Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ DAŞINMAZ ƏMLAKIN DÖVLƏT REYESTRİ XİDMƏTİ TƏRƏFİNDƏN VERİLƏN “TORPAQ SAHƏSİNİN PLANI VƏ ÖLÇÜSÜ”NÜN TƏSVİRİ

Azərbaycan Respublikası Prezidentinin
2007-ci il 28 fevral tarixli Fərmanı ilə

təsdiq edilmişdir

 

1. Bu sənəddə qanunvericiliklə müəyyən edilmiş hallarda Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti (bundan sonra - Reyestr Xidməti) tərəfindən verilən “Torpaq sahəsinin planı və ölçüsü” (bundan sonra - plan və ölçü) təsvir edilir.
2. Plan və ölçü Azərbaycan Respublikasının dövlət dilində A4 formatlı xüsusi kağızda tərtib edilir. Plan və ölçü ciddi hesabat sənədidir və seriya nömrəsinə malikdir.
3. Reyestr Xidməti tərəfindən verilən plan və ölçüdə aşağıdakılar göstərilir:
3.1. Reyestr Xidmətinin tam adı və torpaq sahəsinin yerləşdiyi müvafiq rayon (şəhər) ərazi idarəsinin adı;
3.2. torpaq sahəsinin ünvanı və ya yerləşdiyi ərazi;
3.3. qanunvericiliyə uyğun olaraq torpaq sahəsinə daşınmaz əmlak obyekti kimi verilən reyestr nömrəsi;
3.4. torpaq sahəsi üzərində hüquq sahibinin soyadı, adı, atasının adı, (hüquqi şəxs olduqda - tam adı, hüquqi ünvanı);
3.5. Reyestr Xidmətinin müvafiq ərazi idarəsinin möhür yeri, rəisinin adı, soyadı, atasının adı, plan və ölçünü tərtib etmiş icraçının adı, atasının adı və soyadı;
3.6. plan və ölçünün tərtib edilmə tarixi;
3.7. torpaq sahəsinin təyinatı (kateqoriyası) və məqsədli istifadə növü (uqodiyası);
3.8. torpaq sahəsinin mülkiyyət növü (dövlət, bələdiyyə və xüsusi);
3.9. torpaq sahəsi üzərində daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınan hüququn növü;
3.10. torpaq sahəsinin müvafiq hüquq müəyyənedici sənədlərdə öz əksini tapmış sahəsi (ha);
3.11. torpaq sahəsinin inventarlaşdırma (çöl ölçmə) işləri nəticəsində müəyyən edilmiş faktiki sahəsi (ha);
3.12. plan və ölçünün tərtib edilməsi üçün əsas olan qanunvericilikdə nəzərdə tutulmuş sənədlərin rekvizitləri;
3.13. torpaq sahəsində mövcud olan servitutlar barədə məlumat;
3.14. ilkin torpaq ayırma sənədlərində müəyyənləşdirilən torpaq sahəsinin əsas göstəriciləri (o cümlədən, torpaq sahəsinin normativ qiyməti);
3.15. torpaq sahəsinin döngə nöqtələrinin koordinatları və onlar arasındakı məsafələr;
3.16. torpaq sahənin ölçüsünə müvafiq miqyasda tərtib olunmuş torpaq sahəsinin planı (cizgisi);
3.17. torpaq sahəsinin yerləşdiyi ərazini əhatə edən Daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarış;
3.18. şərti işarələr (Daşınmaz əmlakın rəqəmli kadastr xəritəsindən çıxarışda göstərilən işarələrin təsviri);
4. Plan və ölçü Reyestr Xidmətinin müvafiq rayon (şəhər) ərazi idarəsinin rəisi və həmin plan və ölçünü tərtib etmiş icraçı tərəfindən imzalanır, möhürlə təsdiq olunur.
5. Plan və ölçü itirildikdə, məhv olduqda və ya yararsız hala düşdükdə qanunvericilikdə müəyyən edilmiş qaydada dublikat verilir. Bu halda plan və ölçünün yuxarı sağ tərəfində iri hərflərlə “DUBLİKAT” ştampı vurulur və plan və ölçünü verən Reyestr Xidmətinin müvafiq rayon (şəhər) ərazi idarəsinin rəisi tərəfindən imzalanır və möhürlə təsdiq olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin