Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİ VAHİDLƏRİNİN VƏ İNZİBATİ ƏRAZİ DAİRƏLƏRİNİN DÖVLƏT REYESTRİNİN APARILMASI VƏ ONLARA ŞƏHADƏTNAMƏNİN VERİLMƏSİ HAQQINDA” ƏSASNAMƏNİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUNDA DƏYİŞİKLİKLƏR VƏ ƏLAVƏLƏR EDİLMƏSİ HAQQINDA” AZƏRBAYCAN RESPUBLİKASI QANUNUNUN TƏTBİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

“Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, iki ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. mövcud ərazi vahidləri və inzibati ərazi dairələri barədə məlumatların Ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilməsini (Ərazi vahidlərinin Dövlət reyestrinin formalaşdırılması) 2011-ci il sentyabrın 1-dək başa çatdırmaq məqsədi ilə ərazi vahidlərinin və inzibati ərazi dairələrinin “Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında Əsasnamə”nin 8.1.1-ci və 8.2.1-ci bəndlərində nəzərdə tutulmuş xəritələrin hazırlanmasının sürətləndirilməsi üçün zəruri xüsusi avadanlıq, nəqliyyat vasitələri və digər ləvazimatların alınmasına tələb olunan zəruri maliyyə vəsaitinin Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə ayrılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.4. öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə tapşırılsın ki, Ərazi vahidlərinin Dövlət reyestrinin mərhələli şəkildə formalaşdırılmasını 2011-ci il sentyabrın 1-dək başa çatdırmaq məqsədi ilə ərazi vahidlərinin və inzibati ərazi dairələrinin xəritələrinin Ərazi vahidlərinin Dövlət reyestrini aparan orqana təqdim edilməsini təmin etsin və görülən işlər barədə hər rüb Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına məlumat versin.

3. Yerli icra hakimiyyəti orqanlarına tapşırılsın ki, Ərazi vahidlərinin Dövlət reyestrinin formalaşdırılması üçün öz səlahiyyətləri daxilində zəruri tədbirlər görsünlər.

4. "Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında" Əsasnamənin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 fevral tarixli 527 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007-ci il, № 2, maddə 93) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bənddə “və 8.5-ci” sözləri “, 8.2-ci və 8.7-ci” sözləri ilə əvəz edilsin;

4.2. 2.2-ci bənddə “və 8.2-ci” sözləri “, 8.1.2-ci və 8.2.2-ci” sözləri ilə əvəz edilsin;

4.3. 2.3-cü bənddə “3.4.3-cü və 8.3-cü” sözləri “8.1.1-ci və 8.2.1-ci” sözləri ilə əvəz edilsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 avqust 2009-cu il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin