Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASINDA İDXAL-İXRAC ƏMƏLİYYATLARININ TƏNZİMLƏNMƏSİ QAYDALARININ TƏKMİLLƏŞDİRİLMƏSİ SAHƏSİNDƏ ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarını tənzimləyən qaydaların daha da sadələşdirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasında xarici ticarətin daha da liberallaşdırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyun tarixli 609 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na aşağıdakı dəyişikliklər və əlavələr edilsin:

1.1. preambulanın birinci abzası aşağıdakı redaksiyada verilsin:

“Azərbaycan Respublikasında bütün rezidentlər və qeyri-rezidentlər (bundan sonra - şəxslər) tərəfindən idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi bu Qaydalarla tənzimlənir.”;

1.2. preambulanın ikinci abzasında, 1.1-ci, 4.4-cü, 5.2-ci, 5.4-cü, 6.1-ci, 6.3-cü, 9.4-cü, 9.5-ci, 10.2-ci, 11.1-ci, 13.1-ci, 14.4-cü, 14.8-ci və 15.1-ci bəndlərdə “rezidentlər” sözü “şəxslər” sözü ilə, 6-cı bəndin adında və 6.2-ci bənddə isə “rezidentlərin” sözü “şəxslərin” sözü ilə əvəz edilsin;

1.3. 7-ci bəndin adında “Nazirlər Kabineti tərəfindən” sözləri “Nazirlər Kabinetinin sərəncamı əsasında” sözləri ilə əvəz edilsin;

1.4. 8.1-ci bənd aşağıdakı redaksiyada verilsin:

“8.1. Bu Qaydaların 2 nömrəli əlavəsində göstərilən malların (xidmətlərin və əqli mülkiyyətin) ixracı və idxalı həmin əlavədə göstərilən müvafiq dövlət orqanlarının rəyi alınmaqla həyata keçirilir.”;

1.5. 12-ci bəndin mətni aşağıdakı redaksiyada verilsin;

“12.1. Dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr tərəfindən malların (xidmətlərin və əqli mülkiyyətin) satışı yalnız onların haqqının qabaqcadan ödənilməsi, yaxud geri çağırılmayan akkreditiv açılması yolu ilə və ya bank zəmanəti əsasında həyata keçirilir.

12.2. 12.1-ci bənddə göstərilən müəssisələr tərəfindən satılan malların (xidmətlərin və əqli mülkiyyətin) Azərbaycan Respublikası ərazisindən çıxarılmasına gömrük orqanları tərəfindən yalnız onların haqqının ödənildiyi, yaxud akkreditiv və ya bank zəmanəti təqdim edildiyi barədə Azərbaycan Respublikasında valyuta əməliyyatlarının aparılması üçün icazəsi olan müvafiq müvəkkil bankların bunu təsdiqləyən sənədi təqdim olunduqda icazə verilir.”;

1.6. 14.1-ci bənddə “rezidentlər” sözü “dövlət müəssisələri və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisələr” sözləri ilə əvəz edilsin;

1.7. 14.1.1-ci bəndin dördüncü abzası çıxarılsın və beşinci abzası dördüncü abzas hesab edilsin;

1.8. 14.1.2-ci bəndin üçüncü və dördüncü abzasları, 14.2-ci və 14.3-cü bəndlər çıxarılsın;

1.9. 14.5.1-ci bənd üzrə:

1.9.1. beşinci abzas aşağıdakı redaksiyada verilsin:

“Dövlət müəssisəsi və ya əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisə tərəfindən ixrac olunan malların haqqının qabaqcadan ödənilməsi, yaxud akkreditiv açılması və ya bank zəmanəti təqdim edildiyi barədə müvafiq müvəkkil bankın sənədi;”;

1.9.2. altıncı abzasda “İqtisadi İnkişaf Nazirliyinin müsbət rəyi” sözləri “müvafiq dövlət orqanının rəyi” sözləri ilə əvəz edilsin;

1.9.3. aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:

“bu Qaydalarda nəzərdə tutulan hallarda dövlət müəssisəsi və ya əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisə tərəfindən bağlanmış müqavilənin İqtisadi İnkişaf Nazirliyində qeydiyyatdan keçməsini təsdiq edən sənəd.”;

1.10. 14.5.2-ci bənd üzrə:

1.10.1. on birinci abzasında “İqtisadi İnkişaf Nazirliyinin ekspertizasının müsbət rəyi” sözləri “müvafiq dövlət orqanının rəyi” sözləri ilə əvəz edilsin;

1.10.2. aşağıdakı məzmunda on ikinci abzas əlavə edilsin:

“bu Qaydalarda nəzərdə tutulan hallarda dövlət müəssisəsi və əmlakında dövlətin yekun payı 50 faizdən yuxarı olan digər müəssisə tərəfindən bağlanmış müqavilənin İqtisadi İnkişaf Nazirliyində qeydiyyatdan keçməsini təsdiq edən sənəd.”;

1.11. VII fəslin adında “Əsasnamənin” sözü “Qaydaların” sözü ilə əvəz edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:

2.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri 14 may 2010-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin