Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ XİDMƏTİ HAQQINDA
ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin

2009-cu il 16 iyul tarixli Fərmanı ilə təsdiq edilmişdir

I. Ümumi müddəalar

1. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti (bundan sonra – Maliyyə Monitorinqi Xidməti) Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 23 fevral tarixli 66 nömrəli Fərmanı ilə yaradılmışdır.

2. Maliyyə Monitorinqi Xidməti Azərbaycan Respublikasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində (bundan sonra – müvafiq sahədə) qanunvericiliklə və bu Əsasnamə ilə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən dövlət orqanıdır.

3. Maliyyə Monitorinqi Xidməti öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununu və digər normativ hüquqi aktlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, müvafiq beynəlxalq standartları, habelə bu Əsasnaməni rəhbər tutur.

4. Maliyyə Monitorinqi Xidməti öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən digər dövlət orqanları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.

5. Maliyyə Monitorinqi Xidməti fəaliyyətini insan və vətəndaş hüquq və azadlıqlarına hörmət, qanunçuluq və humanizm prinsipləri əsasında qurur.

6. Maliyyə Monitorinqi Xidməti müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, bank hesablarına, üzərində Azərbaycan Respublikasının Dövlət gerbinin təsviri və öz adı həkk olunmuş möhürə, müvafiq ştamplara və blanklara malikdir.

7. Maliyyə Monitorinqi Xidmətinin saxlanma xərcləri və fəaliyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra – Mərkəzi Bank) tərəfindən və qanunvericiliklə nəzərdə tutulan mənbələr hesabına maliyyələşdirilir.

8. Maliyyə Monitorinqi Xidməti Bakı şəhərində yerləşir.

II. Maliyyə monitorinqi xidmətinin fəaliyyət istiqamətləri

9. Maliyyə Monitorinqi Xidmətinin fəaliyyət istiqamətləri aşağıdakılardır:

9.1. müvafiq sahədə dövlət siyasətini həyata keçirir və nəzarəti təmin edir;

9.2. müvafiq sahədə monitorinq iştirakçılarının, monitorinqdə iştirak edən digər şəxslərin, nəzarət və digər dövlət orqanlarının fəaliyyətini əlaqələndirir, onlardan daxil olan məlumatları toplayır və təhlil edir;

9.3. müvafiq sahədə vahid informasiya sisteminin tətbiqini təmin edir;

9.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.

III. Maliyyə monitorinqi xidmətinin vəzifələri

10. Maliyyə Monitorinqi Xidməti bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri həyata keçirir:

10.1. müvafiq sahədə monitorinqi həyata keçirir, daxil olmuş məlumatlara baxır, araşdırma aparır və nəticələrinə uyğun olaraq tədbirlər görür;

10.2. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin vəziyyətini öyrənir, təhlil edir, bununla bağlı təklif və tövsiyələr hazırlayır;

10.3. monitorinq olunmalı əməliyyatların aşkarlanması meyarlarını (xüsusi indikatorları) müəyyən edir;

10.4. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş məlumatların Maliyyə Monitorinqi Xidmətinə təqdim edilməsi qaydalarını müəyyən edir;

10.5. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında, terrorçuluğun maliyyələşdirilməsində, transmilli mütəşəkkil cinayətkarlığı, habelə silahlı separatizmi, ekstremizmi və muzdluluğu dəstəkləməkdə, narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsində iştirakı ehtimal olunan, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumatlarının açıqlanması tələb olunmayan dövlətlərin siyahısını müəyyənləşdirir;

10.6. hüquqi şəxs olan monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən yaradılan daxili nəzarət sistemlərinin hazırlanmasına, habelə daxili nəzarət sisteminin təşkil olunması üzrə məsul şəxslərin peşə ixtisasına və təcrübəsinə dair tələbləri müəyyən edir;

10.7. monitorinq iştirakçılarının və monitorinqdə iştirak edən digər şəxslərin fəaliyyətinə nəzarət edən orqan nəzərdə tutulmadığı halda, onlar tərəfindən müvafiq sahədə tələblərin yerinə yetirilməsinə nəzarət edir;

10.8. müvafiq dövlət orqanları ilə razılaşdırılmaqla cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı hüquqpozmalar barədə statistik məlumatların təqdim olunma formasını müəyyən edir;

10.9. aparılmış təhlil nəticəsində həyata keçirilən əməliyyatda cinayət əlamətlərinin olduğunu müəyyən etdikdə, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması ilə bağlı məlumatları prokurorluq orqanlarına, terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı məlumatları isə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə təqdim edir və görülmüş tədbirlər barədə həmin orqanlardan informasiya əldə edir;

10.10. monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl edilməməsinə dair məlumat əldə etdikdə həmin məlumatı göstərilən şəxslərə qarşı inzibati və ya qanunvericilikdə nəzərdə tutulmuş digər tədbirlərin tətbiq edilməsi üçün müvafiq nəzarət orqanlarına təqdim edir və görülmüş tədbirlər barədə həmin orqanlardan informasiya əldə edir;

10.11. aşağıdakı məqsədlərlə mərkəzləşdirilmiş elektron–informasiya sistemlərinin təşkilini təmin edir:

10.11.1. müvafiq sahədə təqdim olunan məlumatların vahid şəkildə toplanması;

10.11.2. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasında və terrorçuluğun maliyyələşdirilməsində iştirakı barədə Maliyyə Monitorinqi Xidmətinin məlumatı olan hüquqi və fiziki şəxslərin qeydiyyata alınması;

10.11.3. xüsusi indikatorlar əsasında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi hallarının müəyyən edilməsi;

10.12. müvafiq sahədə beynəlxalq təcrübəni öyrənir və səmərəli üsul və vasitələrin tətbiqi üzrə təkliflər verir, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin həyata keçirilməsində iştirak edir və beynəlxalq öhdəliklərinin icrasını öz səlahiyyətləri daxilində təmin edir;

10.13. fəaliyyət istiqamətləri üzrə müvafiq statistik hesabatlar aparır;

10.14. öz fəaliyyəti ilə bağlı dövri hesabatlar (müvafiq sahədə həyata keçirilmiş tədbirlərə, statistik göstəricilərə və sair) dərc etdirir;

10.15. müvafiq sahədə monitorinq iştirakçıları və monitorinqdə iştirak edən digər şəxslər tərəfindən təqdim edilmiş məlumatların müqabilində onları əldə edilmiş nəticələr haqqında məlumatlandırır;

10.16. öz fəaliyyəti ilə bağlı ayrılan maliyyə vəsaitlərindən, qrantlardan və digər ödəmələrdən səmərəli istifadə olunmasını təmin edir, onların müəyyən olunmuş qaydada uçotunu təşkil edir;

10.17. fəaliyyəti nəticəsində əldə olunmuş məlumatların məxfiliyini qoruyur, habelə bu məlumatların təhlükəsizliyinin təmin olunması sistemini təşkil edir;

10.18. arxiv sənədlərinin müəyyən edilmiş qaydada saxlanılmasını və mühafizəsini təmin edir;

10.19. beynəlxalq təcrübə nəzərə alınmaqla Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətində müasir informasiya və kommunikasiya texnologiyalarının tətbiqi üçün zəruri işlər görür;

10.20. əməkdaşların peşəkarlıq səviyyəsinin artırılması üçün müvafiq tədbirlər həyata keçirir, onların zəruri təhsil və treninq proqramlarında iştiraklarını təmin edir;

10.21. fiziki və hüquqi şəxslərin müraciətlərinə vaxtında baxılmasını və cavablandırılmasını təmin edir;

10.22. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir.

IV. Maliyyə monitorinqi xidmətinin hüquqları

11. Maliyyə Monitorinqi Xidməti öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqlara malikdir:

11.1. müvafiq sahədə qanunvericiliyin təkmilləşdirilməsi prosesində iştirak edir və təkliflər verir;

11.2. müvafiq sahədə tədqiqatlar aparır, analitik və metodiki materiallar hazırlayır;

11.3. qanunvericilikdə nəzərdə tutulmuş qaydada pul vəsaitləri və ya digər əmlakla əməliyyatların aparılmasını dayandırır, müvafiq sahədə icrası məcburi olan qərarlar qəbul edir və göstərişlər verir;

11.4. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun məqsədləri üçün monitorinq iştirakçılarından, monitorinqdə iştirak edən digər şəxslərdən, nəzarət orqanlarından məlumatlar əldə edir, toplayır və təhlil edir, habelə digər dövlət orqanlarının məlumat bazalarından qanunvericiliklə müəyyən edilmiş qaydada istifadə edir;

11.5. cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar daxil olan məlumatların araşdırılması məqsədilə və ya zərurət yarandığı halda müvafiq sorğu göndərməklə monitorinq iştirakçılarından, monitorinqdə iştirak edən digər şəxslərdən, nəzarət orqanlarından və digər dövlət orqanlarından əlavə məlumat alır;

11.6. səlahiyyətlərinə aid edilən məsələlər üzrə Azərbaycan Respublikasının digər dövlətlərlə və beynəlxalq təşkilatlarla əlaqələrini təmin edir, digər dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq edir, qanunvericiliklə müəyyən edilmiş qaydada beynəlxalq müqavilələr bağlayır, habelə ixtisaslaşdırılmış beynəlxalq qurumlara üzv olur;

