MƏDƏNİYYƏT
AZƏRBAYCAN RƏSSAMLARININ AVROPADA SƏRGİLƏRİ
AZƏRTAC xəbər verir ki, oktyabr ayında Avropanın bir sıra şəhərlərində soydaşlarımız Rasim Hüseynov və Vəfa Rüstəmovanın əsərlərindən ibarət bir neçə təsviri sənət sərgisi keçiriləcəkdir. Ömür-gün yoldaşları olan Rasim Hüseynov və Vəfa Rüstəmova artıq 10 ilə yaxındır ki, Hollandiyada yaşayırlar.
Əvvəlcə Bakıdakı Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, sonra Mirzəağa Əliyev adına İncəsənət İnstitutunu bitirmiş, Azərbaycan Rəssamlar İttifaqına üzv seçilmiş bu fırça ustaları 1988-ci ildən bəri 100-dən çox beynəlxalq sərgidə iştirak etmişlər. Təkcə Hollandiyanın Amsterdam, Utrext və Haaqa şəhərlərində, eləcə də qonşu Almaniyada onların əsərləri 30 dəfə müxtəlif sərgilərdə nümayiş etdirilmişdir.
Lakin Rasim ən çox ona görə fəxr edir ki, 2004-cü ilin sentyabr ayında Hollandiyanın Stadskanaal şəhərində təşkil edilmiş sərgi ölkəmizin şərəfinə “From Azerbaijan To Stadskanaal” adlandırılmışdı. Həmin sərgidə 32 rəssam iştirak edirdi, sərginin afişası kimi seçilmiş əsər isə Rasim Hüseynova məxsus idi.
Soydaşlarımız AZƏRTAC-ın müxbiri ilə söhbət zamanı öz planları barədə məlumat vermişlər. Yaxın vaxtlarda onların əsərləri Almaniyanın Liliental şəhərinin (Hamburq yaxınlığında) 875 illiyinə həsr edilmiş sərginin ekspozisiyasında nümayiş etdiriləcəkdir.
Bu ilin oktyabrında Hollandiyada iki sərgi təşkil olunacaqdır. Nyunen şəhərində keçiriləcək sərginin ekspozisiyasında Rasim Hüseynovun və Vəfa Rüstəmovanın 15 işi nümayiş etdiriləcəkdir. Nəhayət, oktyabrın 20-də Frisland əyalətində “Kyunst proyekt” adlı sərgidə dünyanın müxtəlif ölkələrindən olan 250 rəssam arasında soydaşlarımız da öz yaradıcılığı ilə Azərbaycanı təmsil edəcəklər.
Rasim və Vəfa bildirirlər ki, onlar öz yaradıcılıqları ilə hollandiyalıları ölkəmizin zəngin mədəniyyəti ilə tanış etməyə çalışırlar. Onların əsərləri İspaniyada, Norveçdə, İngiltərədə, Fransada, Rusiyada, ABŞ-da, Danimarkada və İsveçdə şəxsi kolleksiyalarda saxlanılır.