Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ DÖVLƏT ŞƏHƏRSALMA VƏ ARXİTEKTURA KOMİTƏSİ HAQQINDA ƏSASNAMƏNİN, KOMİTƏNİN STRUKTURUNUN TƏSDİQ EDİLMƏSİ, APARATININ İŞÇİLƏRİNİN SAY HƏDDİNİN MÜƏYYƏN EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin fəaliyyətini təmin etmək məqsədi ilə qərara alıram:

1. «Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).

2. «Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin strukturu» təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparatının işçilərinin say həddi 135 ştat vahidi müəyyən edilsin.

4. Bakı Şəhər İcra Hakimiyyətinin Bakı Dövlət Layihə İnstitutu Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyinə verilsin.

5. Ləğv edilmiş Dövlət Tikinti və Arxitektura Komitəsinin Sənaye Müəssisələri və Təmir-Tikinti Birliyi və Xüsusi İxtisaslaşdırılmış Tikinti-Quraşdırma İdarəsi Azərbaycan Respublikasının Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sərəncamına verilsin.

6. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

6.1. qüvvədə olan normativ hüquqi aktların bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

6.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

6.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

7. Bu Fərman dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 9 noyabr 2007-ci il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin