Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“AZƏRBAYCAN RESPUBLİKASININ BƏZİ QANUNVERİCİLİK AKTLARINA ƏLAVƏLƏR VƏ DƏYİŞİKLİKLƏR EDİLMƏSİ BARƏDƏ” AZƏRBAYCAN RESPUBLİKASININ 2005-Cİ İL 23 DEKABR TARİXLİ 36-IIIQD NÖMRƏLİ QANUNUNUN TƏTBİQ EDİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI

“Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 23 dekabr tarixli 36-IIIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

1.1. qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 23 dekabr tarixli 36-IIIQD nömrəli Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

1.3. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş “müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini həyata keçirən icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.4. öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 23 dekabr tarixli 36-IIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

2. Bu Sərəncam dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 13 fevral 2006-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin