Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASINDA ÖDƏNİŞ SİSTEMLƏRİNİN TƏKMİLLƏŞDİRİLMƏSİ SAHƏSİNDƏ ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

Azərbaycan Respublikasında ödəniş sistemlərinin inkişaf etdirilməsini, iqtisadi fəaliyyət göstərən şəxslərin və əhalinin elektron ödəniş sistemlərindən daha fəal istifadə etməsini, dövriyyədə olan nağd pul kütləsinin nağdsız dövriyyə ilə əvəz edilməsini, habelə Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin inkişafı üzrə 2005-2007-ci illər üçün Dövlət Proqramının tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki:

1.1. Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən bütün təşkilatlarda, habelə dövlət müəssisələrində və səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan səhmdar cəmiyyətlərində əməkhaqlarının 2006-cı il 1 yanvar tarixindən başlayaraq ödəniş kartları vasitəsilə ödənilməsi üçün tədbirlər görsün.

1.2. Pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrində müştərilərlə hesablaşmaların ödəniş kartları vasitəsilə aparılması məqsədi ilə Pos-terminalların tətbiq edilməsi üçün:

1.2.1. Azərbaycan Respublikasının Milli Bankı ilə birlikdə Pos-terminalların istismar və istifadə edilmə qaydalarını bu sahədə mövcud olan beynəlxalq standartlara uyğun olaraq bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidenti ilə razılaşmaqla təsdiq etsin;

1.2.2. Azərbaycan Respublikasının Vergilər Nazirliyi, Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Azərbaycan Respublikasının Milli Bankı ilə birlikdə Pos-terminalların quraşdırılması məqsədəmüvafiq hesab edilən pərakəndə ticarət, iaşə və digər xidmət müəssisələrinin müəyyənləşdirilməsi meyarlarını və ərazilər üzrə Pos-terminal aparatlarının mərhələlərlə tətbiq edilməsi cədvəlini bir ay müddətində hazırlayıb təsdiq etsin;

1.2.3. Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə birlikdə Pos-terminal aparatları quraşdırılan obyektlərdə keyfiyyətli və davamlı rabitənin təmin edilməsi üçün tədbirlər görsün.

2. Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinə tapşırılsın ki, Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu üçün 2006-cı il Azərbaycan Respublikasının dövlət büdcəsindən ayrılan vəsait hesabına Pos-terminalların quraşdırılmasının maliyyələşdirilməsi məqsədi ilə müvəkkil banklara kreditlərin ayrılması üçün müəyyən edilmiş qaydada tədbirlər görsün.

3. Bu sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 noyabr 2005-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin