İQTİSADİYYAT
AZƏRBAYCAN QADINLARI SOYQIRIMI QURBANLARININ XATİRƏSİNİ YAD ETMİŞLƏR
Komitənin sədri Hicran Hüseynova erməni millətçilərinin hələ ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərinin zaman-zaman davam etdirildiyini bildirmişdir. O demişdir ki, azərbaycanlılar təkcə XX əsrdə ermənilər tərəfindən 4 dəfə soyqırımına, deportasiya və etnik təmizləmə əməliyyatına məruz qalsalar da, biz bu qanlı əməllərin azərbaycanlıların soyqırımı kimi tanınmasına, erməni terrorunun dünya ölkələri tərəfindən tanınmasına və lənətlənməsinə hələ də nail ola bilməmişik. Ermənilər isə heç bir dəlil olmadan 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıtmağa çalışmış, bəzi hallarda buna nail də ola bilmişlər.
H.Hüseynova ümummilli liderimiz Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanının əhəmiyyətini vurğulamış və qeyd etmişdir ki, hər bir azərbaycanlı məkrli erməni siyasətinə qarşı barışmaz mövqe tutmalı, tarixin dərslərini unutmamalı, dövlətimizin başçısı İlham Əliyevin ətrafında sıx birləşməlidir.
Mərasimdə Bakı Dövlət Universitetinin baş müəllimi Qurban Məmmədovun azərbaycanlıların soyqırımı ilə əlaqədar tarixi faktlara əsaslanan geniş məruzəsi dinlənilmişdir.
Toplantıda Türkiyənin ölkəmizdəki səfirliyinin mədəniyyət üzrə müşaviri Fethi Gedikli, Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Cəmilə Səttarova və başqaları erməni quldurlarının türk və Azərbaycan xalqlarına qarşı törətdikləri vəhşiliklərdən danışmışlar.
Toplantı iştirakçıları ermənilərin XX əsrdə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı faktlarının tanınması məqsədilə BMT-yə, ATƏT-ə, Avropa Şurasına, MDB-yə, dünya ölkələrinin parlamentlərinə və dövlət başçılarına müraciət qəbul etmişlər.