Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLIKASININ BƏZI QANUNVERICILIK AKTLARINA DƏYIŞIKLIKLƏR VƏ ƏLAVƏLƏR EDILMƏSI HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N4, II kitab, maddə 251, N5, maddə 323; 2001-ci il, N1, maddə 24, N7, maddə 455; 2002-ci il, N1, maddə 9, N5, maddələr 236, 248, 258, N6, maddə 326, N8, maddə 465) aşağıdakı məzmunda 213-1-ci maddə əlavə edilsin:

"Maddə 213-1. Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxma və ya idxal etmə

213-1.1. Aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə-

əmlakı müsadirə olunmaqla şərti maliyyə vahidinin min mislindən üç min mislinədək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdutlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

213-1.2. Eyni əməllər:

213-1.2.1. külli miqdarda törədildikdə;

213-1.2.2. təkrar törədildikdə;

213-1.2.3. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə-

əmlakı müsadirə olunmaqla üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd: bu maddədə "xeyli miqdar" dedikdə, şərti maliyyə vahidinin beş yüz mislindən, "külli miqdar" dedikdə isə şərti maliyyə vahidinin min mislindən yuxarı olan məbləğ başa düşülür."

II. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N3, I kitab, maddə 583; 2001-ci il, N9, maddə 576, N12, maddə 734; 2002-ci il, N12, maddə 704) 194.1-ci maddəsinin ikinci cümləsində "həmin mallar dövlət nəfinə alınır" sözləri "qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur" sözləri ilə əvəz edilsin və həmin maddənin üçüncü cümləsi çıxarılsın.

III. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, N8, I kitab, maddə 584; 2001-ci il, N1, maddə 24, N3, maddə 139, N7, maddə 455, N11, maddələr 680, 698, N12, maddə 731; 2002-ci il, N1, maddə 9, N4, I kitab, maddə 165, N5, maddələr 234, 237, 239, N6, maddə 326, N8, maddə 463, N12, maddə 692; 2003-cü il, N1, maddələr 3, 13, 23, Azərbaycan Respublikasının 2003-cü il 1 mart tarixli 422-IIQD saylı, 25 mart tarixli 427-IIQD və 428-IIQD saylı Qanunları) aşağadakı dəyişikliklər və əlavələr edilsin:

1. 229-cu maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 229. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan satılması, satış məqsədi ilə saxlanması və ya istehsal binasının hüdudlarından kənara çıxarılması

Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda satılmasına, satış məqsədi ilə saxlanmasına və ya istehsal binasının hüdudlarından kənara çıxarılmasına görə-

aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə fiziki şəxslər şərti maliyyə vahidinin otuz beş mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin səksən mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz mislindən üç yüz mislinədək miqdarda cərimə edilir.

Qeyd: bu maddədə "az miqdarda" dedikdə, şərti maliyyə vahidinin beş yüz mislinədək olan miqdarı başa düşülür".

2. 293-cü maddənin adında və dizpozisiyasında "və ya aksiz markası ilə markalanmalı olan" və "və ya marka" sözləri çıxarılsın.

3. Məcəlləyə aşağıdakı məzmunda 293-1-ci maddə əlavə edilsin:

"Maddə 293-1. Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan idxal edilməsi

Aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan az miqdarda idxal edilməsinə görə-

aksiz markası olmayan məhsullar (mallar) müsadirə edilməklə fiziki şəxslər şərti maliyyə vahidinin otuz beş mislindən qırx mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin səksən mislindən doxsan mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz mislindən üç yüz mislinədək miqdarda cərimə edilir.

Qeyd: bu maddədə "az miqdarda" dedikdə, şərti maliyyə vahidinin beş yüz mislinədək olan miqdarı başa düşülür".

4. 360.1-ci maddədə "293" rəqəmindən sonra "293-1.2" rəqəmi əlavə edilsin.

IV. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Heydər ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 20 iyun 2003-il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin