“AZƏRBAYCAN: QARABAĞ MÜHARİBƏSİNİN UNUDULMUŞ İNSANLARI”
AzerTAg.az
Parisdə nəşr olunan “La letre du KOLİZEE” jurnalının 40-cı nömrəsində Giyom Lekokun Ermənistanın ölkəmizə təcavüzü nəticəsində doğma yurd-yuvalarından didərgin düşmüş və respublikamızın müxtəlif bölgələrində məskunlaşmış 1 milyondan artıq soydaşımızın ağır həyat şəraitindən bəhs edən “Azərbaycan: Qarabağ müharibəsinin unudulmuş insanları” sərlövhəli məqaləsi dərc edilmişdir. G.Lekok Azərbaycanın Fransadakı səfirinin təşəbbüsü ilə ötən il Azərbaycana gələrək, Dövlətqaçqınkomun sədri Əli Həsənovla görüşmüş, Saatlı, Sabirabad Biləsuvar rayonlarında və Bakının ətrafındakı qəsəbələrdə məskunlaşmış soydaşlarımızın vəziyyəti ilə yaxından tanış olmuşdur. Məqalənin sərlövhəsindəki “unudulmuş” sözü heç də birmənalı qarşılanmamalıdır.
Mətnindən göründüyü kimi, G.Lekok dünya ictimaiyyətinin və ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan ölkənin oxucularının diqqətini bir milyondan artıq azərbaycanlının acınacaqlı taleyinə yönəltməyə səy göstərmişdir.
Məqalənin əvvəlində “zəngin nefti sayəsində güclü iqtisadi inkişafa malik Azərbaycan”ın əhalisinin böyük bir qisminin qaçqın və məcburi köçkün şəraitində yaşaması ucbatından müəyyən çətinliklərlə qarşılaşdığı, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal etməsi nəticəsində yurd-yuvasını itirmiş soydaşlarımızın çadırlarda, tikintisi yarımçıq qalmış binalarda və vaqonlarda yaşadığı xüsusi vurğulanır. Müəllif Saatlıdakı çadır düşərgələrindən birinin başçısı Mətləb Mirəliyevlə söhbətinə istinadən yazır ki, dövlət doğma yurdlarını tərk etmiş əhalini yerləşdirmək üçün az bir vaxtda təcili tədbirlər görmüş, 3400 evin tikintisi başa çatdırılmış, hər ailəyə bir hektar torpaq sahəsi ayrılmışdır.
Bakının ətraf qəsəbələrində məskunlaşmış qaçqın və məcburi köçkünlərin yaşayışına toxunan jurnalist bu insanlardan bir qisminin qohumları və dostlarının evlərində yaşadıqlarını, digərlərinin isə yataqxanalarda məskunlaşdıqlarını bildirir, onlardan bəzilərinin məşğuliyyətindən də söz açır: “Binəqədi yolu”nda bir qrup qaçqının sığınacaq tapdığı qarajda qadınlar qədim toxuculuq sənəti ilə məşğul olurlar. Bunların birində dörd nəsil – gülərüz balacalar, təmkinli analar, ləyaqətli nənələr və otaqda ağır hərəkət etmələrinə baxmayaraq, bu topluda iştirak etmək istəyən ulu nənələr çalışır”.
Məqalənin sonunda 1991-ci ildə yenidən müstəqillik qazanmış, ötən illər ərzində çətin məqamlarla qarşılaşmış, bazar iqtisadiyyatının keçid mərhələsini yaşayan Azərbaycanın yeni inkişaf yolunda olduğu vurğulanır.
G.Lekokun bu məqaləsi Ermənistanın apardığı işğalçılıq siyasətinin qurbanı olmuş bir milyondan artıq soydaşımızın taleyinə dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların, əslində biganə qalması barədə fransız oxucularında kifayət qədər təsəvvür yaradır.
Xəbərin mətnində orfoqrafik səhv var