Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASINDA DÖVRİYYƏYƏ BURAXILMIŞ DÖVLƏT ÖZƏLLƏŞDİRMƏ PAYLARINDAN (ÇEKLƏRİNDƏN) ÖZƏLLƏŞDİRMƏ PROSESİNDƏ İSTİFADƏNİN TƏMİN OLUNMASI SAHƏSİNDƏ ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) özəlləşdirmə prosesində daha geniş şəkildə istifadənin təmin olunması məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 10 avqust tarixli 383 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, III kitab, maddə 606; 2001-ci il, № 10, maddə 640; 2002-ci il, № 4, II kitab, maddə 189; № 6, maddə 432, № 10, maddə 592; 2003-cü il, № 10, maddələr 566, 569; 2004-cü il, № 6, maddə 432; 2005-ci il, № 5, maddələr 400, 403, 405; 2006-cı il, № 7, maddə 590, № 8, maddə 678, № 9, maddə 742) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı”nın 1.5-ci bəndində və 10.4-cü bəndinin ikinci abzasında “2008-ci” rəqəmi “2010-cu” rəqəmi ilə əvəz edilsin.

2. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 23 dekabr tarixli 432 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 844; 2001-ci il, № 7, maddə 470, № 10, maddə 640; 2002-ci il, № 12, maddə 725; 2003-cü il, № 9, maddə 475, № 10, maddələr 569, 585; 2004-cü il, № 9, maddə 678; 2005-ci il, № 5, maddə 400; 2006-cı il, № 7, maddə 590; 2007-ci il, № 6, maddə 599) ilə təsdiq edilmiş “Dövlət özəlləşdirmə opsionları haqqında Əsasnamə”nin 12-ci bəndi aşağıdakı redaksiyada verilsin:

“12. Özəlləşdirmə opsionları 2010-cu il yanvarın 1-dək tədavüldədir.”

3. “Azərbaycan Respublikasında dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarından (çeklərindən) istifadənin müddətinin uzadılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 11 iyun tarixli 75 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 6, maddə 432; 2006-cı il, № 7, maddə 590) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 1.1-ci bəndində “2008-ci” rəqəmi “2010-cu” rəqəmi ilə əvəz edilsin;

3.2. 3.1.2-ci bəndi çıxarılsın.

4. Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi dövriyyəyə buraxılmış dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövlət əmlakının özəlləşdirilməsində daha geniş istifadəsi üçün zəruri tədbirlərin görülməsini təmin etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

5.1. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

5.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

5.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

6. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 noyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin