RƏSMİ SƏNƏDLƏR


AZƏRBAYCAN RESPUBLİKASININ MƏRKƏZİ BANKI YANINDA MALİYYƏ MONİTORİNQİ XİDMƏTİ HAQQINDA ƏSASNAMƏNİN TƏSDİQ EDİLMƏSİ BARƏDƏ
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təmin edilməsi məqsədi ilə qərara alıram:

1. “Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikasının Mərkəzi Bankı:

2.1. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin strukturunu və ştat cədvəlini 15 gün müddətində təsdiq etsin;

2.2. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:

3.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

3.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. Azərbaycan Respublikasının Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidmətinin fəaliyyətinin təşkili üçün müvafiq binanın ayrılması və maddi-texniki təminatı ilə bağlı məsələləri həll etsin;

3.4. öz səlahiyyətləri daxilində bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 16 iyul 2009-cu il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin