Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVLƏT DAKTİLOSKOPİK QEYDİYYATI HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN 2000-Cİ İL 15 İYUL TARİXLİ 374 NÖMRƏLİ FƏRMANINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2009-cu il 27 oktyabr tarixli 900-IIIQD nömrəli Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 21 dekabr tarixli 193 nömrəli Fərmanının icrası ilə əlaqədar qərara alıram:

“Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 374 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 7, maddə 514; 2002-ci il, № 8, maddə 478) aşağıdakı dəyişikliklər edilsin:

1. 1-ci bəndin dördüncü abzası çıxarılsın və beşinci abzas dördüncü abzas hesab edilsin;

2. 2-ci bənd aşağıdakı redaksiyada verilsin:

“2. Müəyyən edilsin ki:

2.1. “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini aşağıdakı dövlət orqanları həyata keçirirlər:

2.1.1. həmin Qanunun 8-ci maddəsinin birinci hissəsinin 1-5-ci bəndlərində və ikinci hissəsində nəzərdə tutulan hallarda - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

2.1.2. həmin Qanunun 8-ci maddəsinin birinci hissəsinin 6-cı və 9-cu bəndlərində nəzərdə tutulan hallarda - Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;

2.1.3. həmin Qanunun 8-ci maddəsinin birinci hissəsinin 7-ci bəndində nəzərdə tutulan hallarda:

2.1.3.1. cinayət törətməkdə şübhəli bilinən, təqsirləndirilən şəxslərə münasibətdə - təhqiqat orqanları, ibtidai istintaq orqanları və ya həmin orqanların tapşırığı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

2.1.3.2. məhkum olunmuş şəxslərə münasibətdə - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi;

2.1.3.3. inzibati qaydada həbs edilmiş şəxslərə münasibətdə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi;

2.1.4. həmin Qanunun 8-ci maddəsinin birinci hissəsinin 8-ci bəndində nəzərdə tutulan hallarda - öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti;

2.2. həmin Qanunun 1-ci maddəsinin 1-ci bəndində, 10-cu maddəsinin ikinci hissəsində (birinci halda) və üçüncü hissəsinin 3-cü bəndində, 11-ci maddəsinin ikinci və üçüncü hissələrində, 12-ci maddəsinin birinci abzasında və 17-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini bu Fərmanın 2.1-ci bəndində göstərilən dövlət orqanları öz səlahiyyətləri daxilində həyata keçirirlər;

2.3. həmin Qanunun 9-cu maddəsinin ikinci hissəsində, 10-cu maddəsinin ikinci hissəsində (ikinci halda), 13-cü maddəsinin ikinci hissəsində, 14-cü maddəsinin birinci hissəsində (hər üç halda) və ikinci hissəsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi həyata keçirir.”

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 aprel 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin