların iqtisadi cəhətdən məqsədəuyğunluğunu əsaslandırır.
Nəqliyyat infrastrukturunun formalaşdırılması və karbohidrogen ehtiyatlarının dünya bazarlarına çatdırılması məsələsinin həllində Azərbaycan dövlətinin başçısı Heydər Əliyevin müstəsna rolu danılmazdır. Azərbaycanla Rusiya, bir qədər sonra isə Gürcüstan arasında hökumətlərarası sazişlər və nəqletmə sazişləri məhz Heydər Əliyevin səyləri sayəsində imzalanmışdır.
Sonda qeyd etmək lazımdır ki, kitab yüksək elmi səviyyədə yazılmışdır, materialın əhatə dairəsinə görə ensiklopedik xarakter daşıyır, araşdırılan sahədə ilk bu cür monoqrafiyadır. Kitab yanacaq-energetika kompleksi müəssisələrinin rəhbərləri, habelə elmi işçilər, mühəndislər və neft işini, iqtisadiyyatı və beynəlxalq hüququ öyrənən tələbələr üçün faydalı olacaqdır.
N.K.BAYBAKOV,
keçmiş xalq komissarı, SSRİ-nin neft
sənayesi naziri, SSRİ Dövlət Plan Komitəsinin sədri.
Xəbərin mətnində orfoqrafik səhv var