11.7. Maliyyə Monitorinqi Xidmətinin fəaliyyət istiqamətlərinə aid edilən məsələlər üzrə beynəlxalq sənədlərə Azərbaycan Respublikasının tərəfdar çıxması barədə təşəbbüslə çıxış edir;

11.8. müvafiq sahədə konfransların, seminarların, forumların, treninqlərin və digər tədbirlərin keçirilməsini təşkil edir, belə tədbirlərdə iştirak edir;

11.9. idarələrarası əlaqələndirmə və məşvərət orqanları, işçi qruplar yaradır, ekspertləri və mütəxəssisləri öz işinə cəlb edir, müstəqil araşdırmaların aparılmasını sifariş edir;

11.10. qanunvericiliklə müəyyən edilmiş qaydada mətbu nəşrlər təsis etməklə xüsusi bülletenlər və digər nəşrlər buraxır;

11.11. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada sərəncamında olan dövlət əmlakı barəsində hüquqları həyata keçirir;

11.12. fəaliyyət istiqamətinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirir.

V. Maliyyə monitorinqi xidmətinin fəaliyyətinin təşkili

12. Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən Maliyyə Monitorinqi Xidmətinin direktoru rəhbərlik edir.

13. Maliyyə Monitorinqi Xidməti direktorunun Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır.

14. Maliyyə Monitorinqi Xidmətinin direktoru:

14.1. Maliyyə Monitorinqi Xidmətinin işini təşkil edir və cari fəaliyyətinə rəhbərlik edir;

14.2. Maliyyə Monitorinqi Xidmətinin direktor müavininin səlahiyyətlərini müəyyən edir;

14.3. Maliyyə Monitorinqi Xidmətinin digər əməkdaşlarını vəzifəyə təyin və vəzifədən azad edir;

14.4. Maliyyə Monitorinqi Xidmətinin struktur bölmələrinin əsasnamələrini və əməkdaşlarının vəzifə təlimatlarını təsdiq edir, onların fəaliyyətinə nəzarət edir;

14.5. Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinə dair icrası məcburi olan əmrlər və sərəncamlar verir;

14.6. Maliyyə Monitorinqi Xidmətinin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını və göstərişlərini ləğv edir;

14.7. etibarnamə təqdim etmədən Azərbaycan Respublikasının və xarici ölkələrin dövlət qurumları ilə və digər şəxslərlə münasibətlərdə Maliyyə Monitorinqi Xidmətini təmsil edir, verilmiş səlahiyyətlər daxilində xarici ölkələrin müvafiq dövlət orqanları ilə və beynəlxalq təşkilatlarla danışıqlar aparır, beynəlxalq danışıqlarda iştirak edir, müəyyən edilmiş qaydada beynəlxalq sənədləri imzalayır;

14.8. Maliyyə Monitorinqi Xidmətinə ayrılmış vəsaitlərin səmərəli xərclənməsini təmin edir;

14.9. Maliyyə Monitorinqi Xidmətinin fəaliyyəti barədə Azərbaycan Respublikasının Prezidentinə üç ayda bir dəfə hesabat verir;

14.10. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.

15. Maliyyə Monitorinqi Xidmətinin direktoru və direktor müavini Maliyyə Monitorinqi Xidmətinə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün məsuliyyət daşıyırlar.

16. Maliyyə Monitorinqi Xidmətinin direktoru olmadıqda onun səlahiyyətləri Maliyyə Monitorinqi Xidmətinin direktor müavini tərəfindən həyata keçirilir. Maliyyə Monitorinqi Xidmətinin direktor müavini olmadıqda həmin səlahiyyətlər Maliyyə Monitorinqi Xidmətinin direktorunun müəyyən etdiyi Maliyyə Monitorinqi Xidmətinin digər vəzifəli şəxsi tərəfindən həyata keçirilir.

17. Maliyyə Monitorinqi Xidmətinin strukturu, ştat cədvəli və xərclər smetası Mərkəzi Bankın sədri tərəfindən təsdiq edilir.

18. Maliyyə Monitorinqi Xidmətinin direktorunun aylıq vəzifə maaşı və digər təminatları Mərkəzi Bankın sədrinin birinci müavininin, onun müavininin aylıq vəzifə maaşı və digər təminatları Mərkəzi Bankın sədrinin müavininin, Maliyyə Monitorinqi Xidmətinin əməkdaşlarının aylıq vəzifə maaşları və digər təminatları isə Mərkəzi Bankın əməkdaşlarının aylıq vəzifə maaşlarına və digər təminatlarına bərabər tutulur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin