Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYASINDA DƏYİŞİKLİKLƏR EDİLMƏSİ MƏQSƏDİ İLƏ ÜMUMXALQ SƏSVERMƏSİ (REFERENDUM) KEÇİRİLMƏSİ HAQQINDA
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasına qoşulmasından, ölkəmizdə məhkəmə islahatlarının həyata keçirilməsindən irəli gələn, Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin və seçki sisteminin təkmilləşdirilməsi ilə əlaqədar yeni müddəaların Azərbaycan Respublikasının Konstitusiyasında əks etdirilməsi zərurətini əsas tutaraq, Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsinin II hissəsinin 1-ci bəndinə və 109-cu maddəsinin 19-cu bəndinə müvafiq olaraq qərara alıram:

1. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” referendum aktının layihəsi ümumxalq səsverməsinə (referenduma) çıxarılsın (layihə əlavə olunur).

2. Ümumxalq səsverməsi (referendum) 2002-ci il avqustun 24-nə təyin edilsin.

3. “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının referendum aktının layihəsi bu Fərman imzalandığı gündən başlayaraq, 48 saat müddətində kütləvi informasiya vasitələrində dərc edilsin.

4. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası ümumxalq səsverməsinin (referendumun) bu Fərmanın 2-ci bəndində göstərilən tarixdə keçirilməsini təmin etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, ümumxalq səsverməsinin (referendumun) maliyyələşdirilməsi ilə əlaqədar zəruri tədbirləri həyata keçirsin.

6. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 iyun 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin